Keçid linkləri

-
Seçki bülletenlərinin sayılması hələ davam etsə də və yekun nəticənin elan olunmasına hələ bir müddət qalsa da, hər yeni xəbər Mikheil Saakashvili'nin başçısı olduğu «Milli hərəkat» blokunu qələbədən uzaqlaşdırır. Artıq prezident özü də elan edib ki, onun partiyası müxalifətə keçir. Bu isə o deməkdir ki, qalan, hələ sayılmamış bülletenlər də vəziyyəti dəyişmək iqtidarında deyil. Üstəlik, seçkinin nəticələrinin tərəflər arasında qarşıdurmaya, anlaşılmazlığa səbəb olacağı və seçkinin saxtalaşdırılacağı haqda ilkin proqnozları da bir kənara atmaq olar – ola bilsin, müəyyən pozuntular olub, amma onlar yekun nəticə baxımından əhəmiyyət kəsb etmir.

Hər bir siyasətçinin həyatında iki an olur ki, onlar yaddaşlarda silinməz iz buraxır: bu, siyasətçinin hakimiyyətə gəlişi və bir də hakimiyyətdən gedişidir. Xüsusən də inqilablar nəticəsində siyasi olimpə gələn siyasətçilərin gedişi dramatik notlarla zəngin olur. Bir vaxt, nə az, nə çox, ictimaiyyətin sevimliləri olan bu adamlar siyasətdə enişi heç də asan qəbul etmirlər. Mənim hətta Lech Wałęsa'nın uduzmağı da yadıma gəlir. O nələr fikirləşmədi? Təzədən bir vaxt özünün işlədiyi tərsanəyə elektrik kimi qayıtmaq fikrinə düşdü! Amma onu tez də sakitləşdirdilər. «Məxməri inqilab»a gəldikdə isə, onun ilk nümayəndələrindən biri – Viktor Yushchenko da uduzmağı və seçkinin nəticələrini qəbul etməyi bacardı. Növbə M.Saakashvili’nin idi.

Bizim dediklərimizdən belə nəticə çıxa bilər ki, Saakashvili də artıq hakimiyyətdən gedir. Amma belə deyil. O, öz prezidentliyini davam etdirəcək. Fəqət, onun üçün ayrılmış vaxt artıq yekunlaşmaq üzrədir. O, öz həmkarı İlham Əliyev kimi, ikidəfəlik məhdudiyyəti götürməyə cəsarət etmədi. O, Baş nazir olmağa ümid edirdi. Növbəti ildən başlayaraq Gürcüstanda Baş nazirin səlahiyyətləri bir qədər, hətta demək olar, əsaslı şəkildə artırılacaq. Faktiki olaraq Baş nazirin statusu ölkədə ən yüksək status olacaq. Bunu əksəriyyət Gürcüstanın yeni siyasi sistemə – parlament respublikasına keçməsi ilə izah etsə də, əslində bu, Saakashvili'nin özünə «ehtiyat aerodromu» yaratmaq istəyinin nəticəsi idi. Di gəl, baş tutmadı, necə deyərlər, alınmadı. Lakin qəmlənməyə dəyərmi? Mən bununla bağlı pessimist notda köklənməmişəm, çünki...

GETMƏYİ BACARMAQ ACİZLİK DEMƏK DEYİL...

İşgəncə faktı ilə bağlı etirazlar başlayanda, mən yazmışdım ki, bu, Saakashvili hakimiyyətinin qürubunun başlanğıcıdır. Amma onu da yazmışdım ki, həyat bununla bitmir, o, davam edir. Bəli, V.Yushchenko'ya da aciz deyilənlər tapıldı. Amma o, aciz adam idimi? Düşünmürəm. İndi Saakashvili'yə də aciz deyilənlər tapılacaq. Onların «məntiqi» öz arxaikliyi ilə adamı lap qıcıqlandırır. Belələri çox sadə düşünür: «Adam da hakimiyyəti belə asanlıqla verərmi? Viktor Yushchenko və Mikheil Saakashvilii

Viktor Yushchenko və Mikheil Saakashvilii

Prezident olmaqdan yaxşı şey var?». Prezident olmaq yaxşıdır, amma yaxşı prezident olmaq daha yaxşıdır! Tarixdə çox prezidentlər olub ki, onların nüfuzu ictimai rəyi istismar etməyə imkan verib, amma onlar bunu etməyiblər. Hətta tarixin məntiqi baxımından hakimiyyətdən yapışıb qalmaq mənasızdır, çünki beş il, on il prezident olana da prezident deyirlər, otuz il olana da! Hətta mən deyə bilərəm ki, otuz il prezident olana prezident demir və bunu deyərkən xoş bir təbəssüm nümayiş etdirmirlər. Çünki otuz il prezident olana diktator deyirlər və onu gec-tez diktator kimi də yola salırlar...

BİR DAHA GÜRCÜ CƏMİYYƏTİ HAQDA

Mən bütün hallarda bu cəmiyyəti mətin cəmiyyət hesab edirəm. Azərbaycan cəmiyyəti çox mühafizəkar cəmiyyətdir və dəyişikliyə ehtiyatla yanaşır. Hətta korrupsiyaya qarşı guya müharibə elan edilən vaxtda təəssüflə deyirdilər ki, bu vaxta qədər rüşvət verib «işimizi düzəltməyə» öyrənmişik, bundan sonra necə yaşayacağıq? Amma gürcü cəmiyyəti belə deyil. Bu cəmiyyət həmişə özünü Avropanın bir parçası kimi hiss etməyə alışıb. Bəli, bu cəmiyyət çox dinamik cəmiyyətdir, bir yerdə durmur, əldə olunanlarla kifayətlənmir, daim çalışır ki, daha da yaxşı olsun. Ona görə də Gürcüstanın gec-tez Avropanın bir hissəsi olacağına inanmamaq çətindir. Orada siyasətçilər də özlərini bu cəmiyyətin bir üzvü hesab edirlər və bəzi yerlərdə olduğu kimi, özlərini onun fövqündə hiss etməyə çalışmırlar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG