Keçid linkləri

Təcili xəbərlər

Hökumətin demoqrafik siyasəti varmı?


Arxiv foto
Arxiv foto
İ. Əliyevin iki dəfə demoqrafik vəziyyətə toxunması hakimiyyətin bu məsələ ilə bağlı nəsə düşündüyünü deməyə əsas verir. Amma dövlətin çox mühüm bir atributu olan demoqrafik göstəricilər təəssüf ki, nə bəlağətli sözlərlə, nə də vədlərlə müəyyən olmur, bunun üçün ciddi bir konsepsiya olmalıdır. Bir neçə il bundan öncə prezidentliyinin ilk çağlarında İ. Əliyev insan kapitalının ölkənin ən əsas göstəricisi olacağını desə də sonrakı vaxtlarda nə sosial və iqtisadi baxımdan, nə də mədəni – mənəvi aspektdən bu, konkret əməllərdə ifadə olunmadı. Ona görə də bu gün o, demoqrafik göstəricilər haqqında öz fikirlərini deyəndə nə bunu doğuran zəruri amillər, nə də ki, bunun üçün və ümumiyyətlə insan amili ilə bağlı digər məsələlər üçün hansı işlərin nəzərdə tutulduğu aydın olmur. Yüksək demoqrafik göstəricilər üçün bir neçə şərtin olması vacibdir. Birincisi, sosial təminat qaydasında olmalıdır. İkincisi, hər bir ailənin normal mənzil şəraiti olmalıdır. Üçüncüsü isə, səhiyyə məsələləri yoluna qoyulmalıdır. İndilər bir uşaq üçün anaya vur-tut 75 manat birdəfəlik müavinət nəzərdə tutulur. Uşağı isə ən azı 18 il təmin etmək, yedirtmək və geyindirmək, təhsil vermək və böyütmək lazımdır. Cəmi 75 manatla özünün sosial missiyasının bitdiyini zənn edən dövlət yüksək demoqrafik göstərici uma bilərmi? Azərbaycanı Skandinaviya ölkələrilə, Almaniya, Fransa və ya başqa inkişaf etmiş ölkələrlə müqayisə etmək niyyətində deyilik. Amma gəl ki, Azərbaycan heç MDB ölkələri ilə də müqayisə olunmaq səviyyəsində deyil. Həmin ölkələrin ötəri statistikası nə göstərir?

HARADA UŞAQLARI DAHA ÇOX SEVİRLƏR?

Bir neçə statistik göstəriciyə nəzər yetirək. Rusiyada bir uşaq üçün nəzərdə tutulan müavinət 400 dollardır. Ukraynada birinci uşağa görə 1800, ikinci və üçüncü uşağa görə isə uyğun olaraq 3500 və 7000 dollar nəzərdə tutulur. O qədər də qabarıq inkişafı ilə seçilməyən Qazaxıstanda analara ilk iki uşağa görə 300 dollar, dördüncü uşağa görə isə düz 500 dollar müavinət nəzərdə tutulur. Bu, hələ hamısı deyil. Ermənistanın müvafiq statistikasına baxanda adam hətta bir utanc hissi keçirir. Cənubi Qafqazın iqtisadi potensialı ən zəif olan Ermənistanda birinci və ikinci uşağa görə 135 dollar, üçüncü uşağa görə isə 1200 dollar müavinət verilir. Bundan başqa, 18 yaşına qədər hər bir uşaq ayda 95 dollar alır. Çox maraqlıdır ki, sosial-iqtisadi baxımdan həmişə məsxərəyə qoyulan Ermənistanda hansı göstəricini götürürsən, o göstərici Azərbaycandakından nəinki az olmur, bəzi hallarda hətta çox olur. Belə bir halla bir vaxt iki ölkədə – Azərbaycanda və Ermənistanda müharibə əlilləri üçün nəzərdə tutulan müavinətləri tutuşdurarkən də rastlaşmışdıq. Vəziyyət indi necədir, bilmirəm. Amma bir vaxt Ermənistanda müharibə əlilləri üçün daha yüksək pensiya nəzərdə tutulmuşdu.

HÖKUMƏT NƏYƏ ÜMİD EDİR?

Ən əvvəl demoqrafik siyasət əsaslandırılmış olmalıdır. Azərbaycana indi nə qədər əhali lazımdır? Ölkənin resursları nə qədər əhalini təmin etmək və ən başlıcası nə qədər əhaliyə, necə deyərlər, duruş gətirmək iqtidarındadır? O ki qaldı, hökumətin arxayınçılığına, onlar daha çox ona ümid edirlər ki, bəzi istisnalar nəzərə alınmasa, Azərbaycanda çox uşağı sevirlər. Amma bu çox köhnəlmiş yanaşmadır. Bir vaxt rayonlarda hətta dörd uşağı olan ailələr də az uşaqlı hesab edilirdi. İndisə hətta rayonlarda daha çox iki uşaqlı və çox nadir hallarda üç uşaqlı ailələrə təsadüf olunur. Səbəbi aydındır və bunu bir qədər əvvəldə qeyd etdik. Həm də əvvəllər uşaqların çoxluğu valideynlərin tibbi məlumatsızlığının nəticəsi kimi də təzahür edirdi. İndi zaman başqadır.

Nəzərə almaq lazımdır ki, 21-ci əsrdə hər bir uşağın tərbiyəsi valideyndən daha çox məsrəf tələb edir, nəinki əvvəlki vaxtlarda və valideynlərin günahı da deyil ki, hökumət onların problemlərinə 21-ci əsrin deyil, xeyli gerinin və köhnəliyin gözü ilə baxır.

Ən son yazılan

XS
SM
MD
LG