Keçid linkləri

Təcili xəbərlər

Bir addım irəlidirsə...


Arxiv foto
Arxiv foto
Hüseynbala Səlimov, müstəqil analitik
Azərbaycan iki aylığa BMT TŞ-nın sədri oldu. Desəm ki, bu xəbər məni heç sevindirmədi, bu, qeyri-səmimilik olar. Yadıma gəlir, bir vaxt Azərbaycanın BMT-nin üzvü olmasına nə qədər sevinirdik! O vaxt bizə elə gəlirdi ki, BMT fövqəl gücə malik bir təşkilatdır, onun səni tanımağı yetərlidir ki, sən dünya cərgəsində özünə bir yer tutasan. O vaxt bilmirdik ki, həmin bu BMT bir gün Azərbaycanla bağlı düz 4 qətnamə qəbul edəcək və həmin qətnamələr də 19 il yerinə yetirilməmiş qalacaq. Maraqlıdır ki, qeyd etdiyim o hadisə – ölkənin TŞ-na sədr seçilməsi təxminən Şuşanın işğalı ilə bir vaxta təsadüf etdi. Bu da anlaşılmazlıq yaradan bir detaldır. Necə ola bilər ki, ərazisinin 20 faizini faktiki olaraq itirmiş bir ölkə dünya sahmanı ilə məşğul olsun? Dünyanın da təzadlı olduğunu qəbul etsək belə yenə də bu faktı anlamaq çətindir. Elə bu yaxın günlərdə dünyanın hərbi xərcləri haqda yazmışdım və həmin xərclərə diqqətlə baxanda nədən bəzi ölkələrin daimi, digərlərininsə qeyri-daimi üzv olduğunu daha yaxşı başa düşürdün. Lakin mən indi BMT-nin dünya siyasi teatrındakı rolundan bəhs etmək niyyətində deyiləm. Yetər ki, bu haqda indi hər bir telekanaldan eşidə bilərsən. Mənim niyyətim başqadır. Azərbaycanın əvvəllər tanınmaq problemi vardı və hamımız informasiya blokadasından o ki var gileylənirdik. Lakin artıq o vaxtlar geridə qalıb. Azərbaycan tanınır və bu prosesin sürəti getdikcə artır. Amma bu tanınma prosesi necə gedir? Elə əsl sual da budur.

TƏKCƏ ÖLKƏ TANINMIR, ONUN PROBLEMLƏRİ DƏ TANINIR...

Bir vaxtlar Azərbaycan haqqında hansısa xarici dərgi bir neçə sətir yazanda buna qeyri-adi bir şey kimi baxırdıq. Lakin indi böyük məqalələr yazırlar və özü də çox nüfuzlu dərgilərdə. Əhalinin bir qismində əvvəlki dilxorçuluq və giley yoxdur. Amma ölkə tanındıqca, onun haqqında çox yazıldıqca və daha çox danışıldıqca hakimiyyətdəkilərin ovqatı təlx olur. Səbəb budur ki, təkcə ölkənin adı beynəlmiləlləşmir, onun problemləri də beynəlmiləlləşir. O vaxt, bir neçə il bundan əvvəl ölkəni tanımırdılar, uzağı kimsə eşitmişdi ki, neft ölkəsidir, amma bu ölkə necə yaşayır, necə idarə olunur, bunu çox az adam bilirdi. İndi isə maraqlanmağa başlayıblar. Maraqlıdır ki, adi insanlar hətta o səpkidə, yəni problemlər haqqındakı yazılardan əndişələnmirlər, bunu çox normal qəbul edirlər. İndi hansısa avropalı siyasət adamı mahnı festivalını boykot etməyə çağırır. Heç kimi bu qeyzləndirmir, insanlar buna görə çölə çıxmaq və «etiraz» etmək fikrinə düşmürlər. Əvvəllər belə şey olmamışdı və Azərbaycandakı insanlar da başa düşməyə başlayıblar ki, avtoritar sistemə qarşı sanksiyalar, təpkilər təkcə hansısa məkrli geosiyasi planların nəticəsi tək baş vermir, insanlar həqiqətən də siyasi məhbuslara, avtoritar ölkələrin vətəndaşlarına dəstək vermək istəyirlər. Bir də artıq «evin sirlərini elə evdə saxlamaq, çölə çıxarmamaq» fəlsəfəsi işləmir. Necə ola bilər ki, ölkədən bir möhtəşəm bayram keçirilsin, amma bəzi insanlar bu bayramı siyasi məhbus kimi qarşılamış olsunlar?! Bir vaxt sovet rəhbərliyi harada görünürdüsə bir hadisə mütləq baş verirdi: A. Saxarova azadlıq tələb edən insanlar dərhal bu adamların dayandığı yerlərin qarşısını kəsdirir, öz etirazların bildirirdilər. Bu sözləri N. Mandela və CAR-ın məmurları haqda da demək olar. İndi bunları bütün avtoritar ölkələrə qarşı edirlər və bu siyasi-ictimai həmrəyliyin gözəl bir nümunəsinə çevrilib. Artıq belə bir fikir ümumi dəstək tapır ki, xaricdən, beynəlxalq ictimaiyyət və institutlar tərəfindən təzyiqlər olmasa, ciddi və ən başlıcası ardıcıl sanksiyalar olmasa avtoritar sistemlərin ömrünü qısaltmaq çətin olacaq. İndi demokratiyanın ixracı da heç kimə qəribə görünmür. O daha əvvəlki tək «insanlar etiraz etmirsə, deməli avtoritar sistem legitimdir» kimi iddialarla qarşılaşmır. Suriya müxalifəti bir ildir diktatorla döyüşür. Bu qədər itkidən, minlərlə insan öləndən sonra yenə də B. Assad-in sistemini bir legitim sistem kimi qəbul etmək olarmı? Təbii ki, olmaz. İnsan etiraz etmirsə və öz hüquqlarını müdafiə etməkdə acizdirsə bu, hələ o demək deyil ki, onun bu davranışı hüquqlarının əlindən alınması üçün əsas ola bilər...

KİÇİK SÖZARDI

Mən bu sətirləri yazarkən Milli Məclisdə Almaniyanı qınayırdılar. Səbəb də budur ki, o ölkənin mətbuatında bir neçə dəfə Azərbaycan haqqında tənqidi məqalə dərc olunub. Bu yaxınlarda bir az da irəli getmişdilər. Rəsmi, dövlət kanalında bir verilişi Avropadakı böhrana, «dözülməz həyata» həsr etdilər.

Bunlara baxanda yenidən sovetləri xatırladım. O vaxt ABŞ–a gedib zəncilər yaşayan məhəllələrdən, hinduların rezervasiyalarından filmlər çəkirdilər və bunu ABŞ-dakı həyatın dözülməz dərəcədə ağır olmasının sübutu kimi efirə verirdilər. Bir neçə il keçdi, həmin sovetin vətəndaşları ABŞ–a gedib orada o «dözülməz həyat»ı yaşamaq üçün növbəyə dayandılar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG