Keçid linkləri

Təcili xəbərlər

Tarixin sonuna çoxmu qalıb?


Malayziyada Liviya liderinə qarşı etiraz aksiyası, 23 fevral 2011
Malayziyada Liviya liderinə qarşı etiraz aksiyası, 23 fevral 2011
Bəlkə də bu sual çox ritorik görünür. Amma bu, ilk baxışda belədir. Bir neçə il bundan əvvəl F.Fukuyama ilə bir yazı yazıb ki, politoloqlar hələ də bunun sehrindən ayrıla bilmirlər. Təsəvvür edin, bir başlıqda iki mübahisəli fikir və iddia öz ifadəsini tapıb: «Tarixin sonu və sonuncu insan»! Əvvəlki yazılarda bu tədqiqatın bəzi elementlərindən istifadə etdiyim üçün indi onun üstündə dayanmayacam və diqqəti bu günün olaylarına yönəldəcəm. Bəli, Suriyada insanlar bir ildən artıqdır ki, dayanmadan mübarizə aparırlar, Misirdə etiraz dalğası hələ də davam edir. Belarusda da həbslərə və təqiblərə baxmayaraq, insanlar neçə illərdir bir A.Lukashenko'dan canlarını qurtarmaq istəyirlər. Biz Mərkəzi Asiyadakı etirazlara bəzən çox ironik yanaşırıq, lakin orada da xalq bacardığını edir. Rusiya tamam yeni mərhələyə qədəm qoymağa can atır və özünün ilk cəhdlərini edir. Azərbaycanda insanlar narazılıqlarını ifadə etmək üçün ən kiçik fürsəti belə əldən vermirlər.

Adama elə gəlir ki, hansısa köhnə və əldən düşmüş tikili uçmaq ərəfəsindədir - indi avtoritarizmi yalnız bununla müqayisə etmək olar. Yadıma gəlir ki, bir neçə il bundan əvvəl, 90-cı illərin əvvəllərində ABŞ prezidentlərindən birinin bir diktator haqqındakı fikri bizi möhkəm çaşdırmışdı. Məlum olurdu ki, dünya diktatorlarsız keçinə bilmir və hər geosiyasi cinahın özünün ərsəyə gətirdiyi bir diktator var. Amma indi o vaxtlar deyil, dünya ölkələri öz işlərini diktatorlarsız görməyə üstünlük verir və daha heç kim hansısa bir diktator haqqında «o, filankəsdir, amma bizim filankəsdir!» demir. Əksinə, diktatorla yaxınlıq, onunla əməkdaşlıq indi çox ölkələrin cəmiyyətləri tərəfindən qınanır, insanlar öz liderlərinə belə yaxınlıq hallarını bağışlamırlar.

Fransada da M.Qaddafi'nin N.Sarkozy'yə ötən seçki vaxtı yardım etməsi haqda iddialar Fransa prezidentinin rəqibləri və əleyhdarlarının əlində ona qarşı əsas arqumentə çevrilib. Hətta bunu da nəzərə almırlar ki, Qaddafi'nin devrilməsində ən böyük rollardan birini də məhz N.Sarkozy oynamışdı.
A.Pinochet
A.Pinochet
Lakin insanlar diktatorla yaxınlığı bağışlamır və bunu unutmur. Avropa və bəlkə də bütün mədəni dünya diktatorların və bu insanların yaxınlarının üzünə bağlanır. Əvvəllər belə şey yox idi. Bir tərəfdə hamı kommunizmə qarşı duran, o biri tərəfdə isə sinəsini kapitalistlərə tən verən diktatorların yoluna gül səpirdi: F.Castro SSRİ-nin, A.Pinochet ABŞ-ın qəhrəmanı idi. İndi hətta iş o yerə çatıb ki, tarixçilər arxivləri eşələyib bu cür halları aşkar edir və bəzi liderləri hətta onlar həyatda olmasa da, ölümündən sonra qınayırlar. Belə halları çox sadalamaq olar. Amma onlar bizi predmeti unutmağa vadar edə bilər – biz tarixin sonundan danışırdıq axı...

ƏSKİ ROMANTİKLƏRİN TƏCRÜBƏSİNDƏN BİR DETAL...

70-ci və 80-ci illərin gəncliyi həqiqətən də düşünürdü ki, bütün böyük və tarixi işlər görülüb qurtarıb, onlara heç nə qalmayıb. Hətta keçmiş nəslə bir həsəd hissi də vardı. Bu həsəd hissi öz ifadəsini kinolarda və ədəbiyyatda tapırdı. Mən heç vaxt M.Khutsiyev'in «İyul yağışı» filmini unutmaram. O filmin finalında bir tərəfdə sinəsi orden-medallarla dolu veteranlar, o biri tərəfdəsə narahatlıqla ətrafı və veteranları süzən gənclik göstərilirdi. Amma üstündən heç 10 il keçmədi ki, dünyada hətta planetin mənzərəsini dəyişən hadisələr baş verdi, yeni qəhrəmanlar çıxdı meydana. İndi mən Fukuyama`nın cəhdini daha bir «happy end» cəhdi kimi yozuram. Elə insanlar var ki, onlar xoşbəxt sonluq arzusundadır, necə ki, bəzi insanlar neçə illərdir İsanın və yaxud da Mehdinin zühurunu gözləyirlər. Bu mənada düşünmürəm, tarixin sonu olsun.

POST-LİBERAL CƏMİYYƏT HAQDA BİR NEÇƏ QEYD...

F.Castro və M.Qaddafi Tripolidə, 8 mart 1977
F.Castro və M.Qaddafi Tripolidə, 8 mart 1977
Mən çox adam tanıyıram ki, əsl demokratiya tərəfdarıdır və demokratiyanın qələbəsi üçün bacardığını edir. Amma o, əsl azad insan deyil. Bir dəfə hətta bununla bağlı bir nəfərlə kiçik söhbətim də olmuşdu. Həmin adam deyirdi ki bütün varlığı ilə demokratiya istəyir, amma özünü tamam azad hiss etmir. O səbəbdən ki, cəmiyyətin onun haqqındakı rəyindən çox asılıdır, özündə bu rəyə qarşı getməyə güc tapmır, bunu bacarmır. Rüşvətxorluq, korrupsiya və buna bənzər neqativ hallardan mümkün qədər tez qurtulmağın tərəfdarı olsa belə, digər buxovlara – mentalitetə və ənənələrə qarşı çıxa bilmir...

İndi hər dəfə tarixin sonu haqda düşünəndə mənim bu epizod yadıma düşür. Mənə elə gəlir ki, əsl azadlıq yolu hələ uzun görünür. Bir vaxt fiziklər arasında da bir sual yaman dəbdə idi: «fizikanın sonu çatıbmı?». Sonradan məlum oldu ki, fizikanın sonunu görmək üçün elə enerjilər lazımdır ki, bəşəriyyət bəlkə də onu bir neçə yüz il bundan sonra da əldə edə bilməyəcək. Tarix də yəqin belədir. Demokratik sistem hələ o demək deyil ki, bütün insanlar azaddırlar.

Liberal cəmiyyətdən sonra post-liberal cəmiyyət gələcək və azadlıq yolu da davam edəcək...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG