Keçid linkləri

Təcili xəbərlər

Uşaqlarımıza nə deyək?


Arxiv foto
Arxiv foto
-

Biz həmişə diqqəti maddi problemlər üzərində cəmləşdiririk: məşğulluq və sosial problemlər, insanların ehtiyacları... Amma mənə elə gəlir ki, ölkə indi ən ciddi böhranını mənəvi sferada yaşayır. Bir tanışım maraqlı bir fikir dedi.
O dedi ki, bizə elə gəlir ki, ən çətin problem uşaqları maddai cəhətdən təmin etmək, onlara yaxşı təhsil verməkdir, amma belə deyil, indi ən çətin məsələ uşaqları necə böyütmək məsələsidir. Onlara nə deyək? Hansı mənəvi dəyər və orientirlərə istiqamətləndirək? Həyatda necə davranmağı öyrədək?.. Mən bircə anlığa özlüyümdə bu suallara cavab tapmağa cəhd etdim və gördüm ki, tanışım haqlıdır. Əslində o qeyri – adi bir şey də deməyib. Hansı valideyn indi bu problemləri yaşamır?

Bəli, indi bu ölkənin ən böyük problemi məhz mənəvi seçim və mənəvi tərbiyə problemidir. Xüsusən də nəzərə alanda ki, uşaqlar vakuumda yaşamır, gündəlik həyatı görür və analiz edirlər, onda nə qədər çətin vəziyyətdə olduğumuz anlaşar. Hər şeyi açıq demək lazımdır. O qədər kritik vəziyyət yaranıb ki, bunları inkar etmək ölkədəki yalan kütləsini bir qədər də artırmaq demək olardı. Tərbiyə nümunə üzərində qurulur. Bizi necə böyüdürdülər? Filankəsə bax, filankəs kimi ol! Bu, təkcə bir dövrün və bir zamanın pedoqoji üslubu deyil, həmişə olub. Amma indi uşaqlar hansı «filankəs»ə baxsın? Sovetlərin yaratdığı ideoloji dəyərləri rədd etdik, yenisi haqda düşünmədik, yenisini yaratmadıq. Bəlkə də heç vaxt mənəvi sfera bu qədər «çılpaq» olmayıb. Uşaqlara necə deyək ki, böyüklərə qulaq as! Məgər onlar görmür ki, böyüklər hər addımbaşı yalan danışır? Məgər onlar görmür ki, bu ölkədə hamının biri–birinə yalan danışması adi hal alıb? Bizə elə gəlir, siyasəti özümüzə yaxın buraxmamaqla mənəvi dünyamızı qoruyuruq. Lakin belə deyil. Nəzarətsiz və hesabatsız siyasət bizim iç dünyamıza da yol tapdı, onu alt - üst etdi. Uşaqlara nə deməli? Onları həyatın ziddiyyətli və çətin, elə çətin olduğu qədər də aldadıcı məqamlarına necə hazırlayaq? Bəlkə onların həyata baxışını dəyişək, deyək ki, heç vaxt varlanmaq fürsətini əldən vermə və bil ki, pulun qoxusu yoxdur, insanlar onun necə qazanılması haqda qəti düşünmür, əsas odur ki, pul olsun? Bəlkə onlara deyək ki, bil ki, insan ikili həyat yaşamağa məhkumdur? Evdə bir cür, cəmiyyətdə tamam başqa cür...
Amma bütün bunları uşağa necə deyəsən? Bəs deməyib nə edəsən? Onlar bir vaxt bizim dediklərimizlə, öyrətdiklərimizlə həyatda gördükləri reallıqlar arasında böyük təzadlar görəndə, ən başlıcası bizim tərbiyəmiz nəticəsində həyatda büdrəyəndə bizi qınamayacaqlarmı? Qəhrəmanlıqdan danışanların uşaqlarını min bir üsulla ordudan yayındırdığını görəndə, halallıqdan bəhs edənlərin insanlara texniki kartof və buğda yedirtdiyini biləndə, dissertasiya və elmi işlərin pulla yazıldığını duyanda, yalanın və riyanın rəsmiləşdiyini və qanuniləşdiyini hiss edəndə bizə nə deycəklər?
DOSTOYEVSKİNİN QƏHRƏMANI VƏ HƏYAT
F. M. Dostoyevski
F. M. Dostoyevski
F.Dostoyevskinin ən gözəl əsərlərindən biri «Sərsəm»dir. Mən bu əsəri indi təsadüfən xatırlamadım. İndiki reallıqların içində nəcib tərbiyə almış, böyük və yüksək amallara köklənmiş gənci bir aqibət gözləyir – F.Dostoyevskinin «Sərsəm»i kimi görünmək. O, insanlar içində aciz görünəcək, min illərin və qərinələrin ərzində formalaşan mürəkkəb insan münasibətlərindən baş aça bilməyəcək... Bu aqibəti uşaqlara yaşatmağa dəyərmi? Bəs onda nə etməli?
Onlara yaplan danışmalı, yoxsa həyat həqiqətlərini necə var və olduğu kimi, bəzək – düzəksiz onlara çatdırmalı? Təəssüf, mən bu suala cavab verməkdə acizəm, bilmirəm bunun cavabını...
BİR ALİMİN RESEPTİ
Bu sualların qarşısında minlərlə insanın bir bəraəti var. Bəli, biz deyə bilərik ki, bütün ömrümüzü bu qaydaları, bu həyatı və bu cəmiyyəti dəyişməyə, bu mənəvi xaosa məzmun verməyə çalışdıq, amma bacarmadıq... Bu, bizim və bizim kimi insanların özlərinə bəraət kimi deyə biləcəkləri yeganə arqument sayıla bilər. Elə bu yazı haqqında düşünərkən gözümə bir alimin (M. V. Keldiş)sözü dəydi və dərhal bu söz məni tutdu. F.Dostoyevski deyirdi ki, dünyanı gözəllik, bəli gözəllik xilas edəcək. Amma bu alim deyir ki, dünyanı insanların özlərinə və biri – birinə qarşı tənqidi münasibəti, ən əsası da özünütənqid xilas edəcək.
Bu, mənə bir qədər yüngüllük gətirdi. Amma insan üçün ən çətini də elə bu, özünə kənardan baxmaq, özünütənqid mövqeyi tutmaq deyilmi? Anlayıram, çox çətindir. Amma gəlin cəhd edək! Axı biz uşaqlarmıza nəsə deməliyik!...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG