Keçid linkləri

-

Əsasında populyar film çəkilmiş bir məşhur komediya əsəri var – Catch-22. Əsərin qəhrəmanı Amerika hərbi təyyarəçisi John Yossariandır. 1943-cü ildə İtaliyada yerləşmiş eskadriliyada xidmət edir.

Əsərə görə Yossarian qəribə bir psixoloji problem yaşayır. Ona elə gəlir ki, hamı onu öldürmək istəyir. Sübut üçün də uzağa getmir: “Mənə atəş açırlar!” – deyir. Ona bildirirlər ki, müharibədir sən də alman təyyarələri ilə döyüşə girən bir Amerika təyyarəçisisən.

“Bəs onda niyə mənə atəş açırlar?” – soruşur. Yenə ona deyirlər, çünki alman hərbçiləri bütün Amerikalılara atəş açırlar.

“Fərqi nədir?” - Yossarian hesab edir ki, bütün ikinci dünya müharibəsi bir oyundur ki, axırda onu öldürsünlər. Ona atəş açan düşmən tərəf də məhz onu öldürməyə çalışır. Onu hərbi tapşırığa göndərən komandanlıq da eyni işi görür. Yossarian üçün bütün olaylar şəxsi xarakter daşıyır. Bir dəfə də ağlına gətirmir ki, ona atəş açırlar çünki müharibə gedir, o da qarşıduran tərəflərdən biridir.

Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı çıxışına baxırdım. Almaniya xarici siyasət və təhlükəsizlik institutunun direktoru Volker Perthesin naqolay bir sualı və prezident İlham Əliyevin həmin suala cavabı oxşar bir psixoloji tablo yaratdı.

Alman təhlilçi nəyə qayğılı idi?

Almaniyada kifayət qədər ciddi bir siyasi instituta rəhbərlik edən Volker Perthesin sualı bu idi ki, baş verən ərəb inqilabları fonunda Hosni Mubarak dövrünü xatırladan indiki Azərbaycana sərmayə yatırmaq nə dərəcədə təhlükəlidir. Azərbaycan prezidentinin də bu suala gözlənilən cavabı təbii ki, ondan ibarət olmalı idi ki, Azərbaycanda ciddi siyasi islahatlar gedir, inqilab gözlənilmir və s.

Prezident Əliyev həmin cavabı verir, amma belə: “Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nəsə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz.” Təbii ki, prezidentin cavabı təkcə bu cümlədən ibarət olmur. Bəzi statistik rəqəmlər sadalanır, deyilir ki, Azərbaycanda azad mətbuat və hətta azad internet var.

Amma diqqəti məhz sitat gətirilən cümləyə cəlb etmək istəyirəm. Bilmirəm ki, orta statistik azərbaycanlı və prezident Əliyev bu bəyanatı necə təfsir edər amma kənardan bu fikir emosional tutumlu bir cümlə kimi səslənir: “Arzunuz gözünüzdə qalacaq, görməyəcəksiniz o arzuladığınız inqilabı!” Kimə deyilir bu fikir?

Alman institutunun prezidentinə. Bu birinci dəfə deyil ki, Azərbaycan rəsmiləri, o cümlədən prezident İlham Əliyev, dünya dövlətləri və beynəlxalq təşkilat nümayəndələrinə belə diş qıcıdıblar.

Müxtəlif vaxtlarda ABŞ Dövlət Departamenti, Böyük Britaniya hökuməti, Almaniya və Fransa hökumətləri Azərbaycanda aranı qarışdırmaq istəyən “qara qüvvələr” kimi tənqid atəşinə tutulublar. Freedom House, Amnesty International, Sərhədsiz Reportyorlar, Human Rights Watch, hətta Avropa Şurası və ATƏT strukturlarının bəyanatlarına da oxşar reaksiyalar verilib.

SBakı üçün də hamı sözü bir yerə qoyub?

Qəribə bir mənzərə alınır. Belə çıxır ki, bütün dünya sözü bir yerə qoyub ki, Azərbaycanı qaralasın, onun təmiz adına ləkə yaxsın, ona şər atsın, onun barəsində böhtanlar səsləndirsin.

Azərbaycanın isə öz həqiqəti var, heç kimin başa düşmədiyi, qəbul etmədiyi, yalnız Bakı və Naxçıvanda dövlət rəsmilərinin başa düşdüyü bir həqiqət. Azərbaycanın dövlət başçısı Münhen Konfransında belə bir psixoloji portret cızdı özü və təmsil etdiyi hökumət üçün.

Reallıq isə elə də mürəkkəb deyil. Azərbaycanda qeyri-azad bir siyasi sistem var. Bu sistem dünyanın aparıcı dövlətlərinin paylaşdığı dəyərlərlə bir araya sığmır.

Üstəlik müasir dövrdə bu sistemlərin həm də qeyri-sabit olduğu üzə çıxıb. Buna görə də Qərb mediası, qeyri-hökumət təşkilatları, bəzən isə dövlət qurumları ara-sıra Azərbaycanı və Azərbaycan kimi onlarla diktaturanı buynuzlayırlar.

Bu dinamikada şəxsi qərəz axtarmaq olar və hətta tapmaq da olar, necə ki, Catch-22-nun qəhrəmanı John Yossarian axtarırdı və tapırdı. Amma bu qənaətlər atəşləri dayandırmayacaq. Çünki həmin qənaətlər açılan atəşləri yaradan səbəb deyil və deməli, onu susduran səbəb də ola bilməz.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG