Keçid linkləri

Təcili xəbərlər

Vicdan məhbusu hesab edilən müxalifət fəalları niyə azad edilmədi?


Arxiv foto: Müxalifət fallarının 2011-ci il martın 12-də Bakıda keçirdiyi etiraz aksiyasından görüntü.
Arxiv foto: Müxalifət fallarının 2011-ci il martın 12-də Bakıda keçirdiyi etiraz aksiyasından görüntü.
-



Böyük mahnı festivalının başlaması ilə beynəlxalq insan haqları təşkilatlarının vicdan məhbusları saydıqları adamların azad ediləcəyi ilə bağlı ümidlər də söndü. Hətta prezidentə fərdi müraciətlər də oldu, lakin bunlar da bir nəticə vermədi.

İndi İctimai Palata bu məhbuslara dəstək üçün piket və aksiyalarını davam etdirir. Amma piket və aksiyalar belə həbsdəki məhbuslarının vəziyyətini yüngülləşdirmir, əksinə saxlanılanların və polis zorakılığına məruz qalanların sayını artırır.

Vicdan məhbusları hesab edilən şəxslərin niyə azad edilməməsi sualı isə daha çox siyasətdən uzaq adamları məşğul edir, çünki bunun cavabı sadədir: hakimiyyət müxalifətin və cəmiyyətin gözündə zəif görünmək istəmir. Güzəşt zəiflik əlaməti kimi qəbul edildiyindən vicdan məhbusları ilə bağlı müraciətlər cavabsız qalır. Həm də məhbuslara «dərs» vermək istəyi hiss olunur, guya hakimiyyət dairələri onların islah edilməsini arzulayır. Bunun özü də qəribə tendensiyadır.
...hakimiyyət müxalifətin və cəmiyyətin gözündə zəif görünmək istəmir. Güzəşt zəiflik əlaməti kimi qəbul edildiyindən vicdan məhbusları ilə bağlı müraciətlər cavabsız qalır.

Sərbəst toplaşmaq azadlığı o qədər fundamental azadlıqdır ki, bütün beynəlxalq sənədlərdə öz əksini və təsdiqini tapıb. Məgər insanlardan bir daha aksiyalarda iştirak etməmək və etirazı bildirməmək haqqında təminat və yaxud yazılı iltizam almaq olarmı?

Yazını yazarkən Rusiyadan maraqlı bir məlumatı oxudum. Ölkə parlamenti aksiyalarda və piketlərdə iştiraka görə cərimələri və cəzaları artırmaq istəyir və bunun tezliklə ediləcəyi gözlənir. Mən bu misalı ona görə çəkdim ki, ona müəyyən mənada xarakterik hal kimi yanaşmaq mümkündür. İnanmıram ki, hansısa digər bir normal ölkədə belə hallara təsadüf olunsun.

ÜMUMMİLLİLİK MENTALİTETİ NECƏ ZƏİFLƏYİR?

İndi ölkə əslində çətin bir dövr yaşayır. İranla münasibətlər gərgin həddə çatıb.

Əslində İranın bu hərəkətlərinə qarşı ümumi bir etiraz olmalı idi. Lakin belə hal müşahidə olunmadı. Məsələ də bundadır ki, hakimiyyət öz siyasəti ilə müxalifətdə və cəmiyyətdə «ümummillilik mentaliteti»ni zəiflədir, çünki bu ölkədə hakimiyyətin müxalifətlə bağlı siyasətini bir cümlə ilə ifadə etmək və bununla da məsələnin mahiyyətinə varmaq olar: hakimiyyət belə hesab edir ki, müxalifət üçün pis olan hər bir şey onun üçün yaxşıdır.

Ona görə də indi ən fədakar insanlar, milli istiqlal məfkurəsini hər şeydən uca tutanlar belə, o həddə çatdırılıblar ki, heç bir halda özlərini bu hakimiyyətlə birlikdə görmək istəmirlər.

Belə siyasət gec-tez adekvat reaksiya yarada bilər və bir gün elə müxalifət təmsilçiləri və müstəqil insanlar belə qərara gələ bilərlər ki, indiki hakimiyyət üçün pis nə varsa, onlar üçün yaxşıdır.

Mən belə halı Rusiyanın tarixindən bilirəm. Bir vaxt bolşeviklər məhz belə mövqe tutmuşdular, onlar çar hakimiyyətinin süqutu üçün bütün üsul və metodları məqbul sayırdılar və bunun nəticəsini də hamı gördü.

SİYASƏTDƏ RADİKALLAŞMA MEYLİ HİSS OLUNURMU?

Yenə də Rusiyadan misal gətirəcəm. Bu ölkənin analitikləri meydan və küçə civarlarında «siyasi barometr»in göstəricisinin artdığına işarə vururlar. Elə Azərbaycan da bu baxımdan istisna deyil.
Siyasətdə dinc və mütərəqqi metodlar öz gücünü itirəndə, onlara yer olmayanda siyasət özü də kriminallaşır.

Mən tez-tez güc strukturlarının keçirdiyi əməliyyatlara baxıram. Demək olmaz, bunların hamısı kriminal və sırf cinayət aləminə məxsus hadisələrdir. Zərərsizləşdirilən bəzi qruplar və dəstələr bəzən konkret siyasi məqsədlər də güdür.

Ölkənin əsas müxalifəti dinc mübarizə hüdudlarından kənara çıxmır. Amma bunu bütün siyasi qrup və təşkilatlar haqda demək mümkündürmü? Çox məşhur bir deyim var ki, o yerdə ki, boşluq var, o, tutulmalıdı, necə deyərlər, müqəddəs yer boş qalmır və bunun təzahürləri tez-tez görünür.

Sadəcə, bu qruplar kütləvi mübarizə metodları seçmədiklərindən belə təəssürat yaranır ki, onlar heç bir sosial və siyasi dəstəyi olmayan marginal qruplardır.

Amma belədirmi? Təəssüf, yox!

Bu həm də təbii bir haldır. Siyasətdə dinc və mütərəqqi metodlar öz gücünü itirəndə, onlara yer olmayanda siyasət özü də kriminallaşır. İndi bəzi islam ölkələrində radikal dini qrupların seçdiyi mübarizə üsulları hamının təəccüb və təəssüfünə səbəb olur.

Lakin həmin ölkələrdə siyasətin radikallaşması o qədər də qeyri-adi bir hadisə deyil. Bu həm də həmin ölkələrdəki siyasi və ictimai modellərin nəticəsidir.

KİÇİK SÖZARDI

Bir sözlə, hakimiyyət vicdan məhbuslarını azad etmədi. Bunun sonu nə ola bilər?

Məhbusların müddətləri o qədər də böyük deyil, onlar bu müddətləri çəkib qurtaracaqlar. Sadəcə, bir məsələ var ki, bəli, yaxşılıqlar kimi pisliklər də unudulmur. Ona görə də yaxşılıqların sayını artırmaq, bu yolla vətəndaş sülhü və barışığı üçün ən etibarlı zəmin yaratmaq daha yaxşı olmazdımı?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG