Keçid linkləri

Rusiyadakı bir neçə müxalifət partiyasının birləşməsi azərbaycanlı oxucuda təəccüb doğuracaq dərəcədə maraq yaratdı. Bununla bağlı xəbərlər hətta ən çox izlənilənlər sırasına çıxdı. Mən bunun əsl səbəbini açmaqda acizəm. Bir məsələni qeyd edə bilərəm ki, Azərbaycan daha əvvəlki tək Rusiya ilə bağlı ölkə deyil. Amma yerli əhali arasında hələ də qonşu ölkənin içində gedən və başqa ölkələr üçün də nəticə verə bilən proseslərə maraq böyükdür. Ən çox maraq kəsb edən budur ki, Putin-Medvedev tandemi siyasi partiyaların və qrupların qeydiyyatını asanlaşdırmaqla onların xırdalanacağını fərz edirdilər. Yerli analitiklər də prosesin bu istiqamətdə gedəcəyini düşünürdü. Lakin əksinə oldu, partiyalar birləşməyə başladılar. İndi oxucu üçün o proseslərin davamı deyil, Azərbaycanda analoji hadisənin baş verə bilməsi maraq kəsb edir. Bəlkə elə Rusiyada baş vermiş prosesə maraq da artıq bir siyasi mifə çevrilmiş inteqrasiya tendensiyaları ilə bağlıdır. Mən «mif» deyəndə prosesi qeyri-mümkün kimi təqdim etmək niyyətində deyiləm, əksinə onun cazibə gücünü cızmaq istəyirəm. Müxtəlif adamlarla, bəzən siyasətdən uzaq olan insanlarla söhbətlərdən hiss edirsən ki, onlar partiyaların çoxluğunu faktiki olaraq onların yoxluğu kimi qəbul edir və partiyaların birləşməsini arzu edir.

Partiyalar isə birləşmək məsələsini azad seçkilərin yoxluğunun səbəbi kimi yozurlar. Amma bir detala diqqət yetirmirlər ki, burada həm də əks-əlaqəni görmək lazımdır: seçki böyük partiyalar üçün zəmin olduğu kimi, partiyalar da azad seçki üçün zəmindir. İndiki «çoxpartiyalılıq»dan nə cəmiyyət, nə də partiyalar bir xeyir götürür. Bundan yalnız psevdo-demokratiyanı həqiqi demokratiya kimi təqdim edənlər udurlar. Lakin mən burada vaxtı birləşmək məsələsinin nə qədər zəruri olduğunun əsaslandırılmasına sərf etməyəcəm, çünki bu vaxta qədər bütün arqumentlər səslənib. İndi növbəti böyük seçki prosesinə bir ildən bir qədər artıq vaxt qalıb. Bunu çox da qəbul etmək olar, az da. Hər şey müxalifətin növbəti ilə hansı planlarla getdiyindən asılıdır. O da var ki, heç hakimiyyətin də planları düşünülən qədər aydın deyil və necə deyərlər, buralarda üfüqlərin zahiri sakitliyinin arxasında hələ çoxlu qaranlıq mətləblər dayanır.

İ. ƏLİYEV 2013-CÜ İLDƏ NAMİZƏD OLACAQMI?

Hələlik bunun əksini fərz etmək üçün elə bir əsas yoxdur. Konstitusiyanı 3 il bundan əvvəl dəyişiblər, hakim partiya başqa namizədinin olması ilə bağlı hər hansı siyasi işarə vermir. Qərəz, zahirən də olsa hər şey məhz ona dəlalət edir ki, İ. Əliyev növbəti dəfə də prezident olmaq fikrindədir. Amma o da var ki, hətta V. Putin hakimiyyətini birbaşa uzatmadı, böyük siyasi tryukla növbəti dəfə hakimiyyətə gəldi. İ. Əliyevin bir məsələdə bəxti gətirməyib ki, indi Azərbaycana maraq böyükdür, əvvəllər belə maraq yox idi. Hətta bəzən belə fikirlər səslənir ki, ona heç bir problemsiz üçüncü dəfə namizəd olmaq müyəssər olmayacaq və Əliyevlər ailəsi də hansısa siyasi kombinasiyaların köməyinə müraciət etməli olacaq. Amma Putindən fərqli olaraq Əliyev üçün «öz Medvedevi»ni tapmaq çox çətindir. Hətta bu cür variant olsa belə, onun yalnız ailə çərçivəsində ola biləcəyini güman etmək elə də çətin bir məsələ deyil. Çünki ölkədə faktiki olaraq iki nəfərin təbliğatı gedir və əksər hallarda bu təbliğatın hansının digərinin tərkib hissəsi olduğunu müəyyən etmək və siyasi iddiaların konturunu dəqiq cızmaq çətindir. Aydın olanı budur ki, ölkəni bir ailə idarə edir və elə hakimiyyət məsələsi də həmin ailənin çərçivəsində həll olunmalıdır. Qeyri-demokratik ölkələrdə hakimiyyətlərin təzələnməsi həmişə bir tamaşa olur. Bu mənada 2013-cü ilin seçkiləri də bir siyasi tamaşa olacaq. Amma o neçə «pərdə»dən ibarət olacaq, necə və hansı quruluş veriləcək, baş «rol»ların ifaçıları kim olacaq - indi bu sualların cavabları həqiqi seçkilərin yarada biləcəyi maraqdan heç də az maraq kəsb etmir.

QURULTAY ARDINCA GÜRCÜSTANA?

1990–cı ildə o vaxtkı Xalq Cəbhəsi, səhv etmirəmsə, öz konfransını Bakıdan uzaqda – əyalətdə keçirmişdi. Bu, 20 Yanvar hadisələrindən, müxalifətə qarşı o vaxtkı hakimiyyətin təzyiqlərindən sonra baş vermişdi. İndi soraqlar daha uzaqdan – Gürcüstandan gəlir. Mən bilmirəm, bunu necə yozum, kimin «irəliləyiş»i kimi qeyd edim. Lakin fərq etməz. Fikrimcə, bu heç də pis ideya deyil və hətta onun formatını dəyişərək bir qədər inkişaf etdirmək də olar. O ki qaldı, müxalifətin indiki vəziyyətinə xanım Hillary Clintonun onlarda yaratdığı məyusluğu dəf etmək hələ alınmır, çünki müxalifət bu görüşə çox ümid edirdi. Amma o da var ki, müxalifət ümid etdiyi kimi cəmiyyət də ümidlərlə yaşayır və həmin ümidlərdən biri də partiyaların inteqrasiyası ilə bağlıdır. Elə gürcü müxalifəti üçün də bu inteqrasiya pis perspektiv vəd etmir. Amma bəlkə məsələnin elə qəlizliyi də ondadır ki, perspektivlə bağlı təxminlər müxtəlifdir? Elə deyilmi?...

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG