Keçid linkləri

Bu günlərdə maraqlı hadisə baş verib. Rusiyada V. Putin öz ölkəsinin bütün ombudsmanlarını toplayaraq onlara milli ideya formalaşdırmağı tapşırıb. Bu xəbər mənə bir neçə aspektdən maraqlı göründü. Əvvəla, sual yaranır. Bəs nə üçün məhz obmudsmanlara?. Mən bu suala birmənalı cavab verməyə və bunun səbəbini açmağa acizəm. Hələ onu demirəm ki, mahiyyət etibarilə öz ölkəsinin vətəndaşlarının hüquq və azadlıqlarını qorumalı olan o insanların özlərinin heç də əlahiddə hüquq və səlahiyyəti yoxdur. Nəinki tək Rusiyada, hətta bütün MDB məkanında ombudsman institutu demək olar ki, formal bir xarakter daşıyır və əski sovet ölkələrinin əxz etdikləri bir sıra institutlar kimi mövcudluqları ilə elə həmin avtoritar ölkələr üçün demokratik fasad yaradır.

Sadəcə, mənə elə gəlir ki, Putin sovet qəliblərilə fikirləşən və nəticə çıxaran adamdır. O, adət edib ki, ölkədə həmişə «milli ideya və ideologiya» olmalıdı.

Bu, ən birinci səbəbdir. Amma mənə elə gəlir ki, başqa səbəblər də var...

ƏSL MİLLİ İDEYA NECƏ OLMALIDIR?

Görən, ölkəni insanlar üçün ləyaqətli və layiq bir duruma gətirməyin özü də milli ideya demək deyilmi?. Məsələnin qəlizliyi ondadır ki, ruslar heç bir vaxt Rusiyanı ruslar və bu ölkədə yaşayan digər insanlar üçün məskən təsəvvür etməyiblər, daim Rusiya üçün planetar miqyasda missiya axtarıblar və daim nəzərləri Hind okeanında, Fars körfəzində və yaxud da ki, İstanbulda olub .

Həmin bu məsələ ilə bağlı mənim düşündüyüm daha bir məqam da var və o da odur ki, Rusiyada həmişə hakimiyyətlə cəmiyyət arasında uçurum olub və onlar bir-birini başa düşməyiblər. Qarşılıqlı anlaşma olsaydı rus milli ideyası haqda bu qədər mücərrəd danışmazdılar. Bu, təkcə Rusiya üçün xarakterik deyil. Bütün totalitar və avtoritar rejimlər belədi. Elə bizim Azərbaycanda da belə vəziyyət hökm sürür. Bəli, insanları səfərbər edəcək bir ideya axtarır və onu şirin bir kökə kimi onlara təqdim etmək istəyirlər. Lakin bəlkə cəmiyyəti yox, hakimiyyəti səfərbər etmək lazımdır? Bu haqda heç düşünüblərmi? Bu çox ciddi məqamdır, çünki bunun əsasında nəyin üstün olması fəlsəfəsi və sistemi dayanır. Nə daha üstündür? Cəmiyyət, yoxsa hakimiyyət? Avtoritar və totalitar rejimlər üstünlüyü hakimiyyətə verirlər, ona görə də cəmiyyətləri daim səfərbər etmək, onları dirijor tək nəyəsə və harasa tuşlamaq istəyirlər.

Amma demokratiya belə deyil. Hətta qədim Çin, Dao fəlsəfəsində çox maraqlı bir məqam var. Orada deyilir ki, idarə etmədən idarə et! Liberal manifest və bəyanat üçün əsl deviz, şüar ola bilər, deyilmi? Həm də totalitar və avtoritar rejimlərdə təşəbbüsün mənbəyi səhv düşür. Təşəbbüs cəmiyyətdən gəlməli və o, hakimiyyəti buna səfərbər etməlidir. Amma bunlar tərsinə düşünür və tərsinə də hərəkət edirlər, ideyanı cəmiyyətdən götürmək istəmirlər. Burada həm də kim-kimi seçir məsələsi var. Bəli, artıq bir neçə dəfə adını çəkdiyim rejimlər daim mövcud cəmiyyətdən narazı olur və özləri üçün yeni cəmiyyət yaratmaq istəyirlər. Əgər cəmiyyəti və milləti bir sistem kimi təsəvvür etsək onda sistem formalaşdıran dəyərlərin mövcudluğunu etiraf etməliyik. Buna söz yox. Lakin, tutaq amerikalılar üçün milli ideya və yaxud da dəyər nədir? Mənə elə gəlir ki, bu, Amerika həyat tərzidir. Ölkəni insanlar üçün yaşamağa maraqlı etmək lazımdır. O vaxt vətənpərvərlik də olacaq, elə digər dəyərlər də. «Yanıram, a dağlar!» və yaxud da «shiroka strana moya rodnaya!» deməklə deyil.

BİRLƏŞMİŞ RUSİYA ŞTATLARI?

Əvvəl sual verdim ki, Putin nədən bu işi ombudsmanlara həvalə edir?. Mənə elə gəlir ki, o, intuitiv olaraq başa düşür ki, bu ideya Rusiya vətəndaşından gəlməlidir, onun ruhunu əks etdirməlidir, əks təqdirdə o, çox süni və sönük sxem olacaq. Lakin Putinin səhvi ondadır ki, sovet dönəmi üçün bir nostalji keçirir, o dövrün sxemlərinə inanır.

Ombudsmanlarla görüşdə deyib ki, bəli, sovetlər vaxtı çoxlu pis işlər görülüb, amma yaxşı şeylər də fikirləşilib. Zira bu yerdə maraqlı sual yaranır. Bu necə «yaxşı şeylər» idi ki, onların ömrü 70 ildən çox olmalıdı? Putini ən çox narahat edən nədir? Başa düşür ki, indiyə qədər ölkədə milli siyasət adı ilə təqdim olunan bütün sxemlər çürükdür və onlar uzun müddət yaşaya bilməzlər. Fəqət, Rusiya üçün belə bir milli siyasət sxemi düşünmək mümkündürmü? Çətin sualdır. Əgər nə vaxtsa Birləşmiş Rusiya Ştatları (sözdə yox, təcrübədə) qurulsa bəlkə onda mümkün olar. Bu vaxta qədər Rusiya hakimiyyətləri əraziləri birləşdirməyə çalışıblar. Onlar bir gün insanları birləşdirməyə başlayanda demək olacaq ki, bəli, ölkədə həqiqətən milli siyasət var...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG