Keçid linkləri

Təcili xəbərlər

4 mart seçkisi. Güclü cəmiyyət olmasa...


Moskvada Putin əleyhinə etirazlar, 4 fevral 2012
Moskvada Putin əleyhinə etirazlar, 4 fevral 2012
«Mən ordu ilə döyüşməyə gəlmişdim, daha şaxta ilə yox!» - deyən Napoleon hesabatlarında «Rus ordusu olmasa da, rus şaxtası mənim ordumun axırına çıxdı» yazmağa məcbur olmuşdu. Rusiya müxalifətinin etirazı ərəfəsində bu maraqlı tarixi fakt birdən-birə yadıma düşdü. Elə gümanım da çin çıxdı. Bir qədər oxşar hadisə alındı. Şaxtaya və soyuğa baxmayaraq, etiraz aksiyasına çıxan insanlar bütün hallarda soyuq hava şəraitini nəzərə almalı oldular.

Bu detalın siyasətə həlledici təsir etdiyini mən də güman etmirəm. Lakin onu da nəzərə almaq lazımdır, çünki bəzən siyasi proseslərə elə faktorlar təsir edir ki, onları yalnız tarixi materializmi az qala din səviyyəsinə qaldıran marksist ideyaların daşıyıcıları görməyə bilər. Mən hələ ötən yazılarda Rusiyadakı bu proseslər haqda tərəddüdlərimi yazmışdım. Bir çox faktor vardı ki, prosesin elə də böyük vüsət almayacağını irəlicədən zənn etməyə təhrik edirdi. Lakin bu, siyasətdir, burada hər an nəsə dəyişə bilər. Ona görə də onu təhlil etmək heç də lüzumsuz məşğuliyyət deyil.

MÜXALİFƏT NƏ EDİR? AYAĞAYA QALXMAQ İSTƏYİR, YOXSA...

Rusiyada müxalifət artıq siyasətin birinci raundunu uduzub. Güman edirəm ki, bununla hamı razılaşar. Müxalifətin heç bir tələbi nəzər alınmadı, üstəlik, siyasətə iddialı olan müxalif liderlərdən birini – Q.Yavlinskini hətta qeydə almadılar. Seçki siyahısında M.Proxorovun adı olmasaydı, onu lap arxeoloji tapıntı adlandırmaq olardı. Qalanlar, necə deyərlər, «ştatlı müxalifətdir», bu adamlara elə bir ümid bəsləmək əbəsdir. Üstəlik, onlardan hər hansı birinin hakimiyyətə gəlməsi həm ölkə üçün, həm də elə bölgə üçün böyük fəsadlar yarada bilərdi. Bəs onda ümid nəyə qalır? Heç də bütün ölkələrdə proseslər seçki qutularında həll olunmur. Bu seçki artıq, necə deyərlər, əldən verilib.

Növbəti aksiyanın da fevralın 20-dən sonraya təyin olunması ümidləri lap azaldır. Lakin mən bu proseslərə də böyük bir məşq kimi baxıram.
Moskvada aksiya, 4 fevral 2012
Moskvada aksiya, 4 fevral 2012
Bəli, indi martın 4-də kimin prezident seçiləcəyi məsələsi həll olunmur, bu məsələni bitmiş hesab etmək olar – prezident V.Putin olacaq. İndi isə V.Putinin hansı ölkəni təhvil alacağı məsələsi həll olunur. Sonuncu da ciddi amildir. Məhz o amili nəzərə alaraq müşahidəçilər deyir ki, V.Putin də daha əvvəlki Putin ola bilməyəcək, çünki Rusiya daha əvvəlki Rusiya deyil! Məsələ bundadır! Lakin bu gümanlar nə qədər həqiqəti əks etdirir? Bu sualın cavabını müxalifət öz siyasi aksiyaları ilə verməli olacaq. Aksiyalar davamlı olsa və artan tempdə getsə, onda nəyəsə ümid etməyə dəyər.

Rusiyada bu gün təzədən müxalifət formalaşır, müxalif fikir yaranır. V.Putinin əvvəlki idarəçiliyi dövründə siyasi səhnə daha çox bir aktyorun teatrını xatırladırdı. İndisə bu səhnəyə daha bir iddialı var – bu da Rusiya cəmiyyətidir. Görünür, güclü müxalifət anlayışını da güclü cəmiyyət anlayışı ilə əvəz etmək lazım gələcək. Cəmiyyət özü güclü olsa o hakimiyyəti də, müxalifəti də dəyişmək iqtidarında ola bilər. Bu ötən illərin praktikasının gətirib çıxardığı nəticədir. Rusiyada müxalif səhnə çox da yeni adlarla zənginləşmədi. Bunun özü də düşündürücü məqamdır və bir az əvvəl qeyd etdiyimiz tezisin təsdiqidir. Təbii ki, cəmiyyət və müxalifət biri-biriylə bağlıdır. Amma bu bağlılıq birmənalı deyil. Ən azı həmin Rusiya adlı dövlətdə 95 il bundan əvvəl baş vermiş böyük dağıdıcı proseslər bunu təsdiq edir. Bolşeviklər müxalifət kimi çox güclü idi, bunu ən azı onların tam hakimiyyətə sahib olmaq üçün etdikləri əməllər sübut edir. Amma o vaxt da rus cəmiyyəti zəif idi və təsadüfi deyil ki, bu zəif cəmiyyət – güclü müxalifət tandemi ölkəni tam iflasa gətirib çıxardı.

Moskvada Putinə dəstək aksiyası, 4 fevral 2012
Moskvada Putinə dəstək aksiyası, 4 fevral 2012
90 – CI İLLƏR BU QƏDƏR QORXULUDURMU?

Ötən həftə təkcə müxalifətin aksiyası keçirilmədi, həm də putinçilər özlərini nümayiş etdirdilər. Sonuncuların şüarlarından bir məni çox düşündürdü. Bu şüar o idi ki, biz 90-cı illərə qayıtmaq istəmirik! İndi mən bunun detallarına o qədər də varmaq istəmirəm. İki məqamı qeyd edəcəm. İndi ölkədə müsbət məqam kimi qiymətləndirilən bir çox şeylərin bünövrəsi məhz 90-cı illərdə qoyulub. Yaddaşsız olmaq cəmiyyətin imtiyazıdır – bununla razıyıq. Amma ədalət və həqiqət naminə demək lazımdır ki, V.Putin öz hakimiyyəti dövrünü heç bir prinsipial və ciddi islahat aparmadan başa vurub. Bəs insanlar nəyə görə 90-cı illərdən bu qədər ehtiyat edir? Məsələ bundadır ki, onlar azadlıq adlanan neməti xaos, avtoritarizmi isə stabillik kimi qəbul edirlər. Problem də bundadır.

Cəmiyyətin yenidən azadlığa susamasına ehtiyac var. Bu, bir ildə də baş verə bilər, daha artıq müddətdə də. Hər halda, gözləməyə dəyər, ona görə ki, elə bir ölkənin taleyindən söhbət gedir ki, o ölkə hələ də təəssüf ki, başqa ölkələrin də daxili durumuna təsir etmək iqtidarındadır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG