Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanın ÜTT-yə üzvlüyü niyə ləngiyir?


Arxiv foto: Rusiyada bir qrup fəal ölkənin ÜTT-yə qoşulmasına etiraz edir
Arxiv foto: Rusiyada bir qrup fəal ölkənin ÜTT-yə qoşulmasına etiraz edir
Nəhayət ki, Rusiya da bu prosesi başa çatdırdı, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) sayca 156-cı ölkəsi oldu. Azərbaycanın digər qonşuları – Gürcüstan və Ermənistan isə artıq bir neçə ildir ki, bu təşkilatın üzvüdürlər. Azərbaycanın bu təşkilata ilk müraciətindən artıq 15 il keçib, ölkə ÜTT-yə üzv olmaq üçün 1997-ci ildə müraciət etmişdi. Bu təşkilatın adı çox çəkilir. Amma oxucuda təsəvvür yaratmaq üçün qeyd edək ki, dünya ticarətinin 95 faizi bu təşkilat çərçivəsində həyata keçirilir. Təbii ki, Azərbaycanın üzvlüyünün ləngiməsi az maraq oyatmır. Rusiyanın halında kənar maneələr vardı. Məsələn, qonşu Gürcüstan Rusiyanın bu təşkilata üzvlüyünü müəyyən mənada çətinləşdirir, ona mane olurdu. Mən əvvəllər güman edirdim ki, yəqin Ermənistan da belə edir, Azərbaycanın bu təşkilata üzvlüyünü ləngidir. Lakin sonradan bir neçə ekspert ilə söhbətdən sonra əmin oldum ki, belə deyil, Azərbaycanın həmin bu təşkilata üzvlüyü daha çox daxili səbəblər ucbatından yubanır. Ölkənin siyasəti getdikcə anlaşılmaz xarakter alır. ÜTT-yə üzvlük məsələsində ən çox vaxt sərf edən Çin olub, o, bu prosesə 15 il vaxt sərf edib. Azərbaycan da bu müddəti başa vurmaq üzrədir. Çox maraqlıdır ki, ABŞ-ın dövlət katibi H. Clinton ölkəyə səfəri zamanı demişdi ki, Azərbaycanın ÜTT-yə üzvlüyü də sürətlənəcək. Lakin hələ bu xüsusda hər hansı bir söhbət yoxdur. Səbəb nə ola bilər? Niyə Azərbaycan 156 dövlətin aşdığı maneələri (əgər bu maneələr varsa...) aşa bilmir?

HÖKUMƏTİN İZAHLARI İNANDIRICIDIRMI?

Hökumət bilavasitə bu məsələ ilə bağlı hələ hər hansı rəsmi toplantıda açıq izahat verməyib. İldə hökumətin yekunlara həsr olunmuş bir neçə tədbiri və hesabatları keçirilir. Formal olsa da parlamentdə də dinləmələr olur. Amma mən hələ bir dəfə görməmişəm ki, kimsə hökumətin üzvlərinə ÜTT ilə bağlı sual versin, onlardan nəsə soruşsun. Hətta prezident də bu haqda heç vaxt danışmır. Yalnız jurnalistlər bir neçə dəfə məmurlardan məsələ ilə bağlı bir izahat almağa cəhd ediblər. Onlar nə deyirlər? Dedikləri budur ki, ölkə özü üçün əlverişli status almağa çalışır. Amma dərhal da sual yaranır? Məgər o statusu 15 il ərzində almaq olmazdımı? Necə olur ki, 156 dövlətin maraqları təmin olunur, amma Azərbaycana gələndə bu məsələ 15 il yubanır? Nəzərə almaq lazımdır ki, dünya təşkilatları və institutları Cənubi Qafqaz ölkələrinə münasibətdə həmişə pariteti gözləyirlər. Əgər Gürcüstan və Ermənistan bu təşkilata üzv olubsa, deməli status məsələsi elə də problem deyil, elə bu iki dövlətə verilmiş status Azərbaycana da verilə bilərdi. Deməli, səbəblər tam başqadır və onları başqa bir yerdə axtarmaq lazımdır.

İNHİSARÇI MƏMURLAR! BƏLKƏ PROBLEM BUDUR?

Məsələyə münasibət bildirən yerli ekspertlər daha çox ona diqqət yetirir ki, ölkədə böyük inhisarçılıq var, gömrük və ticarət sistemi alınmaz imperiyaya çevrilib. Bu izahla razılaşmamaq çətindir. ÜTT-yə üzvlük müəyyən mənada ticarətin liberallaşmasını, ticarət qanunvericiliyinin dəyişməsini, inhisarçılıq tendensiyalarının aradan qaldırılmasını, gömrük sisteminin şəffaflaşmasın nəzərdə tutur. Bütün sferalarda olduğu kimi ticarət sahəsində də böyük bir inhisar var. Ölkənin inhisarçılığa qarşı mübarizəsi isə daha çox siyasi lətifə təsiri bağışlayır. Məsələnin ən qabarıq və aktual xarakter aldığı bir dövrdə İ. Əliyev maraqlı bir açıqlama verdi. O dedi ki, hər bir iş adamı və sahibkarlar inhisara can atır. Bu, təxminən ona bənzəyirdi ki, inhisarçılığın azad bazarın atributu, ayrılmaz hissəsi olduğunu etiraf edəsən. O vaxtdan mən inhisarçı meyllər haqda yüksək səviyyədə səslənən rasional bir fikir eşitməmişəm. O məsələ sanki dondurulub, baxmayaraq ki, inhisarçılıqla mübarizənin hətta «yubileyi»ni də qeyd ediblər. Nəinki ekspertlər, hətta sıravi insanlar belə bu fikirdədir ki, ölkədəki bahaçılığın əsas səbəbi inhisardır. İnhisarı yaradanlar isə kapitalist məmurlardır, çünki ölkədə çox qəribə sistem yaranıb, bazarın və iqtisadiyyatın əsas hissəsi məmurların nəzarətindədir. Neft gəlirləri ölkə iqtisadiyyatına daxil olandan iqtisadi islahatlara «stop!» deyilib, heç islahat haqda söhbət belə getmir. Çox güman ki, ÜTT-yə üzvlük azacıq da olsa bu iyerarxiyanın transformasiyasını, gömrük-ticarət sisteminin strukturunu və mahiyyətini dəyişməyi tələb edir. Bu isə böyük məmurların maraqlarına heç də cavab vermir.

İNTEQRASİYA XOFU

Onu qeyd etmək lazımdır ki, məmurların timsalında ölkədə bir «inteqrasiya xofu» yaşanır. Siyasət elə aparılır ki, ölkə iqtisadiyyatı dünya iqtisadiyyatına mümkün qədər az inteqrasiya etsin. Səbəb də odur ki, milli oliqarxlar bazarı və iqtisadiyyatı heç kimlə bölüşmək istəmirlər. Ən maraqlısı budur ki, belə siyasəti ölkə iqtisadiyyatını dünyadakı böhran elementlərindən qorunmağın yolu kimi təqdim edirlər. Amma neftdən başqa faktiki olaraq heç nə istehsal etməyən ölkə mümkündürmü ki, dünyadakı bu tendensiyaları hiss etməsin?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG