Keçid linkləri

Təcili xəbərlər

Nabucco-nun sirri


NABUCCO kəmərinin ilkin layihədə nəzərdə tutulan xəritəsi.
NABUCCO kəmərinin ilkin layihədə nəzərdə tutulan xəritəsi.


Aprelin ilk gönlərində Rusiya Xarici Işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəndən sonra rəsmi Bakı Transxəzər qaz kəməri ilə bağlı əvvəllər verdiyi pozitiv yönümlü bəyanatlara “əl gəzdirdi”. Bu onu göstərdi ki, məsələ heç də Avropa Birliyi-Azərbaycan-Türkmənistan üçbucağı çərçivəsində həllini tapılası qədər sadə bir şey deyil.

Burada siyasət və siyasi maraqlar hələ ki, iqtisadi-kommersiya məsələlərini qat-qat üstələyir. Üzdə görünəni Xəzərin hüquqi statusunun həllini tapmamağıdır. Aysberqin alt hissəsində isə hələlik ancaq onu demək olar ki, ortaya geosiyasi maraqlar qoyulub.

Geosiyasi maraqlar

Məhz bunları nəzərə alaraq rəsmi Bakı SOCAR prezidenti Rövnəq Abdullayevin dili ilə bildirdi ki, “Azərbaycan Avropa Birliyi və Türkmənistanın həyata keçirdiyi bu layihənin iştirakçısı deyil. Yalnız tərəflər arasında hansısa razılaşma əldə olunduqdan sonra Bakı tranzitin təmin olunması imkanlarına və variantlarına baxa bilər”.

Həqiqətən də, bir tərəfdən baxanda Azərbaycan hakimiyyətinin məsələyə vaxtında operativ reaksiya verməyinin məntiqi var. Belə ki, əgər Xəzər hövzəsindəki iri oyunçuların maraqlara nəzər salsaq görərik ki, Qərbin məqsədi Rusiyanı regionda get-gedə zəiflətmək və bəlkə də, ümumiyyətlə bu bölgəni uzaq gələcəkdə Kremlin təsir dairəsindən öz çevrəsinə daxil etməkdir.

İranın məqsədi heç nədən ortaya Xəzərin dibinin analoqu olmayan prinsip üzrə (hərəyə 20% olmaqla) bölünməsini atmaqla bir problem yaratmaq və sonda bunu Qərblə özünün “siyasi alver” predmetinə çevirməkdir ki, hansısa qlobal problemlərinin həllinə nail olsun.
Yəni, bütün bunlar əslində Avropanın öz bazarında Rusiyanı daha da sıxışdırmasına gətirib çıxaracaq. Baxmayaraq ki, “Gazprom”un ixracı indiki 150 mlrd kubmetrdən 190-200 mlrd kubmetrədək artacaq. Rusiya da buna gedir, çünki başqa alternativi yoxdur.


Rusiyanın istəyi isə tam başqadır – mən deyərdim ki, mayda 3-cü dəfə prezident kreslosuna əyləşəcək Vladimir Putin üçün “olum və ya ölüm” məsələsidir. Qərbdə “qaz imperatoru” kimi ad çıxartmış (“Gazprom” şirkəti Vladimir Putinin əlində xarici siyasətin yeridilməsində sanki bir vasitədir) Putin Avropa bazarında “Gazprom”la rəqabət apara biləcək yeni bir oyunçunun peyda olmasını əsla istəmir. Bu baxımdan türkmən qazının Avropa bazarlarına ayaq açması nəinki “Gazprom”un kommersiya gəlirlərinə ciddi zərbədir, həmçinin Rusiyanın xarici siyasətinin zəifləməsinə və regionda nüfuzunun düşməsinə dəlalət edən amil olardı.

Burada Azərbaycanın maraqları çox sadədir – Xəzərdə son zamanlar kəşf etdiyi öz qazını satmaq, özü də arada dəllalsız-zadsız, birbaşa Avropadakı topdansatış qaz idxalçılarına. Başqa bir arzusu yox bu ölkənin. Elə isə niyə gələcəyi məchul olan layihələrə baş vurmalıdır indidən?

Bir şeyi yaddan çıxartmaq gərək deyil ki, Azərbaycan bu marağını 2006-cı ildən ortaya qoyub və faktiki olaraq addım-addım ona doğru irəliləməkdədir. Ancaq ötən dövrlər göstərdi ki, Azərbaycanın bu arzusuna qarşı çıxan çoxlu qüvvələr vardı və onlar heç də “Gazprom” ətrafında toplaşmamışdılar.

Nabucco-nun sirli aləmi

Bu il Nabucco meqa qaz kəməri layihəsinin 10 ili tamam olur. Çoxlarına belə gələ bilər ki, bu layihə ölü bir şey oldu və sonra da tarixə qovuşdu (2012-ci ilin fevralında gündəmə daha qısa kəmər olan Nabucco-West gəlib ki, bunun da buraxıcılıq gücü əvvəl nəzrdə tutulandan 2 dəfə azdır, yəni layihə inanılmaz dərəcədə dəyişib).

Ancaq tarixə ekskurs edəndə görürsən ki, hələ Qərbdə heç vaxt dövlət məmurları bu layihənin lobbiçiliyinə bu qədər vaxt və enerji sərf etməmişdilər. Özü də bu kəmərin dəstəklənməsinə hökumət başçıları, prezidentlər, krallar belə cəlb olunmuşdular…

Bəs, nə oldu? Sərf edilən enerji itməməlidir… Ancaq Nabucco yoxdur axı, yaxın gələcəkdə də olmayacağı elə bir şübhə doğurmur. Demək, Avropa öz arzusuna başqa bir formada çatacaq.

Avropanın öz arzusuna çatacaq

Nəydi onun arzusu? Özünün qaz bazarını çoxsahəli etsin, müxtəlif mənbələrdən və müxtəlif tipli yanacaq (təbii qaz və sıxılmış qaz) alsın, yeni infrastrukturlara malik olsun və stabil bazarlarla uzunmüddətli əlaqələr yaratsın.

İndi baxın, Avropa Nabucco-nu gündəmə gətirməklə görün nələrə nail olub və hansı layihələri də gerçəkləşdirmək üzrədir. Yaxın 8 ilə Avropa özü birbaşa yatırımlar etmədən nələrə nail olacaq?

Ötən ilin noyabrında Baltik dənizinin dibi ilə “Şimal axını” kəmərinin birinci hissəsi istismara verildi. Cari ilin IV rübündə onun ikinci hissəsi istismara veriləcək və beləliklə bir-necə ildən sonra Rusiya Qərbi Avropa ölkələrinə tranzit ölkələrdən yan keçməklə birbaşa ildə 55 mlrd kubmetr qaz ixrac etmək imkanı qazanacaq.

Bu kəmər Rusiyaya olduqca baha başa gəldi (8,8 mlrd avro), ancaq Kreml prinsipiallıq nümayiş etdirərək onu reallaşdırdı.
... tarixə ekskurs edəndə görürsən ki, Qərbdə hələ heç vaxt dövlət məmurları bu layihənin lobbiçiliyinə bu qədər vaxt və enerji sərf etməmişdilər. Özü də bu kəmərin dəstəklənməsinə hökumət başçıları, prezidentlər, krallar belə cəlb olunmuşdular…Bəs, nə oldu? Sərf edilən enerji itməməlidir…

2012-ci ilin dekabrında “Gazprom” şirkəti tərəfdaşları ilə birlikdə Rusiya ərazisindən illik buraxıcılıq gücü 63 mlrd kub metr olan “Cənub axını” (Qara dənizin dibi ilə Bolqarıstana doğru) layihəsinə başlamağa qərar verib. Kəmər 2016-cı ildə işə düşməlidir və onun yerüstü hissəsi ilə birlikdə qiyməti təqribən 20 mlrd avrodan çoxdur.

Kreml Ukrayna ilə tranzit problemlərindən yaxa qurtarmaq (mən deyərdim ki, rəsmi Kiyevi diz çökdürmək səviyyəsinə salmaq) üçün bu qədər kapital tutumlu layihəyə getməkdən belə çəkinməyəcək.

2018-ci ildə Azərbaycan qazının Avropa bazarına çıxarılması üçün infrastruktur həm Türkiyədə, həm də Avropada hazır olacaq. Bunun ilkin buraxıcılıq gücü 10 mlrd kubmetr olsa da, bir-necə ilə 2 dəfəyədək artırılacaq, çünki Azərbaycanın qaz ixracı imkanları genişlənəcək.

2020-ci ilədək Avropada 15-dək LNG (sıxılmış təbii qaz) terminalının istifadəyə verilməsi planlaşdırılıb. Bunun nəticəsində Avropa il ərzində sıxılmış qazın qəbulu imkanlarını indiki 132 mlrd kubmetrdən 260 kubmetrədək artırmaq imkanı qazanacaq.

Həmçinin Rusiya kimi qaz xəzinəsi olan bir ölkədən LNG (Total və Statoil şirkətlərinin də qatıldığı “Ştokman” layihəsi çərçivəsində) idxalına başlamaq imkanı qazanacaq. Ekspert hesablamalarına görə, 8 il sonra Avropa bazarında sıxılmış qazın xüsusi çəkisi indiki 12%-dən 20%-dək yüksələ bilər.

Yəni, bütün bunlar əslində Avropanın öz bazarında Rusiyanı daha da sıxışdırmasına gətirib çıxaracaq. Baxmayaraq ki, “Gazprom”un ixracı indiki 150 mlrd kubmetrdən 190-200 mlrd kubmetrədək artacaq. Çünki LNG-nin payı artır, qiymətlərlə "oynamaq" imkanları genişlənir və "Gazprom"dan alınacaq qazın həcmlərini artırmaq müqabilində qazın qiymətinin də azaldılmasına nail olma siyasəti ortaya qoyulur.

Rusiya da buna gedir, çünki başqa alternativi yoxdur. Onun Çin bazarına Avropa qiymətləri ilə çıxmaq cəhdləri xülyaya çevrilir. Çin Mərkəzi Asiya bazarını demək olar ki, özünə ram edib və onu əldən buraxan deyil.

Belə olan şəraitdə Avropanın qarşında duran enerji problemləri demək olar ki, çözülür. Nabucco isə bu strategiyanı həyata keçirməkdə rəsmi Brüsselə bir açar kimi gərəkli olub və məncə öz missiyasını hələ başa vurmayıb.

P.S.
Bu prosesdə uduzan ölkələr sırasına o dövlətlər aid edilib ki, onlar indiyə qədər tranzitə bir qazanc mənbəyi kimi yanaşırdılar və iqtisadiyyatlarını yeni dövrün tələblərinə uyğun islahatlara cəlb etmirdilər. Necə deyərlər, çox istəyən azdan da olar.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG