Keçid linkləri

Təcili xəbərlər

«Amnesty International» Rihanna və Shakira’nı Azərbaycanda oxumamağa çağırdı


Rihanna (soldakı) və Şakira
Rihanna (soldakı) və Şakira
«Ən çox qazanan müğənnilər RihannaShakira Azərbaycan paytaxtında konsert verməzdən əvvəl yadlarında saxlamalıdırlar ki, burada Azərbaycan xalqının insan haqları kobud şəkildə pozulur». «Amnesty International»ın yaydığı bəyanatında belə deyilir.

Adı çəkilən müğənnilər 17 yaşadək futbolçu qızlar arasında Bakıda keçirilən dünya çempionatına həsr olunmuş tədbirlərdə oxumağa dəvət alıblar.

«Amnesty International»ın müğənnilərə göndərdiyi məktubda onlara Azərbaycanda jurnalistlərin, bloggerlərin və siyasi fəalların çoxsaylı həbsləri barədə məlumat verilir.

Jennifer Lopez
Jennifer Lopez
Rihanna və Shakiradan əvvəl Jenifer Lopez Bakıda keçirilən futbol çempionatının açılışında artıq oxuyub və ona prezident İlham Əliyevin kürəkəni Emin Ağalarov tərəf-müqabillik edib.

Xəbərdə deyilir ki, Azərbaycan son illərdə ölkənin imicini «Eurovision» kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yüksəltməyə çalışır.

Öz növbəsində, insan haqları fəalları bu tədbirlərdən beynəlxalq birliyin diqqətini Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətinə cəlb etmək üçün istifadə etməyə çalışırlar.

Xatırlatmaq yerinə düşərdi ki, «Amnesty International» təşkilatının bundan əvvəl buna bənzər çağırışlarına hay verən olmayıb.

Bəzi internet mənbələrinə görə Rihanna 26 milyonluq twitter tərəfdarları ordusuna belə yazıb: «Bakı!!! Mən burdayam!!! İnana bilmirəm!!!».

Hətta Britaniyanın kral pop ulduzu Elton John da Bakıda konsert verib.

«Reuters» agentliyi xəbər verir ki, hər iki müğənninin nümayəndələri şərh üçün edilən zənglərə cavab verməyiblər.

BU HƏMİŞƏ BELƏ OLUB

Diktatorları əyləndirən dünya ulduzlarını utandırmağa çalışan «Amnesty International» öz cəhdlərində tək deyil.

Qərbdə siyasi fəallar, jurnalistlər, ələlxüsus da Britaniya qəzetləri ulduzları addımbaaddım güdürlər.

Beyonce
Beyonce
«The Guardian» qəzeti hələ 2010-cu ildə polkovnik Gaddafi’nin oğluna 1 milyon dollarlıq konsert verən Beyonce’dan yazırdı.

«The Sunday Telegraph» isə yazırdı ki, Beyonce həmin ziyafətdə tək deyilmiş. Şampan şərabının su yerinə axdığı bu məclisdə onun əri Jay-Z, RnB ulduzu Usher də diktator balasını səhərədək əyləndiriblər.

Qəzet yazır ki, bundan 12 ay əvvəl Mutassim Gaddafi yeni il gecəsində əyləndirilmək üçün Mariah Carey’ə 1 milyon dollar ödəyib.

Məşhur Sting Özbəkistan lideri İslam Kərimovun qızı Gülnarə üçün konsert verib.

Britaniyalı Chris de Burgh İranın, mərhum Michael Jackson isə Bəhreyn kralının ikinci oğlu Abdullah al-Khalifa’nın dəvətlərindən imtina etməyiblər.

«ALDANMIŞ» ULDUZLAR?

Mətbuatda utandırılan pop ulduzlar əslində utanmasalar da, təmizə çıxmağa cəhd edirlər.

Özbəkistana səfərindən bir neçə ay sonra jurnalistlər tərəfindən sorğu-suala çəkilən Sting bu konsertin «deyəsən UNİCEF tərəfindən maliyyələşdirildiyini» bildirib.

Sting
Sting
Məsələni BMT-nin özü ilə araşdıran jurnalistlər bu mötəbər təşkilatın Daşkənd konsertindən xəbərsiz olduğunu öyrəniblər.

Bundan sonra təngə gələn müğənni belə deyib: «Mən, Özbəkistan prezidentinin insan haqları sahəsindəki dəhşətli reputasiyasından xəbərdaram, lakin düşünürəm ki, mədəniyyət sahəsində boykot mənasız hərəkətdir və əks nəticə verir».

Hollivud aktyorları Hilary Swank, Jean-Claude van Damme və müğənni Seal Qroznıda Ramzan Kadırovun 35 yaşını qeyd etdikdən sonra hərəkətlərinə görə uzun-uzadı üzr istəyiblər.

Deyilənə görə, çeçen qadınlarına məcburi qaydada hicab geyindirən Kadırov ad günündə əməlli-başlı lül-qənbər olub.

Kanada müğənnisi Nelly Furtado 2007-ci ildə İtaliyadakı otellərdən birində Gaddafi ailəsini 45 dəqiqə ərzində feyzyab etdiyinə görə 1 milyon dolları qatlayıb cibinə qoymasından peşmançılığını bildirib.

Twitterdə yaydığı qısa məlumatda müğənni yazıb ki, bu qonorarı adı bəlli olmayan xeyriyyə cəmiyyətinə köçürmək niyyətindədir.

Eyni şəkildə «xəcalət cəkən» Beyonce öz internet saytında bəyan edib ki, Gaddafi ailəsindən aldığı pulu Haitidə zəlzələ qurbanlarının fonduna köçürüb.

Lakin bu mənada ən maraqlı etiraf Mariah Carey’ə aiddir.

O, şəxsi internet saytında yazırdı: «Mən kimin üçün ifa edəcəyim barədə sadəlövh və məlumatsız olmuşam. Mən belə cəncələ düşdüyüm üçün xəcalət çəkirəm. Düşünürəm ki, bu, bütün müğənnilərə dərs olmalıdır. Biz bütün ifalarımız üçün kimin dəvət etməsindən asılı olmayaraq daha çox məsuliyyət daşımalıyıq».

Mariah Carey
Mariah Carey
Hərçənd Mariah Carey aldığı pulu hər hansı xeyriyyəyə xərcləyəcəyini vəd etməyib.
Yeri gəlmişkən, Qərb mətbuatı diktatorlara konsert verən ulduzların xeyriyyə «məhəbbətinin» də sirlərini açır.

Əksər Qərb ölkələrində xeyriyyəyə ianə verən bizneslər, dövlətə güzəştli vergi ödəyirlər.

MƏSUM OXUCU ŞƏRHLƏRİ

Bu yazını qurtarmaq üzrəyəm və bəzi oxucuların mümkün və səmimi və məsum şərhləri barədə düşünürəm: «Bu qədər pulu xalqa, ölkəyə, ehtiyacı olanlara vermək daha yaxşı olmazdımı?».

Oxucuların yox, ulduzları sifariş edənlərin məntiqi ilə düşünəndə, deyə bilərəm ki, olmazdı!
Yadınıza məşhur «O olmasın, bu olsun» filmini, orada cavan bir qızla evlənmək istəyən qoca baqqal Məşədi İbadın sağa-sola pul xərcləməsini, lakin «bir abbasını» qıymamasını salın.

Müğənnilik sənəti yaranandan müğənnilər kralların, lordların, şahların, xanların, ağa və bəylərin məclislərini feyzyab etməyə can atıblar.

Bunun səbəbi beş yüz il əvvəl nə idisə, indi də odur.

Digər tərəfdən Rihanna’nı, Beyonce’ı, Shakira’nı, hətta Azərbaycanın çox gənc xalq artistlərinin belə faydalandığı imkanlardan məhrum etmək nə dərəcədə ədalətlidir?.

«Amnesty International» təşkilatını deyə bilmərəm, mənim bu suala hələlik mükəmməl və müfəssəl bir cavabım yoxdur.
XS
SM
MD
LG