Keçid linkləri

Təcili xəbərlər

Bütün MDB ölkələri üçün bir siyasi resept varmı?


Arxiv foto
Arxiv foto
Politologiyada müqayisəli politologiya adlı xüsusi bir bölüm var. O, ölkələri müqayisəli konteksdə öyrənir, onların hamısı üçün xarakterik olan detalları və tendensiyaları aşkar edərək üzə çıxarır. Bəzən belə yanaşma bir qədər müqavimətlə rastlaşır, çünki hər ölkədəki proseslərdə milli özəllikləri, milli çalarları axtarmaq istəyənlər də az deyil. Amma analogiya axtarmaq həvəsi və tendensiyası öz kökü etibarilə bəlkə də idrak prosesinin ən ilkinlərinə və bünövrəsinə gedib çıxır. Əgər biz Azərbaycandakı prosesləri başa düşmək istəyiriksə, bunun bir yolu da oxşar prosesləri tapmaq, eyni tarixə, eyni bir xüsusiyyətlərə malik ölkələrin təcrübəsinə müraciət etməkdir. Məsələn, bəzi analitiklər və təhlilçilər çox vaxt ölkədəki müxalifətin və hətta hakimiyyətin unikal olduğuna işarə edirlər. Elə yerli hakimiyyətin ideoloqlarının özləri də müxalifəti bir az da
marginallaşdırmaq üçün ona bəzən «radikal müxalifət», bəzən də «destruktiv müxalifət» kimi epitetlər qoşurlar. Amma digər ölkələri analiz edəndə görürsən ki, əslində qeyri – adi heç nə baş vermir, bir ölkədə müşahidə etdiyimiz siyasi detallara digər bir ölkənin təcrübəsində istədiyin qədər rast gəlmək olar.

SİSTEMDƏNKƏNAR MÜXALİFƏT NƏDİR?

Rusiyadakı prosesləri təhlil edən analitiklər bu ölkənin müxalifətini iki böyük qrupa bölürlər: sistemdaxili müxalifət və bir də sistemdənkənar müxalifət...

Əvvəllər belə bölgü yox idi, çünki hakimiyyət - müxalifət münasibətləri hələ tam oturuşmamışdı, müxalifət hələ özünün siyasi seçimini etməmişdi. Bura bir məsələni də əlavə etmək lazımdır ki, sistem dedikdə ölkədə indi mövcud olan siyasi sistem nəzərdə tutulur. Sistemdaxili müxalifət o müxalifətdir ki, hakimiyyətlə sıx əməkdaşlıqdadır, onun siyasi vərdişlərini, dəyərlərini, həm də kursunu bölüşür. Sistemdənkənar müxalifət isə o müxalifətə deyilir ki, o mövcud siyasi sistemə inteqrasiya olunmur, ondan kənardadır və ona qarşı mübarizə aparır, onun dəyişməsinə çalışır. Mən bu sxemi ilk dəfə görən an dərhal elə Azərbaycanın siyasi palitrası gözlərim önünə gəldi. Sistemdaxili müxalifət dedikdə biz hakim partiyanın siyasi satellitlərini – parlamentdə bir – iki mandatla təmsil olunan, faktiki olaraq hakimiyyətə vəkillik edən siyasi partiyaları nəzərdə tuta bilərik. Hakimiyyətə qarşı hədsiz loyal münasibətinə baxmayaraq hökumətin təşkilində iştirak etmədikləri üçün biz onlara siyasi müxalifət demək məcburiyyətindəyik. Lakin siz heç vaxt görməzsiniz ki, bir əcnəbi qonaq onları axtarmış olsun və hansısa beynəlxalq təşkilat onlarla az da olsa maraqlansın, belə hal yoxdur və yaxud da onu çox nadir hallarda müşahidə edə bilərsiniz. Bundan fərqli olaraq ölkədə sistemdənkənar siyasi müxalifət var. O, ayrı-ayrı personalara, şəxslərə qarşı deyil, siyasi sistemin özünə qarşı mübarizə aparır. Təbii ki, ara-bir bu mübarizənin içində bir sıra şəxslər də yer alır. Məsələn, bunlara misal olaraq özünü korrupsioner şəxs kimi təsdiq etmiş insanları göstərmək olar. Lakin sistemdənkənar müxalifət yenə də mübarizəsini bu şəxslərin üzərində cəmləşdirmir, onları da sistemin təzahürü hesab edir və siyasi sistemin dəyişməsinə cəhd edir. Bu sxem öz üstünlüklərini Rusiyaya tətbiqən də təzahür etdirir. Onun üstün cəhəti odur ki, sxem adı çəkilən ölkələrdə siyasi sistemlərin qüsurunu üzə çıxarır, onun universal olmadığını və bütün cəmiyyəti əhatə etmədiyini aşkar edir.

PLATONDAN FUKİYAMAYA QƏDƏR...

MEQALOTİMİYA VƏ İZOTİMİYA...

Tarixin hərəkətverici qüvvəsi nədir? Bu gün MDB ölkələrindəki insanları nə mübarizə aparmağa sövq edir? Onların ictimai – siyasi motivi nədir? Bəlkə bu suallar kiməsə maraqsız görünür, amma onlar düşünülən qədər də bəsit deyil. Solçular və əski marksistlər bu suala cavab verərkən ölkədə mövcud olan sosial bərabərsizliyi, siniflər arasındakı mübarizəni və bir də ki istehsal vasitələrinə qeyri – bərabər, ədalətsiz münasibəti əsas kimi göstərərdilər. O birilər, məsələn, millətçilər bunda millətlərin qurtuluş savaşının izlərini tapa bilərdi. Liberal buyurardı ki, ölkələrdə fərdlərin və toplumun azadlıq savaşı gedir. Onların hamısının dediklərində bir həqiqət elementi var. Amma filosof həmişə daha böyük ümumiləşmələrə can atır. Təhlilçilər də son illərdə daha çox onların ümumiləşmələrinə istinad etməyi sevirlər. Platondan Hegələdək belə hesab edilib ki, tarix insanların etiraf olunmaq uğrundakı mübarizəsidir.

F.Fukuyama həmin mübarizəni iki qrupa bölüb: meqalotimiya və izotimiya...
Meqalotimiya bir insanın başqalarından üstün olduğunun etirafı uğrundakı mübarizəsidir. Mən MDB ölkələrinə ötəri baxanda məhz – meqalotimiyanın təzahürlərini görürəm: insanların səsləri oğurlanır, qanunlar tapdanır, onlar ən ali haqdan – suveren olmaq hüququndan məhrum olur, cəmiyyətin o ali hüququ bir qrup insan tərəfindən mənimsənir, məhkəmə və parlament kiçik bir qrupun nəzarətinə keçir, həmin qrup özünü cəmiyyətin fövqündə, ondan üstün məqamda hiss edir. İzotimiya isə insanın başqaları ilə bərabər olması uğrunda, bunun etirafı uğrunda aparılan mübarizədir. İzotimik qeyri – adi bir şey istəmir, o, hüquq bərabərliyi arzulayır. Rusiyada on minlərlə, Belarusda və Azərbaycanda minlərlə, Qazaxıstanda isə yüzlərlə adam bunun uğrunda səsini ucaldır. İndi hamı Azərbaycanda baş vermiş Quba hadisələrinin kökü və səbəbi haqda fərziyyələr söyləyir. Amma bu etirazın özü sadə bir həqiqət – sosial statusundan və vəziyyətindən asılı olmadan hamının eyni ləyaqətə malik olduğunun sübutu uğurundakı etiraz deyildimi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG