Keçid linkləri

Təcili xəbərlər

Əsl siyasət necə olmalıdır?


Rəşid Şərifin karikaturası
Rəşid Şərifin karikaturası
90-cı illərdə ölkənin müxalifət partiyaları Demokratik Konqres adlanan qurumda birləşərkən bu partiyaların hamısının bölüşdüyü ortaq və ümumi prinsiplər haqqında məsələ qalxmışdı. Mən o vaxt bu prinsiplərdən biri kimi, siyasi qarşıdurmadan siyasi kompromisi və dialoqu üstün tutmaq fikrini yazmışdım. O vaxt hətta müxalifətçilərin bəzisi kompromis sözünün o qədər də uğurlu olmadığını demişdilər. Səbəb də bu idi ki, həmin siyasət fəalları kompromis sözünü zəiflik, acizlik və prinsiplərdən geri çəkilmə tək qəbul etmiş, H. Əliyev hakimiyyəti ilə sazişə getmək kimi başa düşmüşdülər.
Mən indi bunu bir irad kimi xatırlamıram. Məqsədim başqadı. Təbii ki, siyasi həyatda elə hallar olur ki, adam öz prinsiplərilə, kobud şəkildə desək, alver və yaxud da ticarət yapmaq istəmir. Burada vaxtilə radikallıq edən müxalifət adamlarından birinin arqumenti yadıma düşür. 2003-cü ildən sonra özünün siyasi oriyentasiyasını kəskin şəkildə dəyişən bu müxalifətçi bir dəfə dedi ki, «indi nə edək, hakimiyyətə gələ bilmədik, bütün ömrümüzü müxalifətdə başa vurası deyilik ki?!».

Bu tərzdə öz başına, necə deyərlər, çarə qılanlar olduqca çox oldu. Mən bunları bir daha niyə qeyd etdim? İnsanlar kompromisi elə bu cür dərk edirlər – görürsən ki, prinsipiallıq alınmır, güzəştə get və özün istədiyini al. Kompromis budurmu? Əvvəlcə prinsip məsələsinə bir aydınlıq gətirmək lazımdır. Lakin elə burada bir məsələni qeyd edim ki, siyasətçilər tənha filosoflar deyil, onların öz həqiqətlərini Nitşe və ya Şopenhauer kimi tənhalıqda axtarmaq şansları yoxdur.

PRİNSİPİALLIQ NƏ DEMƏKDİR?

Bəlkə də qəribə görünəcək, amma son illərdə mənə ən çox təsir edən məhz Çeçenistan hadisələri oldu. Böyük şücaət idi! Kiçik bir xalq Rusiyanın hərbi maşınının önündə duruş gətirdi! Lakin mənə elə gəlir ki, çeçen mücahidləri bir qədər praqmatik olsaydılar çox şey qazanar, həm özlərini hifz edər, həm də millət üçün daha çox şey əldə edərdilər. Rusiya faktiki olaraq Çeçenistan hökumətini və dövlətini tanımaq ərəfəsində idi. Onu bir dəfə müsahibəsində V. Putin də etiraf etmişdi. Siyasətçi reallığın əsiri ola bilməz, o, daim reallığı dəyişməyə çalışmalıdır. Lakin reallığı görməmək, onu nəzərə almamaq daha pisdir, çünki sən öz ayaqlarını yerdən üzürsən. Amerikanın da təcrübəsində bir ibrətamiz fakt var. Məni həmişə hinduların və ABŞ-da yaşayan Afrika mənşəli insanların təcrübəsi yaman maraqlandırıb. Mənə elə gəlir ki, barışmaz hindularla müqayisədə afrikalıların mübarizəsi daha praqmatik oldu. Onlar nəinki bərabərlik qazandılar və hətta öz mədəniyyətlərini, dünyagörüşlərini digər amerikalılara müəyyən mənada qəbul etdirdilər...
Hətta Şeyx Şamil reallıq hissini tam itirmədi. Ona xitabən deyilən bir fikir var. Deyilənə görə, o, Peterburqa aparılarkən qeyd edib ki, əgər bilsəydim, Rusiya belə böyük dövlətdir ona qarşı vuruşmazdım. Təbii ki, məsələ bunda deyil. Şeyx Şamil kifayət qədər vuruşmuşdu. Amma təslim olmaq anı çatanda da, o reallıq və gerçəklik hissini itirmədi, intihar etmədi, özünü təslim etdi. Bəli, daim ən ön planda olmaq olmur, siyasətçi gərək özü üçün həmişə bir manevr imkanı da saxlasın.

GÜZƏŞT ETMƏK MƏDƏNİYYƏTİ

Məndən soruşsalar, ümumiyyətlə, siyasət nədir, düşünmədən deyərdim ki, o, daim və hər şeydə kompromis axtarmaq məharətidir. Bunu bir az da inkişaf etdirmək olar. Filosof həqiqət axtarır. Amma siyasətdə fərq tamam başqadır. Bəlkə də başqa bir sferada siyasət qədər əksliklərin, yəni əks tərəflərin biri – birini tamamlaması öz ifadəsini tapmayıb. Avropa siyasi mədəniyyəti kompromis üzərində qurulub. Mən bununla demək istəmirəm ki, Avropada siyasi texnologiyalar, bir-birini aşağılama, qaralama cəhdləri yoxdur. Var. Amma bu adətən seçki və buna yaxın vaxtlarda baş verir. Elə ki, seçki bitdi, hansısa siyasi qüvvə hakimiyyətə gəldi, o dərhal başa düşür ki, müxalifətçilər də bu ölkənin vətəndaşlarıdır, onlarla da ortaq dil tapmaq lazımdır. Ortaq dil tapmağın yolu isə güzəşt və kompromisdir. İndi mənim yadıma əsl ərəb Yuqoslaviyasına bənzəyən Suriya düşür. Bu səviyyədə və tərzdə inad göstərməyə ehtiyac vardımı? Doğrudanmı M.Gaddafinin aqibəti bu qədər tez yaddan çıxdı? Mənə elə gəlir ki, bu vəziyyətdən qaçmaq olardı, amma B.Assad bunu etmədi. İsveçrə öz referendumlarının sayına görə azca gülüş də doğurur. Amma nə etməli? Başqa yol varmı? Əgər siyasətçilər dil tapa bilmirsə, məsələni millətin müzakirəsinə buraxmaq lazımdır ki, qoy, bir daha millət sözünü desin. Məgər demirikmi əsas suveren-millətin özüdür?...
Siyasətdə bir həqiqət olmur, sənin və mənim, bizim və onların həqiqəti olur və siyasətçinin də məharəti bu həqiqətləri uzlaşdırmaqdır. Çünki hamılıqla bir günəşin altında, bir yerin üstündə yaşayırıq...

Ən son yazılan

XS
SM
MD
LG