Keçid linkləri

Təcili xəbərlər

Min nəfər oxucu kömək etsə...


Azadlıq qəzetinin redaksiyası (Xəqani 33)
Azadlıq qəzetinin redaksiyası (Xəqani 33)
Bəzən çox yox, adi vətəndaş mövqeyi də sınağa çəkilir. Elə vəziyyət çatır ki, hər bir kəs nəsə edə bilər və etməlidir də. Bir çox hallarda hamımız reallıqla təmasda aciz olduğumuzu, reallıqların bizim imkan və istəklərimizdən daha üstün olduğunu deyirik. Elə anlar olur ki, bununla razılaşmaq, ona bir haqq qazandırmaq olur. Lakin fərqli məqamlara da təsadüf edilir və bir an çatır ki, sanki öz vicdanımız bizə deyir ki, sən ki bunu edə bilərdin! İndi belə məqam ölkənin ilk müstəqil qəzetlərindən biri – «Azadlıq» qəzeti ilə bağlı yaranıb. O gün özüm üçün kiçik bir hesablama apardım. Qəzetin cəmi 25 min manatlıq borcu var. Bu, bir-iki adam üçün təbii ki, çox böyük məbləğdir. Amma indi bir-iki deyil, tutaq ki, min adamı təsəvvür edək. Onların hər biri çox yox, 25 manat versə qəzet bu çıxılmaz vəziyyətdən qurtular. Doğrudanmı, bu ölkədə «Azadlıq» qəzetini sevən min adam yoxdur? Mən bu sətirləri yazarkən məlum oldu ki, artıq qəzet öz oxucularına müraciət edib. Olsun. İndi bunun nəticəsi necə olacaq, onu yaxın vaxtda görəcəyik. Mən «Azadlıq» qəzetini heç halda aciz qisimdə təqdim etmək istəməzdim. İnanıram ki, əgər qəzet öz satışını normal qaydada həyata keçirsəydi, satışdan gələn pulları vaxtında alsaydı, normal reklam bazarı formalaşsaydı indi nəinki 25 min manat, bundan hətta bir neçə dəfə artıq məbləği də ödəyə bilərdi. Təsəvvür edin iş adamları və təşkilatlar elə qorxudulub ki, bir nəfər «Azadlıq»a reklam vermir. Lakin mən indiki kimi xatırlayıram bir vaxtlar qəzetin reklam şöbəsi ən gəlirli şöbə idi və hamımızın pulu qurtaranda, pula ehtiyacı olanda reklam işçilərinin və reklam təşkil edən insanların yanına qaçardıq. Ona görə qəzetləri belə aciz və köməksiz görmək ağırdır. Tək onlar aciz deyillər. Satışla bağlı vəziyyəti şərh edən dövlət işçisi aciz şəkildə deyir ki, əgər köşkün üstünə «press» sözü yazılıbsa o, qəzet və jurnal satmalıdır. Bəli, satmalıdırlar, lakin satmır! Adama bu, çox qəribə gəlir. Doğrudanmı, qəzet köşkləri belə qüdrət sahibi olublar? Yadıma gəlir ki, bir vaxt qəzet köşkləri hətta siqaret və yaxud da su satmağa ehtiyat edirdilər, yalnız qəzet və jurnal satırdılar. İndi nə olub? Kim onlara qahmar çıxıb ki, bu adamlar hətta qəzetləri yaxın buraxmaq istəmir?

Metronun içində səyyar satıcılar olur. Onlar müxtəlif əşyalar satırlar. Elə bu şəkildə metro daxilində qəzetlərin səyyar satışına icazə vermək olmazdımı?
İndi nəinki metronun daxilində səyyar satışa imkan verilmir, hətta səyyar və mobil satışın özü demək olar ki, yığışdırılıb. Deyirlər, qəzet satışı bir elə də gəlirli deyil, ona görə də azalıb. Amma bu, həqiqətdən çox uzaq izahdır. Bəs şəhərin ortasında köhnə termos qoyub insanlara bulanıq çay satmaq və ya dilənmək bu qədərmi gəlirlidir?

QƏZET BÖHRANI: TƏSADÜFDÜR, YOXSA...

Azərbaycan liberal ölkədə deyil. Ona görə də bir çox məsələlərin kökünü də hakimiyyət müstəvisində axtarmaq lazım gəlir. Təəssüf ki, hakim dairələr il ərzində qəzetlərə ikicə dəfə kömək etməklə elə görüntü yaradırlar ki, guya onların bu məsələdə başqa imkanları yoxdur. Amma bu, zahiri görüntüdür. Hökumət istəsə çox iş görə bilər. Sadəcə, belə istək yoxdur. Səbəbi də çox sadədir – hökumət öz opponentlərinin sıradan çıxmasını istəyir. 2013-cü il hökumət üçün ciddi dönəmdir. Konstitusiya hər şeyi, necə deyərlər, yoluna qoysa da, hakimiyyət narahatlıq içindədir – indidən ən müxtəlif variantları araşdırırlar.

Elektron informasiya vasitələri bu hakimiyyət üçün tamam təhlükəsiz halda fəaliyyət göstərir. Siyasi sükutu pozan və məmurların yuxusuna, necə deyər haram qatan yalnız bir-iki müstəqil qəzet var. Hökumət qəzetlərini satış elə də maraqlandırmır, insanları və idarələri məcburi şəkildə onlara abunə edir, hər cür maddi yardım göstərirlər. Onların yalnız bircə missiyası var - ölkədə qəzet kəmiyyəti məsələsini həll etmək, elə bir görüntü yaratmaq ki, bəli, bu, ölkədə onlarla qəzet nəşr olunur...

KİÇİK SÖZARDI

Bu məsələ ilə bağlı bir detalı da qeyd etmək istərdim. Ölkədə müxalifət və müxalif yönümlü qurumlar var. Onların mövcudluğu yalnız qəzet müstəvisi üzərində hiss olunur, çünki bu adamların üzünə digər təbliğat vasitələri tam bağlıdır. Yaranmış vəziyyət onlar üçün də bir sınaqdır. Gəlin, etiraf edək ki, 25 min manatın ucbatından «Azadlıq» nəşrini dayandırsa bu müxalifət üçün də elə bir başucalığı olmayacaq. İstər-istəməz soruşulacaq ki, bəs, sizin minlərlə üzvləriniz və tərəfdaşlarınız haradadır? O vaxt nə cavab veriləcək, doğrusu, mən bunu təsəvvür etməkdə çətinlik çəkirəm...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG