Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan əsgəri Pərvizə məktub


Sevda Ismayıllı
Sevda Ismayıllı
İyunun 26-sı Ordu Günüdür.
Təbii ki, bu gündə düz 94 il öncə Cümhuriyyət ordusunu yaratmaq yolunda min bir əziyyətə qatlaşanlar yada düşür—Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Murad Gəray bəy Tlexas, Məmməd bəy Şulkeviç ...

Onlara min rəhmət!

Yaratdıqları ordu cəmi iki ildən sonra darmadağın olsa da, öz taleləri sonda faciə ilə bitsə də, adları sayğı ilə xatırlanacaq!

Əziz oxucum!

Məni bağışla!
Bu gün onlardan deyil, Azərbaycan əsgəri Pərvizdən yazmaq qərarına gəldim.
Pərviz mənim üzünü görmədiyim, ancaq varlığını duyduğum gənc dostlarımdan biridir.
Xaricdə təhsil alıb—Misirdə. Ötən il təhsilini başa vurub Azərbaycana qayıdıb.
Hələ Misirdəykən həmişə hazırladığım proqramları dinləyirmiş. Məni «Facebook»da çox axtarıb tapmayıb və bir gün AzadlıqRadiosunun profilinə yazıb. Elektron poçt adresimi istəyib.
Beləcə, yazışmağa başladıq.
Verilişlərimizi nizamla dinləyirdi. Hətta arxivdə olanları da.
Azərbaycan Cümhuriyyəti ilə bağlı verilişlərə xüsusi həssaslığı vardı.

Özü demiş «doğma Cümhuriyyətə qarşı biganəlik» onu üzürdü.

Amma həmən əlavə edirdi ki, «gənclik olaraq qəlbimiz İstiqlal carçıları ilə bir döyünür».
Bir dəfə Cümhuriyyətlə bağlı verilişlərimizin sonunda səsləndirdiyimiz himnin səslənişi onu həyəcanlandırmışdı. Oxuyanların kimliyini soruşurdu. Cavab verdim ki, 1965-ci ildə Almaniyada AzadlıqRadiosunun Münhen bürosunda oxunub bu himn—Cümhuriyyət qurucularının davamçıları tərəfindən... Himni ona göndərməyi rica etdi. Göndərdim.

Pərviz hətta bizə mövzu da tapırdı.

Təhsilini başa vurmağa bir az qalmış eşidib ki, II Dünya Müharibəsindən sonra kral Faruq M.Ə. Rəsulzadənin xahişi ilə bir qrup Azərbaycanlı legioneri himayəsinə alıb Misirə aparıb. Çünki onlar Azərbaycana qayıtsaydılar, «Vətən xaini» damğası ilə güllələnəcəkdilər... Bəlkə bu mövzunu daha geniş araşdırasınız—deyə xahiş edirdi Pərviz.
Xatırlayıram, ötən yaz ABŞ-da vəfat edən müğənni Sona xanım Aslanovanın yandırılması onu lap kövrəltmişdi: «Verilişi dinləyəndə, göz yaşlarımı saxlaya bilmədim»—deyirdi. «Mən özüm də qürbətdə yaşayıram, qürbətçiliyin nə olduğunu bilirəm...».
Sona xanımın «şirin» və «doğma» Bakı ləhcəsində danışığı onu duyğulandırmış, Vətən həsrətini alovlandırmışdı. «Yaşasın Azərbaycan!»—deyirdi Pərviz.

Pərviz elə gözəl fikirlər yazırdı ki...
Mənimlə bağlı elə xoş sözlər işlədirdi ki, inanın, bura yazmağa utanıram.
«Vətənin ən dəyərli, sayseçmə övladlarını sizin verilişlər sayəsində tanıdım»—yazırdı.
Və ötən yay bərk xəstə olduğum bir zamanda ondan növbəti məktub gəldi. Bütün həyatını mühacirətdə keçirməyə məcbur qalmış, Azərbaycanda Azadlıq yelləri əsəndə--1988-ci ildə dünyadan köçmüş Bakılı Əziz Alpoutla bağlı hazırladığımız «İz»dən yenə kövrəlmişdi Pərviz...
Əziz bəyin müstəqil Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağının təkrar Milli Məclisinin binası üstündə dalğalanmasını arzu etməsinə, üçrəngli bayrağın Xəzərdən qopub gələn küləklərin salamlayıb, oxşamasını bir də görmək istəməsinə və görə bilməməsinə üzülmüşdü...
Sonda mənə «möhkəm cansağlığı» arzulayırdı. «Tanrı Sizi qorusun!» --yazırdı.
Pərviz mənim bu anda məhz Tanrıya ehtiyacım olduğunu haradan bilirdi?!

Bu dəfə Pərviz məni ağlatdı...

Ötən ilin sentyabrın 15-də ondan yenə məktub aldım. Yazırdı ki, artıq Vətənə qayıdıb. Əsgəri xidmətə hazırlaşır. «Allaha əmanət olun!», «Haqqınızı halal edin!»—deyirdi.
Ona uğurlu yol arzuladım.
Və beləcə, yazışmalarımız kəsildi...

O, indi əsgərdir!

Bax, bu məktubu üzünü görmədiyim bir Azərbaycan əsgərinə--Pərvizə yazıram.

Pərviz! Bilmirəm necəsən...
Kaş yaxşı olasan!
Əlimdə olsaydı, sənin kimi oğulları göz bəbəyim kimi qoruyardım.
Sənə hər gün təzə ətdən-tərəvəzdən bişirilmiş yeməklər hazırlayardım.
Sənin pis şəraitdə yaşamana razı olmazdım.
Tez-tez eşitdiyimiz ordu qalmaqallarında adının hallanmasını da istəməzdim.
Demokratik Azərbaycanın qürurlu ordusunda xidmət keçməni arzulardım.
Amma... nə yazıq ki, biz böyüklərin siz gənclərə ötürdüyü Azərbaycan budur...
Torpaqlarının beşdə biri əlindən alınmış yaralı Azərbaycan!
Neft pullarından havalanaraq «Yanıq Kərəmi» havası üstündə oynayan bir qrup!
Səsi içində boğulan bir toplum!
Buna görə bizi bağışla!
Özündən muğayat ol.
Ordu Günün mübarək!
Bir də, əsgərlikdən qayıdan kimi poçtunu mütləq yoxla.
Yazdığım məktubu indi sənin poçtuna yollayacam.

Hörmətlə: Sevda İsmayıllı

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG