Keçid linkləri

Təcili xəbərlər

Təəccüblənmək və təəccübləndirmək bacarığı


Foto: Arxiv
Foto: Arxiv
-
Bu yaxınlarda növbəti anti-Nobel mükafatları haqda oxudum. Təxminən 91-ci ildən verilən və həqiqi Nobel mükafatına parodiya olan bu mükafatın çox maraqlı şüarı var. Orada deyilir ki, bu mükafat əvvəlcə bizi güldürən, sonra isə düşünməyə vadar edən nailiyyətlərə görə verilir. Elə bu vaxta qədər bir neçə nəfərə təqdim olunan mükafatların siyahısına baxanda, bunun həqiqət olduğuna əmin olursan. Ümumiyyətlə, mənim əvvəldən hər şeyə öz uşaqlıq marağını saxlayan insanlardan xoşum gəlir. Hətta bununla bağlı qənaətim var. İsrail dünyada adambaşına düşən nəşrlərin sayına görə birinci yerdədir. Mən bunu məhz bu marağın təzahürü hesab edirəm. Başqa ölkələrdə isə bu o qədər də hiss olunmur. Xüsusən son illərdə azərbaycanlıların təəccübünə səbəb olmaq, onları nə iləsə təəccübləndirmək çox çətin olub. Bəzən mənə elə gəlir ki, bizdə orta yaş həddi rəsmi statistikada göstəriləndən çox-çox böyükdür, düşünürəm ki, biz bir qədər qocalmışıq. Həyata bağlı olmaq, ona təəccüblənmək tamam başqa şeydir.

«NOOOLSUN?»

Azərbaycandakı vəziyyət haqqında isə düşünən zaman mənim bir tamaşanın personajı yadıma düşür. Həmin adam qəzeti o tərəfə, bu tərəfə çevirir, başlıqları oxuyur və bircə kəlmə ilə özünün münasibətini izhar etməyə çalışırdı: «nooolsun?». Vəssalam. Xüsusən də siyasi və ictimai fəaliyyət sahəsində vəziyyət bərbaddır. Mənim sorğu təşkil etmək və ya buna bənzər nəsə etmək imkanım yoxdur. Əsas vasitəm təkcə söhbətdir. Söhbət etdiyim adamlar isə olduqlarından müdrik görünməyə və və öz fikirlərini təlqin etməyə çalışırlar. Deyəndə ki, nə vaxtsa bizi «Azadlıq» meydanı maqnit kimi çəkirdi, qayıdırlar ki, o, oldu və ötüb keçdi. Soruşanda ki, nədən siyasətlə maraqlanmırsınız, elə dəlillər gətirirlər ki, hətta özün də başlayırsan siyasətdən soyumağa.
Foto: Arxiv
Foto: Arxiv


Amma mən bunları normal bir hal hesab etmirəm. Güman etmirəm, biz dünya millətlərinin hamısından irəli getmişik və yaxud da hamısından çox bilirik. Sadəcə dərsini oxumaq istəməyən uşaq bunu əsaslandırmaq üçün nə qədər dəlil gətirirsə, biz də öz tənbəlliyimizi və ətalətimizi gizlətmək üçün o qədər sübut–dəlil gətiririk. Məsələn, seçki fəallığını götürsək, bütün dünyada bu problem var. Bizdə bu problem başqa formada təzahür edir. Amma insanlar hər şeyi öz adı ilə adlandırmaq və ona çarə tapmaq istəmirlər. Bir dəfə metroda bir tanışıma rast gəldim. Deyirdi ki, çıxış yolu tapmaq haqda düşünmək lazımdır. Prinsipcə, o, haqlı idi. Amma o, bir şeyi qəbul etmək istəmirdi: çıxış yolu bu vaxta qədər məlum olanlardan fərqi olmağa borclu deyil, başqa yerlərdə insanlar necə edirsə, biz də məhz elə etməliyik. İndi nə edək ki, insanlar, bəşəriyyət bu vaxta qədər təcrübədə demokratiyadan yaxşı bir siyasi sistem tapa bilməyiblər? Burada istənilən qədər «bəraət» düşünmək olar, amma onların heç biri bizim hər birimizin öz həyatı və başqalarının həyatı üçün məsuliyyətsizliyini ört-basdır etmək və əsaslandırmaq iqtidarında deyil.

MÜHARİBƏ HƏR ŞEYİN SƏBƏBİDİRMİ?

Bəlkə də belədir. Hər halda mən bu arqumenti çox tez-tez eşidirəm: bizləri müharibə sındırdı, müharibə bizi bu günə saldı! Mən bunu tamam inkar edib nəsə başqa, tamam fərqli bir şey demək iqtidarında deyiləm. Mən də onunla razıyam ki, müharibə bir çox bəlaların səbəbkarıdır, xüsusən məğlubiyyətlə bitən müharibə... Bəli, müharibə bəşəriyyətin indiyədək fikirləşib tapdığı ən pis şeydir.
Foto: Arxiv
Foto: Arxiv
Lakin hər şeyi onun üzərinə yükləmək də bir şey deyil, ən azı ona görə ki, biz heç əməlli-başlı müharibə də apara bilməmişik. Ya bu, «lazım gəlməyib», ya da «istəməmişik». Burada yenə tanış misal çəkmək istəyirəm. İsraili götürün.Yarandığı gündən bu vaxtadək müharibə şəraitindədir. Lakin parlamenti də var, hökuməti də, seçkisi də, o ki qaldı, siyasi partiyalara, bu haqda heç danışmağa dəyməz. Biri var, azlıq və ya müəyyən qisim təqiblərə məruz qalır, amma o xalq yüz illərin ərzində bütövlükdə təqibə məruz qalıb, amma sınmayıb. O gün oxuyuram ki, təkcə 2005–2011-ci illər ərzində İsrailin altı alimi Nobel mükafatına layiq görülüb. Nəticə budur! Buna can atmaq və belə olmaq lazımdır, amma biz...

Hətta Ermənistandan misal gətirə bilərəm. Güman edirdik ağır-sosial iqtisadi vəziyyət onları sındıracaq və Ermənistan gec-tez neft gəlirləri sayəsində çiçəklənən, varlı Azərbaycanın «qapılarını döyəcək». Amma gəlin, etiraf edək. Belə olmadı. Bu insanlar da sınmadılar. Hətta deyərdim ki, onlarda bizim inkişafla bağlı hər hansı bir həsəd və qibtə hissi yoxdur, özlərini olduğundan da artıq dərəcədə tox tuturlar. Amma biz nə kasıbların cərgəsində yer tutduq, nə də varlıların...

KİÇİK SÖZARDI

Getdikcə bizdə nəyəsə təəccüblənməyin yalnız bircə əlaməti qalır. Kimsə öz gücünü toplayıb, özündə təpər tapıb, «iki üstə gəl iki dörd edir» deyəndə, o saat düşünürük ki, əcəba, o, kimin adamıdır, bunun arxasında kim dayanıb? Bir şey tapmayanda da ağlımıza başqa bir şey gəlmir, onun dediyi haqqında düşünmək istəmirik, əlimizi yelləyib məşhur kəlamımızı deyirik: əşi, vallah, oyundur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG