Keçid linkləri

Təcili xəbərlər

Neft pulları ərəb ölkələrinə medal gətirmədi


Fələstinli idmançı Woroud Sawalha 800 metrə qaçış yarışlarında, 8 avqust 2012
Fələstinli idmançı Woroud Sawalha 800 metrə qaçış yarışlarında, 8 avqust 2012
-
XXX London Yay Olimpiadası barədə Britaniya mətbuatında yazılan son məqalələrdə ən çox işlənən qrammatik forma «ən» hissəciyidir. Olimpiya tarixində «ən böyük Olimpiada», bütün dünya boyunca televizorlarda «ən çox baxılmış» tədbir və s.

Britaniyalılar bu oyunlarda öz tarixlərinin ən böyük idman göstəricisinə nail olublar.
Onlar ümid etdikləri 53 medal əvəzinə 67 medal qazanıblar.

Lakin bu Olimpiada Azərbaycan üçün də «ən» hissəciyi ilə səciyyələndirilə bilər.

ƏN QALMAQALLI, ƏN UĞURLU

Azərbaycan komandası üçün London Olimpiadası «ən qalmaqallı» epitetini bir tərəfə qoysaq, «ən uğurlu Olimpiada» olub.

Azərbaycan da gözlədiyindən çox medal qazanıb və özünün Olimpiya tarixində ən yaxşı göstəricisinə nail olub.

O, medal cədvəlində 30-cu yerdə qərarlaşmaqla Avropanın İsveçrə, Norveç, İsveç kimi ölkələrini geridə qoyub. Bu ölkələr kifayət qədər sanballı idman imicinə malikdir.
Britaniya qəzetləri vurğulayırlar ki, Azərbaycan bu Olimpiadada ən uğurlu üç müsəlman ölkəsindən biridir. Bəs başqa müsəlman ölkələri necə?

Britaniyalılar öz ölkələrini bir az da ucaltmaq üçün tez-tez deyirlər ki, Böyük Britaniya medal cədvəlində 4-cü olsa da, qızıl medalların sayına görə üçüncüdür.

Azərbaycan mediası da təsəlli tapıb. Azərbaycan Avropa ölkələrinin arasında 15-ci yerdədir.

«LONDONİSTAN» OLİMPİADASININ ZƏİFLƏRİ

Qəzetlər yazır ki, müsəlman icmalarının və məscidlərin çoxluğuna görə zarafatla «Londonistan» adlandırılan Britaniya paytaxtında keçirilmiş Olimpiadada yalnız 1 bürünc medal almış 7 ölkədən 6-sı müsəlman ölkəsidir.

Medal cədvəlinin son 6 yerini tutanlar da müsəlman ölkələridir: Səudiyyə Ərəbistanı, Küveyt, Tacikistan, Mərakeş, Əfqanıstan və Bəhreyn.

Siyahıdan göründüyü kimi, Əfqanıstan və Tacikistanı çıxmaqla söhbət olduqca zəngin ölkələrdən gedir.

Britaniya mətbuatı medal cədvəlində müsəlman ölkələri arasında ən yaxşı yeri – 12-ci yeri tutmuş Qazaxıstan barədə də yazır. Lakin bu da qeyd olunur ki, burada ölkə əhalisinin yarısını ruslar və qeyri-müsəlmanlar təşkil edirlər.

Müsəlman ölkələri arasında ikinci ən yaxşı yeri İran tutub. O, London Olimpiadasının medal cədvəlində 12-cidir.

ACQARINA İDMAN

Bəzi qəzetlər hətta yazırlar ki, müsəlman ölkələrinin nəticələrinə yarışların Ramazan ayı ilə üst-üstə düşməsi də təsir göstərə bilərdi.

Bloqqerlərdən biri isə etiraz edir ki, onsuz da ən yaxşı idman göstəriciləri «acqarına» əldə edilir.

Bu da qeyd olunur ki, Qərb ölkələrinin olimpiya komandalarına daxil olmuş müsəlman idmançılar müsəlman ölkələrinin öz idmançılarından daha yaxşı nəticələr göstəriblər. Misal kimi Britaniyaya qızıl medal qazandırmış Somali əsilli Mohammad Farah'ın adı çəkilir.
İran güləşçisi Ehsan Naser Lashgari türkiyəli İbrahim Bölükbaşı üzərində qələbəni bayram edir
İran güləşçisi Ehsan Naser Lashgari türkiyəli İbrahim Bölükbaşı üzərində qələbəni bayram edir

İdman ekspertləri qeyd edirlər ki, müharibənin xarabalığa çevirmiş olduğu Əfqanıstanla zəngin Səudiyyə hərəsi bir bürünc medalla kifayətləniblər.

Müsəlman ölkələrindən kifayət qədər inkişaf etmiş Malayziya və böyük əhaliyə malik İndoneziya da yaxşı nəticə əldə edə bilməyiblər.

Ümumiyyətlə isə, «The Guardian» qəzetinin yazdığı kimi, bu Olimpiada da neft pullarının medal gətirmədiyini isbat etdi.

İSTANBUL – OLİMPİADANI QONAQLAYACAQ İLK MÜSƏLMAN ŞƏHƏRİ OLA BİLƏRMİ?

2020-ci ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün müraciət etmiş 3 müsəlman şəhərindən ikisi Doha (Qətər) və Bakı (Azərbaycan) Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə siyahıdan çıxarıldıqdan sonra meydanda yalnız İstanbul qalıb.

Türkiyənin idman rəhbərliyi Olimpiadadan 2 qızıl medalla qayıtdıqdan sonra eyforiya yaşayır və ümid edir ki, İstanbulun 32-ci Yay Olimpiadasına ev sahibliyi etmək şansları bir qədər artıb.

2020-ci ilin Olimpiadası üçün ev sahibliyi etmək istəyən digər iki qeyri-müsəlman şəhəri Madrid və Tokiodur.

Lakin bir sıra ekspertlərin fikrincə, İspaniyanın maliyyə, Yaponiyanın zəlzələ, Türkiyənin isə təhlükəsizlik problemləri var və seçim etmək asan olmayacaq.

«The Guardian» qəzetinin bloqlarından birində isə deyilir ki, gələcək olimpiya oyunlarının hər hansı müsəlman ölkəsində keçirilməsi həmin ölkənin medal göstəricilərini
Əfqanıstan London olimpiadasında bürünc medal almış Rohullah Nikpai'ni qarşılayır, 14 avqust 2012
Əfqanıstan London olimpiadasında bürünc medal almış Rohullah Nikpai'ni qarşılayır, 14 avqust 2012
yaxşılaşdırmayacaq.

Necə ki, Dubayda qolf yarışları keçirilir, hətta Beynəlxalq Qolf Şurasının mənzil-qərargahı da bu ölkədədir, vətəndaşlar ən yaxşı halda azarkeş ola bilərlər.

ALTERNATİV OLİMPİYA REYTİNQİ

Lakin burası da var ki, Britaniyada Kral Statistika Cəmiyyətinin (Royal Statistical Society) tərtib etdiyi Olimpiya reytinqində neft pulları rol oynamasa da, Ümumi Daxili Məhsul (ÜDM) kimi faktorlar rol oynayır. Azərbaycan bu cədvəldə 15-cidir.
Alternativ reytinq cədvəlində ilk üç yeri isə Rusiya, Britaniya və Çin bölüşürlər.

Christoforos Anagnostopoulos, Giovanni Montana, Axel Gandy and Daniel Mortlock kimi ekspertlərin tərtib etdikləri bu cədvəldə ÜDM-dən başqa həm də ölkələrin əhalisi və olimpiya komandasının ölçüsü kimi faktorlar nəzərə alınıb.

Christoforos Anagnostopoulos 2008-ci ilin Olimpiya Oyunlarını misal gətirir. O, bapbalaca Baham adaları ilə nəhəng ABŞ-ı müqayisə edir.

2008-ci ildə Baham adalarının əhalisi 334 min nəfər idi, ABŞ-da isə 304 milyon əhali vardı. Yəni, ABŞ-ın əhalisi Bahamdan 1000 dəfə böyük idi. Həmin oyunlarda Baham 2, ABŞ isə 110 medal qazanmışdı.

Christoforos Anagnostopoulos deyir ki, bu baxımdan, Amerikanın olimpiya reytinqi Bahamdan yüksək olmamalıdır.

Onun fikrincə, sadə məntiq bundan ibarətdir ki, ABŞ Olimpiya Oyunlarına daha çox idmançı çıxarmaq imkanına malikdir.

VƏ BİR DAHA HİCABLA VƏ HİCABSIZ QAÇIŞ BARƏDƏ
Səudiyyə Ərəbistanından olan Wojdan Shaherkani cüdo yarışlarında, 3 avqust 2012
Səudiyyə Ərəbistanından olan Wojdan Shaherkani cüdo yarışlarında, 3 avqust 2012

London Yay Olimpiya Oyunlarının başlanğıcında Britaniya qəzetləri Səudiyyə Ərəbistanı, Qətər və Bruneyin ilk dəfə olaraq yarışlara qadın idmançılar göndərməsi faktını göylərə qaldırırdılar.

O zaman bu qadınlar hicabla yarışacaq idmançılar kimi xəbər başlıqlarında idilər.
Olimpiadadan sonra qəzetlərin və yazarların tonu dəyişib.

Saymon Freyzer Universiteti nəzdində Müsəlman Cəmiyyətləri və Mədəniyyətlərinin Müqayisəli Araşdırılması Mərkəzindən Eva Sajoo yazır:

«1984-cü ilin Yay Olimpiadasında 400 metrlik qaçışda qalib gələn mərakeşli qadın Nawal El Moutawakel öz ölkəsindəki stereotipləri vurub dağıtmışdı. Ölkənin kralı həmin il anadan olan qız uşaqlarına onun adının verilməsini əmr etmişdi. O zamandan bəri Nawal El Moutawakel öz ölkəsində qadınlar üçün idman yarışları təşkil edir və hazırda Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür».

Eva Sajoo yazır ki, London Olimpiya Oyunlarında başqa müsəlman qadınlar da iştirak ediblər, lakin onlar xəbər başlığına çevrilməyiblər.

Yazar sual edir: «Doğrudanmı məsələ yalnız hicabdadır?».

Bununla belə, görünür, stereotipləri asanlıqla dağıtmaq olmur.

Tunisdən alınan son xəbərlərdə deyilir ki, ölkənin iki medalçı qadını islamçı ekstremistlərin təhdidləri ilə üzləşiblər. İslamçılar onları islami geyim və davranış qaydalarını pozmaqda ittiham edirlər.

Radikallar sosial şəbəkələrdə Tunisin ilk qadın medalçısı Habiba Ghribi’nin vətəndaşlıqdan məhrum edilməsinə çağırırlar.

Paradoks bundan ibarətdir ki, bunlar, «Ərəb baharı»nı yaşamış ərəb ölkəsində baş verir.
XS
SM
MD
LG