Keçid linkləri

Təcili xəbərlər

Qarın yazısı


Arxiv foto
Arxiv foto
İllər öncə, çimərlikdə saatlarla, günlərlə avaralanan vaxtlarımda qəribə, mənası mənə gülməli və eyni zamanda fəlsəfi görünən mənzərə ilə rastlaşdım: arıq, yaşlı kişinin batıq qarnında belə bir tatu – döymə yazı vardı:

«Nə vaxtacan sənə işləyəcəm?»
Yadıma düşməsi səbəbsiz deyil. Azərbaycan rəhbərliyi ölkənin inkişaf səviyyəsi və inkişaf templərinə dair müxtəlif rəqəmlərlə, göstəricilərlə öyünməyi xoşlayır. «Eurovision» mahnı müsabiqəsindəki qələbə, müsabiqəni bu il Bakıda keçirmək hüququnun qazanılması, dünyada ən hündür bayraq dirəyi, - hərçənd, ən hündürü deyil artıq, - dünyada ən hündür bina tikintisinin layihəsi... Bütün bunlar iqtidarın böyük qürrə mənbəyidir.
Amma mənə nə? Rüşvətxorluğun geniş yayılması, biznes mühitinin bədbəxt vəziyyəti, polis zorakılığı, baha qiymətlər və ucuz maaşlar isə rəhbərliyi heç də utandırmir. İnsan haqları, söz və mətbuat azadlığının durumu sahəsindəki göstəricilərinə görə ölkənin aşağı yerlərdə olmasından qətiyyən xəcalət çəkmirlər. Deyirlər ki, «Onlar subyektivdirlər», «Bizim uğurlarımıza», «analoquolmayan inkişafımıza paxıllıq edirlər», çünki biz müsəlman ölkəsiyik və s. Bəlkə də sözlərində haqq var.
Azərbaycanda fəaliyyət göstərən «İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi ABŞ Kənd Təsərrüfatı Departamentinin İqtisadi Araşdırmalar Xidmətinin hesabatına istinadən belə bir açıqlama yaydı ki, ailələrin ərzaq büdcəsinə dair göstəricilərə görə Azərbaycan dünyada birinci yerdədir. Bu nədir? Daha bir «dünya» göstəricisi? Tələsməyin.
Demə, Azərbaycanda əhalinin ərzaq xərcləri istehlak məhsullarına olan ümumi xərclərin
3/4 təşkil edir. Azərbaycan ailələrinin yeməyə verdiyi pul ümumi ailə büdcəsinin 71%-dir!
Bu o deməkdir ki, geyindiyimiz paltar-ayaqqabını, işə gedib-gəlmək üçün yolpulunu, ödədiyimiz kommunal xərclərini nəzərə almasaq, biz ancaq qarnımıza işləyirik, əziz oxucular!
Öz gəlirimə-çıxarıma baxıb bu qənaəti mən də təsdiqləyirəm. Hər şey düppədüz.
Çimərlikdə gördüyüm o döymə yazı necə də mənalıymış! Arıq luzer - uğursuz kişinin gəldiyi şəxsi qənaət bu gün «analoquolmayan inkişafda» olan ölkənin xalqına aid edilib, kiçik zümrəni çıxmaq şərtilə. «Haçanacan sənə işləyəcəm?».
Bu, daha bir «analoquolmayan» göstəricidi. Və bu münasibətlə sizi və özümü təbrik etmək də olar, oturub papağını qabağına qoyub fikirləşmək də, ağlamaq da...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG