Keçid linkləri

Təcili xəbərlər

Tarixlə və gələcəklə döyüşənlər


M.Saakashvili və İ.Əliyev
M.Saakashvili və İ.Əliyev
Gürcüstan prezidenti M.Saakashvili'nin Milli Məclisdəki maraqlı çıxışı heç də birmənalı qarşılanmadı. Çıxış gəncləri riqqətə gətirsə də, hakimiyyətə yaxın bəzi millət vəkillərinin narazılığı ilə qarşılandı. Onlar Saakashvili'ni Qarabağla bağlı müəyyən mövqe bildirməməkdə, parlamentin tribunasından Rusiyanın əleyhinə fikirlər səsləndirmək üçün istifadə etməkdə qınadılar.

Deputatların narahatlığını başa düşmək mümkündür. Ölkə siyasətində bu son 20 ildə bir siyasətçi obrazı, qəlibi formalaşıb. Bu obrazın müəllifi H.Əliyev olub. Bu obraz siyasətçidən ancaq ümumi ifadələrlə kifayətlənməyi, öz fikirlərini, öz mövqeyini gizlətməyi, mübahisə və qıcıq yarada bilən ifadələri işlətməməyi tələb edir. Bir sözlə, balanslaşdırılmış siyasət bu ölkədə təkcə diplomatik taktika deyil, həm də siyasətçinin davranış və ifadə tərzidir. Çünki balansın məntiqi hətta siyasətçilərin leksikonuna belə sirayət edib. Təbii, o baxımdan M.Saakashvili standart azərbaycanlı siyasətçi tipi ilə uzlaşmayan bir liderdir.

Amma gürcü lideri həqiqətləri deməyə can atır. O, heç də Rusiya ilə mövcud münasibətlərin qənaətbəxş olmadığını inkar etmir. Lakin bu münasibətlərin yaranmasının təqsiri birmənalı şəkildə Rusiyanın payına düşür. Gürcüstanı təcrid etmək istəyini, Saakashvili ilə heç bir halda münasibət qurmayacağını məhz Rusiya liderləri bəyan edirlər, özü də açıq tekstlə. M.Saakashvili yaxın günlərdə Rusiya vətəndaşları üçün birtərəfli qaydada viza rejiminin aradan qaldırılması haqda göstəriş verdi. Lakin Rusiyadan bununla bağlı hər hansı reaksiya sezilmədi. M.Saakashvili Azərbaycan parlamentində Rusiyanı elə də ciddi tənqid etməmişdi, SSRİ-ni bərpa etmək cəhdlərinin mənasız olduğunu demişdi.
Vladimir Putin, 23 fevral 2012
Vladimir Putin, 23 fevral 2012
Məgər ruslar özləri bunu demirmi? Bir rus yazıçısının elə bu haqda maraqlı fikirlərini oxumuşdum. O, yazırdı ki, mənə böyük Rusiya – filan yox, insanların ləyaqətlə yaşadığı ölkə lazımdır. «SSRİ-nin bərpası məsələsi»nə gəldikdə isə, təzədən hakimiyyətə gələn V.Putin belə arzuda olduğunu artıq bir neçə dəfə dolayı yolla dilə gətirib. Gürcüstanın NATO-ya üzvlüyü məhz V.Putinin səyləri nəticəsində müşkülə çevrilib. Bu məsələdə hətta Putin öz şəxsi əlaqələrini işə saldı. Almaniya kansleri A.Merkel'lə öz münasibətindən istifadə etdi və nəticədə əvvəlcə Merkel, daha sonra isə N.Sarkozy Gürcüstanın Alyansa üzvlüyünün qarşısının alınmasına yönəlmiş addımlar atdılar. Məhz ona görə də Putinin qayıdışının Gürcüstanda narahatlıq yaratmasının səbəb və motivlərini başa düşmək mümkündür. Mən bu sətirləri çıxışa bir aydınlıq gətirmək üçün yazdım, amma mənə elə gəlir ki, çıxışla bağlı ölkədə yaranan pərtliyin əsl səbəbləri başqadır.

TARİX RƏSMİ BAKININ GÖZÜ İLƏ

Rəsmi Bakının özünün «istiqlaliyyət konsepsiyası» var. Bu konsepsiyada o təlqin edilir ki, 1918-20-ci illərdə ciddi bir hadisə baş verməyib. Əksinə, o vaxtın liderləri Azərbaycan torpaqlarında Ermənistan dövlətinin qurulması kimi bir işə razılıq verməklə milli maraqlara böyük ziyan vurmuş və nəhayət müstəqilliyi qoruyub saxlaya bilməmişdilər. Rəsmi «ustanovka»lara görə də Azərbaycan dövlətçiliyinin bərpası H.Əliyevin, onun yaxınlarının, bir də ki, o dövrdə gedən «obyektiv proseslər»in nəticəsidir. Bir sözlə, dövlətçiliyin bir banisi var – o da H.Əliyevdir.
Tbilisidə H.Əliyevin heykəlinin açılışı, 12 may 2007
Tbilisidə H.Əliyevin heykəlinin açılışı, 12 may 2007
Ona görə də diplomatik protokola görə ölkəyə gələn bütün qonaqlar səfərlərini H.Əliyevin məzarını ziyarət etməklə, ondan sitatlar gətirməklə və onu xatırlamaqla başlayırlar. Saakashvili bu ssenarinin bəzi bəndlərini pozdu. O, Milli Məclisdə M.Ə.Rəsulzadədən sitat gətirdi, özü də bunu Azərbaycanca dedi. Əslində isə o, H.Əliyevi xatırlamalı, onun gürcü və Azərbaycan xalqları üçün nə qədər böyük işlər gördüyünü qeyd etməliydi. M.Saakashvili «Bir kərə yüksələn bayraq bir daha enməz!» (M.Ə.Rəsulzadə) demək əvəzinə məhz «Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır!» (H.Əliyev) deməli idi. Belə desəydi, o, daha çox alqışlanacaqdı. Bir vaxt Azərbaycandan Gürcüstana bəzi jurnalistlər E.Shevardnadze’dən H.Əliyevin və M.Saakashvili'dən İ.Əliyevin nə qədər «böyük siyasətçi» olduğunu soruşmaq üçün yollanırdılar. M.Saakashvili bu ənənəni bir az pozdu, Azərbaycanın lideri haqda təriflər söyləsə, ölkənin analoqu olmayan inkişafından heyrətə gəlsə də, Milli Məclisdə bu hakimiyyətin tarixi rəqibindən – M.Ə.Rəsulzadədən sitat gətirməklə, necə deyərlər, işləri azacıq korladı. Lakin rusların bir məsəli var: «Xoşbəxtlik olmazdı, bədbəxtlik kömək etməsəydi». Saakashvili özü də bilmədən bir günün içində gənclərin əsl kumirinə çevrildi. Əsası da budur. Bəzilərinin narazılığına və təlaşına gəldikdə isə o, ötəridir, çünki insanlar bu günlə yaşasa da, həmişə tarixi anır, gələcək haqda düşünür, çünki bu günün ömrü cəmi 24 saatdır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG