Keçid linkləri

Mən bu yazıda eyni dərəcədə həm Osmanlı, həm də azəri türklərini nəzərdə tuturam. Çünki baş vermiş hadisə – Fransa Senatında məlum qanunun qəbul edilməsi onların maraqlarına fərqli dərəcədə təsir etmir, eyni qədər toxunur.

İndi ironiya vaxtı olmasa da, mənim yadıma Ü.Hacıbəylinin məşhur bir felyetonu düşür –söhbət bizim bir iş üçün necə toplaşıb, necə də evlərimizə dağılmağımızdan gedir. Nədən ermənilər son vaxtlar mütəmadi olaraq qalib gəlirlər? Bunun səbəbi nədir? Niyə biz belə sürprizlər yaşayırıq?

DAĞLIQ QARABAĞ FRANSA KONTEKSTİNDƏ

Məsələ də elə bundadır ki, bu məsələlər bizə sürpriz kimi görünür, amma ki, onlar sürpriz deyil. Biz Qarabağ probleminə Fransa kontekstindən yanaşsaq, gərək bir neçə 10 il geriyə gedək, çünki bu hadisələri ermənilər on illərdi ki, səbirlə irəli aparmaqda davam edirlər. Yaddaşımızı işə salsaq, nələri görüb, nələri xatırlayarıq?

1. Hələ SSRİ-nin dağılmasına bir müddət qalmış Fransa prezidenti F.Mitterrand SSRİ-dəki sərhədlərlə bağlı «narahatlıq» keçirirdi. O, deyirdi ki, SSRİ-nin daxilindəki sərhədlər siyasi deyil, inzibati - administrativ sərhədlərdir. Bu sərhədlər siyasi məzmun kəsb etmədiyindən onlara yenidən baxmaq lazım gələcək.

2. Dağlıq Qarabağla bağlı ilk siqnal məhz Fransadan yenidənqurma vaxtında gəldi. Akademik A.Aqanbeqyan ermənilərin niyyətini ilk dəfə açıq olaraq 1987-ci ildə məhz Fransada açıqlamışdı. Elə M.Qorbaçovun həyat yoldaşı R.Qorbaçova da özünün ilk qiymətli hədiyyəsini erməniəsilli fransalılardan almışdı.

F.Mitterrand və M.Qorbaçov - 1989
F.Mitterrand və M.Qorbaçov - 1989
3. Bir az da keçmişə getsək, erməni millətçiləri, o cümlədən də Azərbaycan xalqına qarşı qırğınlara rəhbərlik etmiş bəzi şəxslər məhz Fransa ərazisində məskunlaşmışdı.

Bu sıranı davam etmək olar. Mən məhz buna görə dedim ki, Dağlıq Qarabağ probleminə Fransa kontekstində baxsaq, gərəkdir ki, bir xeyli keçmişə gedək və tarixin bir az əvvəlki çağlarını araşdıraq. Elə «soyqırımı» məsələsi də indi başlamayıb. İlk cəhdlər, yəni bunun tanınmasına yönələn ilk cəhdlər ən azı yarım əsr bundan əvvələ təsadüf edir. Ermənilər uzun müddət davamlı işlər görüblər və indi də bunun nəticələrini əldə edirlər. Təbii ki, burada maraqlar söhbəti də var, müxtəlif maraqlar üst – üstə düşür.

1. İlk tədqiqatlar göstərir ki, N.Sarkozy'nin seçki şansları o qədər də böyük deyil və o, indi hətta saman çöpündən belə yapışmağa hazırdır.

2. Burada geosiyasi maraqları da istisna etmək lazım deyil. Eyni vaxtda bir neçə maraq üst – üstə düşür və bu, əsl siyasi rezonans yaradır. N.Sarkozy öz siyasətini Türkiyəyə səfər edən zaman bəyan etmişdi. O, demişdi ki, Avropa Türkiyəyə, Türkiyə də Avropaya ehtiyac duymur. Əslindəsə o, bu tezisin ilk hissəsini eşitdirmək istəyirdi. Türkiyə qarşısına elə tələblər qoyurlar ki, onu Avropa Birliyinə qəbul etmək şansı çox az olsun. Çünki bu prosesin nədən yubanmasını və Türkiyənin nədən Avropa Birliyinə qəbul edilməməsini izah etmək və bunu əsaslandırmaq ildən – ilə
N.Sarkozy və R.T.Ərdoğan, 3 noyabr 2011
N.Sarkozy və R.T.Ərdoğan, 3 noyabr 2011
çətinləşir.

BİZ BAŞIMIZI AĞRITMAQ İSTƏMƏYƏNDƏ...

Türklərin ermənilərə uduzmasının daha bir səbəbi var. Bizim hakimiyyət ərz edəndə ki, xalqımız siyasiləşmiş xalq deyil, bunun fəsadlarını da gözləməli və irəlicədən bilməli idi. Bizim xalq siyasətlə məşğul olmur. Ermənilər isə az qala kütləvi şəkildə siyasi fəaliyyətlə məşğuldur. Siyasətlə məşğul olmaq da o demək deyil ki, hamı öz qarşısına siyasi karyera etmək məqsədi qoysun. O mənada bu, kütləvi siyasətbazlıq olardı. Amma siyasətlə daha çox insan da məşğul olmalıdır ki, onların sırasından əsl siyasətçilər çıxmış olsun. Bəzən belə təsəvvür yaranır ki, ermənilərin bütün hərəkətlərinə hansısa bir mərkəz rəhbərlik edir. Təbii ki, koordinasiya var. Amma ermənilərin özləri təşəbbüs göstərir. Bizdə isə siyasətə qarşı bir etinasızlıq hökm sürür. Bizlər başımızı çox da siyasətlə ağrıtmaq istəmirik. Lakin onu unuduruq ki, siyasət adamın başını məhz ona biganə və etinasız olan vaxt ağrıdır. Çünki siyasət də gözəl qadın kimidir, özünə qarşı diqqətsizliyi sevmir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG