Keçid linkləri

Təcili xəbərlər

Balığı gördülər, sirkə yaddan çıxdı...


Cəlil Məmmədquluzadə
Cəlil Məmmədquluzadə
Sizə bildiyiniz və bilmədiyiniz iki əhvalat danışacağam.
Hansından başlayım?
Bilmədiyinizdən?
Oldu!

BİRİNCİ ƏHVALAT

Mirzə Cəlilin bir hekayəsi var. Adı «Sirkə»dir.
Bu hekayəni təzə kəşf etmişəm.
Ümumiyyətlə, Mirzə Cəlilin hekayələri bənzərsizdir - həm çox ləzzətlidir, həm də, yığcam.
Bu hekayədə də adi bir hadisə nəql edilir. Amma duzlu-məzəli...
Ötən əsrin əvvəlləridir. Naxçıvandan Bakıya gələn bir yazıçı üç nəfər bakılı ədib dostu ilə görüşür. Parapet bağının (indiki Fəvvarələr Meydanı) yanından üzü bulvara xeyli gəzişirlər və... sonda qonaq acdığını bildirir.
Bakılı bunlara təklif edir ki, gəlin bizə gedək. Səhər-səhər bazardan təptəzə on iki girvənkəlik iki kütüm balığı alıb göndərmişəm anama ki, bişirsin. Ola bilsin ki, xaçpərəstlərin düzəltdiyi, biz müsəlmanlara yasaq olan o «zəhrimardan» da evdə tapıla... (Mirzə Cəlil belə yazır).
Razılaşırlar. Gedirlər bakılı yazıçıgilə.
Ürəyinizə bir şey gəlməsin. Gələnlər hörmətlə qarşılanır. Bu «Qurbanəli bəy» hekayəsi deyil ki, ev sahibi qonaqları görən kimi qaçıb axurda gizlənsin?
Qonaqlar hörmət-izzətlə qarşılanırlar.
Və birdən ev yiyəsi əlini dizinə çırpa-çırpa gəlir ki, sən demə evdə sirkə yoxmuş. Axı, kütüm balığını da sirkəsiz yedin, ya heç yemədin—ikisi də birdir (Mirzə Cəlil belə yazır).
Ev sahibi qonaqlara deyir ki, bilirəm acsınız, bir az səbrinizi basın, uşağı göndərim bazara, alsın sirkəni gətirsin. Çünki sirkəsiz kütüm balığı yemək olmaz!
Qonaqlar razılaşırlar.
Bir azdan uşaq sirkəni gətirib verir ev sahibinə. Ev sahibi də sirkəni və balıqları iki qabda buğlana-buğlana gətirir qoyur süfrəyə.
Və ev yiyəsinin qoca anası da qapının arasından: «Yeyin, qadanız mənə gəlsin» - deyib qapını örtür.
Hə, adı Əhməd Fitrət olan ev sahibi balığı tərifləyə-tərifləyə əlini sirkəyə atıb balığın üstünə tökmək istəyəndə... qonaqların biri ona deyir:
- Mən ölüm, ay Əhməd Fitrət, o yediyin balığın adını ata-anamız «balıx» qoyub, sən də elə «balıx» de, «balıq» demə!.

Əhməd Fitrət sirkənin ağzını açmamış qoyur stolun üstünə və bir az susub deyir ki, düzdür mərhum atalarımız «balıx» deyiblər, amma biz gərək «balıq» deyək. Axı, hər bir dilin qanunu var. Bizim türk dilinin də bir qanunu var, ya yox?
Ara qarışır.
Əhməd Fitrət hamının sözünü kəsib deyir:
- Biz türk milləti necə ki, hər işdə geri qalmışıq, dil barəsində də habelə. Nə bir qanun tanıyırıq, nə bir ahəngə tabe oluruq. Elə başımızı aşağı salıb Kəblə Məmmədcəfər və Fatma xalalar kimi deyirik. Onlar kimi biz də gərək balığa «balıx» deyək?
O biri bakılı ədib balıqdan bir tikə udub qayıdır ki, əlbəttə «balıx» deyək. Bəs necə sən ana dilinin tərəfdarısan?
Əhməd Fitrət də balığın bir tikəsini qoyur ağzına və göyşəyə-göyşəyə (Mirzə Cəlil elə belə də yazır) bu cür deyir:
- Qardaş, burada ana dilinin nə dəxli var? Məgər «balıx» deyəndə ana dili olur, «balıq» deyəndə ana dili olmur? Biz dörd nəfər burda təzə dil yaratmayacağıq ki? Yəqin dünyada hər bir elmin mütəxəssisi olan kimi, dilin də qanunlarını vəz edən və həyata tətbiq edən var. Asim bəyin dil barəsində tətəbböatını...

Mübahisə qızışır, nə qızışır.
Amma balıq yaddan çıxmır. Bu dörd nəfər on iki girvənkə balığı sümüyünəcən yeyib qurtarırlar.
Elə bu əsnada qapının arasından qoca ananın səsi gəlir:
- Qadanız mənə gəlsin, bu qədər «balıx-balıx» deyə-deyə niyə o gözəl sirkəni qoydunuz orada qaldı və ağzını heç açmadınız da?...

CƏNGAVƏR, YA SAVAŞÇI?

Arşın mal alan» operettası
Arşın mal alan» operettası
İndi mən də qəribə situasiyaya ((bəlkə hal-qəziyyə, ya durum yazaydım?) düşmüşəm.
Elə ki, bir mövzu ətrafında yazı yazıram, qəribə şərhlər alıram. Mövzu qalır bir yanda, başlayırlar yazının dilini saf-çürük eləməyə.
Məsələn, iki ən son misalı deyim.
Bu ay Elif Şafakla bağlı xəbərdə «şövalye» sözünü «cəngavər» kimi vermişdim. Elif Şafak-ın Fransa mükafatı qazanması unuduldu, başladılar xəbərin yazı dilini müzakirəyə.
Yazırdılar ki, türk dilində «savaşçı», «döyüşçü» kimi sözlər ola-ola fars sözünü niyə işlədirsən?
Halbuki «savaşçı» yazsaydım (hərdən yazıram da) deyəcəkdilər ki, niyə türk sözü işlədirsən?
Və yaxud yazdım ki, «Evelyn Lear şöhrəti də elə həyat yoldaşı ilə birlikdə getdiyi Avropada yaxalayıb».
Dünya şöhrətli müğənninin ölümü qaldı bir yanda, başladılar ki, şöhrəti necə yaxalayarlar? Şöhrəti qazanarlar!
Bir az geri boylansam misalların sayını artırmaq olar.

İKİNCİ ƏHVALAT

Hə, ikinci əhvalat qaldı axı.
Bu əhvalat «Arşın mal alan» operettasındandır.
Yadınızdadırmı, İçərişəhərdə sevgili axtarışında olan tacir Əsgər qoçularla rastlaşanda nələr baş verir?
Qoçulardan biri tapançanı onun gicgahına dirəyib deyir: «Oxu!», o biri deyir «Oxuma!».
Tacir Əsgər də qalır «AAAAA» eləyə-eləyə...

SON

İndi lətifəsi məndən uzaq (bəlkə gülməcəsi məndən uzaq yazaydım—onda da deyəcəkdilər ki...) qalmışam Tacir Əsgərin günündə...
Aradan yüz il keçib. Elə bil, heç nə dəyişməyib.
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!
Ah, Üzeyir bəyə rəhmət oxumaq yaddan çıxdı.
Yazmasam, məni suçlayacaqdılar ki...
Ah, suçlayacaqlar türk sözüdür, elə yazma!
Bəs nə yazım?
Yaz ki, məni günahlandıracaqdılar ki...
Axı, bu da ərəb sözüdür...
Yaz ki, məni təqsirləndirəcəkdilər ki...
Bu da fars sözüdür...
Yaxşı, onda bəs mən kiməm?
De görüm, mən kiməm?

P.S. Nahaq son yazdım. Elə bil bu əhvalatın sonu yoxdur...
P.P.S. Qarşıdan gələn 1 Avqust - Azərbaycan Dili Gününüz mübarək olsun!

Ən son yazılan

XS
SM
MD
LG