Keçid linkləri

Təcili xəbərlər

Nədən «Nabucco West» ?


Arxiv foto: Qaz kəməri tikintisi
Arxiv foto: Qaz kəməri tikintisi
İyunun 28-də «Şah-dəniz» konsorsiumu Cənubi-şərqi və Mərkəzi Avropa istiqamətində potensial qaz ixracı marşrutlarının dəyərləndirilməsi mərhələsini yekunlaşdırdı. Yatağın işlənməsinin 2-ci mərhələsi çərçivəsində hasil olunacaq təbii qazın Mərkəzi Avropaya potensial ixracı üçün variant kimi Nabucco West layihəsinin seçildiyini elan etdi. Bununla da «Şah-dəniz» konsorsiumu tərəfdaşlarının Bolqarıstan, Rumıniya və Macarıstan şirkətləri ilə birlikdə tərtib etdikləri Cənubi-Şərqi Avropa Boru Kəməri (SEEP) layihəsinin işlənməsi dayandırılır.

SEÇİM NİYƏ BELƏ OLDU?

Əgər yerli və xarici KİV-lərdə gedən materialları təhlil etsək, Nabucco West layihəsinin «Şah-dəniz» konsorsiumu iştirakçıları tərəfindən mükafatlandırılması əslində gözlənilməz bir qərar idi. Çünki Nabucconun cari ilin fevralından Nabucco West adlı qısaldılmış bir layihəni gündəmə gətirməsinə baxmayaraq, əslində konsorsiuma təkliflər mayın 15-də vermişdi. Qısa bir zamanda Nabucco West-in Azərbaycan tərəfini çox cəlbedici təkliflərlə inandırması bir qədər təəccüblü görünür. Necə olmasa da, uzun illər «ağıllarına gəlməyən» və «ipə-sapa yatmayan» bir konsorsiumdan bu cür operativlik gözləmək özü bir gözlənilməzlikdir. Necə olmasa bu il Nabucconun gündəmə gəlməsinin 10 yaşı tamam olur axı...

BP
BP
Elə isə bir qədər məsələyə soyuq məntiqlə yanaşaq və görək nə baş verdi ki, «Şah-dəniz» layihəsi iştirakçılarının özlərinin başda BP olmaqla 2011-ci ildən ciddi-cəhdlə hazırladıqları layihə kəmərlərin mübarizəsində növbəti «zəif bənd» hesab edildi?
BP şirkəti və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə məlumatında bəyan edilib ki, «Nabucco West layihəsinin daha yetkin olması konsorsiuma xüsusi əminlik verir. Bu layihə «Mərhələ-2» ilə eyni vaxt çərçivəsində işlənib hazır ola biləcəkdir».

İctimaiyyət üçün acıqlanan bu məlumatdan gəlinən nəticəyə görə, Nabucco West əsasən ona görə qalib elan olunub ki, SEEP layihəsinin tikinti işlərinin «Mərhələ-2»dən qaz çıxana kimi başa çatmayacağı bəlli olub. Başqa məsələlər o qədər də önəmli olmayıb. Çünki məlumatda qeyd olunur ki, «Konsorsium indən belə həmin layihənin miqyası, texniki araşdırmaları və kommersiya təklifinin optimallaşdırılması məqsədi ilə Nabucco West-lə əməkdaşlıq edəcək». Daha doğrusu, «Şah-dəniz» konsorsiumu budan sonra Nabucco West-i çək-çevir etməlidir ki, görsün onun kommersiya təklifləri nə dərəcədə layihə iştirakçılarının istəkləri ilə üst-üstə düşür, yəni optimaldır.

Ancaq 2011-ci ilin sentyabrında BP-nin London ofisində bir qrup azərbaycanlı jurnalistlə görüşəndə şirkətin «Şah-dəniz» üzrə vitse-prezidenti Alister Kuk bəyan etdi ki, «Şah-dəniz» qazının Avropa bazarlarına çıxarılması üçün yeni bir variant irəli sürürlər. Bu, SEEP adlanacaq layihədir. BP rəhbərliyi həmin kəməri ən optimal variant kimi dəyərləndirirdi, çünki, ölkələr arasında birləşdirici kəmərlər şəbəkəsinin yaradılmasını nəzərdə tuturdu və məsrəfləri digər layihələrdən dəfələrlə az idi. O zaman c-b Kuk bir şeyi də demişdi ki, «biz artıq «Mərhələ-2» çərçivəsində ixrac ediləcək qazın ölkələr üzrə marketinqini aparmışıq və SEEP məhz bu bazarlara tuşlanan layihədir».

Bu baxımdan Nabucco West-in SEEP-i üstələməsi əslində bir sıra suallar ortaya çıxarır. Onlardan ən mühümü və Qərbdə də aktuallığını itirməyəni budur ki, Azərbaycan niyə «Şah-dəniz-2» qazının Avropaya hansı marşrutla ixrac ediləcəyini bu qədər yubadır?.

İL YARIM UZANAN TENDER

Yadınızdadırsa, 2011-ci il oktyabrın 1-də Azərbaycan qazını Avropaya daşımaq istəyən kəmər konsorsiumlarının rəsmi təkliflərinin verilmə müddəti başa çatdı. O zaman elan edildi ki, 3 həftə ərzində tender təklifləri nəzərdən keçiriləcək və noyabrın əvvəllərində qalib elan ediləcək. Sonradan bu tarix 1 dekabra, ilin sonuna və 2012-ci ilin əvvəlinə keçirildi. Nəhayət, 2012-ci il fevralın 9-da BP şirkəti tərəfdaşları adından qalibi deyil, kəmər konsorsiumları içərisində ən zəif təklif verənin - İTGİ (Türkiyə-Yunanıstan-İtaliya)-ın adını açıqladı. Bəyan etdi ki, artıq bu şirkətlə danışıqları dayandırır. Elə o zaman bəlli oldu ki, növbəti turda daha bir «zəif bənd»in aşkarlanması cari ilin 30 iyununa qədər olmalıdır və qalib 2013-cü ilin ortasında müəyyənləşəcək.

Qaz kəməri terminalı
Qaz kəməri terminalı
Axı nə baş verir ki, məsələlərin çözülməsi bu qədər yubanır? Bunu seçimə bağlamaq, məncə sadəlövhlük olardı. Burada əslində istər texniki, istərsə də kommersiya adı ilə araşdırılası elə bir mürəkkəb məsələlər yoxdur. Demək, ortada qalır strateji-siyasi əhəmiyyət kəsb edən bir sıra regional əhəmiyyətli məsələlərin həlli. Bu məsələlərin həlli ilə bağlı sona qədər razılıq əldə edilmədiyindən məsələlər də uzanır.

Ötən ilin oktyabrından Azərbaycan Türkiyə ilə paket qaz sazişi imzalamağa nail oldu. Faktiki olaraq TANAP layihəsini irəli sürməklə Nabucco-nu gündəmdən çıxartmağa start verdi. Elə o zamandan da Azərbaycanla Avropa Birliyi arasında bir siyasi gərginlik yaşanmağa başlandı. Azərbaycanla Türkiyə arasında dekabrın sonlarında TANAP-a dair hökumətlərarası sazişin imzalanması ilə bu gərginlik demək olar ki, daha da «alovlandı».

Hətta iş o səviyyəyə çatdı ki, bu il martın əvvəllərində Avropa Birliyinin Bakıdakı təmsilçisi Roland Kobia bəyan etdi ki, əgər Azərbaycan tələsməsə, onun qazının yerini başqa mənbələrdən gələn mavi yanacaq tuta bilər. İndi güman etmək olar ki, mayın əvvəllərində SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun «Nabucco gündəmdən çıxmayıb, TANAP isə bir konsepsiyadır» deməsi sadəcə Avropanın bəzi dairələrinin könlünü almaqdan başqa bir şey deyilmiş.

Nəticədə isə TANAP-la bağlı bütün kommersiya sazişləri imzalandı və SOCAR bu kəmərin operatoru oldu.

NABUCCO OLACAQMI?

SOCAR
SOCAR
Əslində ənənəvi Nabucco artıq yoxdur, nə uzunluğuna görə, nə də buraxıcılıq qabiliyyətinə görə. 3300 km-lik bir layihənin 2000 km-ini demək olar ki, tam marşrutu ilə Azərbaycan Avropa şirkətlərinin əlindən alındı. Bundan başqa Nabucco West tam olaraq Azərbaycan qazından asılı bir vəziyyətə salınır və onun manevr imkanları zəifləyir.

Bir tərəfdən baxanda rəsmi Brüssel Nabucco West-in reallaşmasına sevinməlidir. Çünki, mahiyyətcə Nabucco həyata keçir: fərqi nədir -onun bir hissəsi TANAP adlanır, mahiyyət isə dəyişmir ki...? Əslində isə bu ilk baxışdan belə görünür. Çünki Avropa da yekcins deyil və onun ayrı-ayrı fərdləri və qrupları arasında da mübarizə gedir.
Bəs birdən birə Nabucco West-in şanslarının artmasına daha nə səbəb ola bilərdi?

SEEP-in bir çatışmayan cəhəti vardı ki, onun bazarı məhdud idi. Yəni o tuşlanmışdı «Mərhələ-2» çərçivəsində Avropaya çıxarılacaq 10 mlrd. kubmetr qazın satılması üçün. Azərbaycanı isə 2022-2023-cü ildən qaz həcmlərinin genişləndirilməsi və 2030-cu illərdə Avropa bazarında ən azı 20 mlrd. kubmetr qazın satışı maraqlandırırdı. Ancaq bu arada məlum oldu ki, Rumıniya Azərbaycan qazının əsas alıcısı siyahısından çıxır. Çünki bu ölkənin Qara Dəniz şelfində ona bəs edəcək kifayət qədər qaz ehtiyatı tapılıb. Başqa bir tərəfdən, məlum oldu ki, Rusiya «Cənub axını» layihəsini hökmən yerinə yetirməkdə israrlıdır və Bolqarıstandan bu qazın Avstriyanın Baumqarten qaz ötürücü mərkəzinə daşımaq fikrindən vaz keçib. Rusiya əsas hədəfini Balkanlara, Adriatik dənizi hövzəsi ölkələrinə yönəldir. Tərslikdən 2020-ci ilə kimi Cənubi Avropada bir neçə LNG terminal istifadəyə veriləcək ki, Afrika və Yaxın Şərq ölkələrindən qaz idxalını bu bölgəyə çoxaldacaq. Belə olan tərzdə Azərbaycan qazının satışında müəyyən problemlər yarana bilər. Bu baxımdan marketinq risklərini azaltmaq məqsədilə qazın Baumqartenə çatdırılması (orada topdansatış bazarıdır və Avropanın istənilən nöqtəsinə istənilən mövsüm mavi yanacaq satmaq mümkündür) görünür, daha məqsədəuyğun hesab edilir.

P.S. İndi əsas məsələ kommersiya məsələlərinin düzülüb-qoşulmasıdır. Ancaq ondan da vacibi qiyməti təqribən $40 mlrd. ($25 mlrd. - Mərhələ-2 layihəsi, $9 mlrd. - TANAP, $6 mlrd. - Nabucco West) olan layihənin ərsəyə gəlməsi üçün bütün bölgədə stabil şəraitin uzun müddətli təmin edilməsinə qarantiya almaqdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG