Keçid linkləri

Rusiyadakı seçkilərdən bizi getdikcə çox az zaman ayırır. Amma mənim bu yazıda həmin seçkini indidən analiz etmək fikrim yoxdur. Həm nəticə elə bir sürpriz vəd etmir, həm də seçkiönü vəziyyət elədir ki, sanki nə vaxtsa baxdığın filmə təzədən baxırsan.

Mən burada bir başqa məsələyə – siyasətçinin hakimiyyətdən getmək, hakimiyyəti təhvil və təslim etmək məsələsinə diqqəti yönəltmək istərdim. Bəli, D.Medvedev artıq siyasi olimpdən getmək ərəfəsindədir, çox az vaxt qalıb. Onun yerində bir başqası olsaydı, kədərlə «Mən prezident olmağa macal tapmadım» deyərdi. Lakin o, elə-belə adam deyil, necə deyərlər, «siyasi oyunçu»dur. Özü gözəl başa düşür ki, onu hakimiyyətə prezidentlik etmək üçün gətirməmişdilər. O, oyun qaydalarını əvvəldən qəbul etmişdi və sona qədər də bu oyuna sadiq qaldı. Amma o, indi, lap getmək ərəfəsində çox qəribə siyasi gedişlər edir... Bir də görürsən ki, V.Putini qəbul etməyən müxalifət liderləri ilə görüşür, ya da Dumaya siyasi partiyalar və seçkilərlə bağlı qanun layihəsi göndərir. Bu, bir qədər qarışıq təəssürat yaradır. Ən azı ona görə ki, onun ardınca gələn adamın qanunvericiliyə nəzər salmaq üçün yetərincə vaxtı olacaq. Onda bu adam nəyə cəhd edir? Nə görüntüsü yaradır?

W.CHURCHILL SİYASƏT HAQDA NƏ DEMİŞDİ?

Məşhur bir filmdə belə bir epizod var. İ.StalinW.Churchill müharibədən sonra Avropanı necə bölüşdürəcəkləri haqda söhbət edir və arabir də xəritənin üzərində qeydlər edirlər. Birdən Churchill qələmi bir tərəfə tullayaraq «Siyasət həqiqətən də abırsızlıqdır» deyir. Bu filmə baxandan sonra hər dəfə siyasət haqqında yazanda, bu sözləri xatırlayıram. Elə indi də bu sözləri təsadüfdən xatırlamadım. Mənə elə gəlir ki, dünyada yaxşı siyasətçi çox azdır, bəlkə də heç yoxdur, sadəcə yaxşı olmağa məcbur olan siyasətçilər
İ.Stalin, F.Roosevelt və W.Churchill, 1945
İ.Stalin, F.Roosevelt və W.Churchill, 1945
var!

Mənim indi söhbət açdığım adam heç vaxt böyük siyasətçi ampluasında olmayıb. Lakin bu adam bir neçə il Kremldə bir otağı məşğul edib. İndi o, getmək ərəfəsində hakimiyyətə gələrkən verdiyi vədləri xatırlayır, özü haqda xoş bir təəssürat saxlamağa cəhd edir. Bu təəssürat ona gələcək siyasi konfiqurasiyada özü üçün yer tutmaq üçün lazımdır. Çünki tandemin planlarına görə, Medvedev təzə bir biçimdə – baş nazir qismində siyasətə qayıtmalıdır. Onun bütün cəhdləri indi buna yönəlib. Ona görə də özü üçün sosial imic toplayır.

Bu, bizim ölkə siyasətində bir vaxt dəbdə olan bir tezisi xatırladır: «filankəs yaxşı adam idi, amma ətrafı pis idi!». İndi Medvedev də çalışır ki, onun haqqında təxminən bu cür bir fikir formalaşsın: «o, istəyirdi, amma ətrafı qoymurdu!». Maraqlısı isə budur ki, görən, kim kimi seçir – prezident ətrafını, yoxsa ətrafı prezident cənablarını? Bu həm də bir-iki ölkə üçün xarakterik olan şey deyil, bir çox yerlərdə uğursuzluqları «ətrafın boynuna» yükləmək cəhdləri olub.

Mən indi öz ölkəmizin təcrübəsindən bir detalı yada salmaq istəyirəm. Bir vaxt birinci iki prezident haqqında «o, pis adam deyil, ətrafı imkan vermir» deyənlər elə ilk fürsətdə həmin o «ətrafı sarıdan bəxti gətirməyənlər»in axırına çıxdılar...
V.Putin və D.Medvedev
V.Putin və D.Medvedev
Bu mənada bütün təzə baş verənlər unudulmuş köhnəliklərdir, təzə şey çox azdır. Elmdə olduğu kimi siyasətin də baharı olur. O vaxtlar bir və ya bir neçə təzə adam peyda olur və onlar siyasət haqdakı təsəvvürləri yeniləyirlər, bir növ adamlara yeni siyasi davranış qaydaları aşılayırlar. Amma bu, hər 50 ildə bəlkə də bir dəfə olur.

YAXŞI PREZİDENTLƏRİ DƏYİŞMƏK LAZIMDIRMI?

Liviya müxalifətçilərindən biri ilə müsahibədə maraqlı yer vardı. Müxalifətçi liviyalıya deyirlər ki, siz pis yaşamırdınız, nədən M.Qaddafi'ni devirdiniz? O, isə çox maraqlı cavab verir: «amerikalılar çox yaxşı yaşayır, lakin prezidenti çox tez-tez dəyişirlər». Həqiqətən də maraqlı arqumentdir. Müxalifət lideri ilə görüşdə D.Medvedev də demişdi ki, elə o da bir nəfərin iki dəfədən artıq prezident olmasının əleyhinədir. Bunu oxuyanda, D.Medvedevə lap yazığım gəldi: nə qədər aciz adam imiş! Öz fikrini prezidentlikdən getmək ərəfəsində, özü də lap qorxa-qorxa deyir. Amma bir məsələni özüm üçün yəqinləşdirə bilmədim: kim daha çox yazıqdır, rusiyalılar, yoxsa Medvedev?...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG