Keçid linkləri

Bəzən adama elə gəlir ki, siyasətdən maraqlı sahə yoxdur. Xüsusən nəzərə alanda ki, hər bir ölkə və hər bir lider bu sahəyə öz özəlliklərini gətirir və bu özəlliklər bəzi hallarda təkrarsız olur, onda adamın gözündə siyasət maraqlı bir aləmə dönür. Siyasətin cövhəri isə seçkidir. Müxtəlif ölkələr onu necə və hansı qaydada keçirir və bəzi ölkələr isə onu keçirməmək üçün hansı qeyri-adi üsulları tətbiq edir – bu sualların araşdırılması dünyanın siyasi analitik və politoloqlarının axtarışlarının əsas məzmununu təşkil edir. Dünyanın ən maraqlı kəsimlərindən biri Latın Amerikasıdır. Bu həftə bu regionun ən qeyri-adi ölkələrindən birində – Venesuellada seçkilər oldu. Mən bəlkə də həmin mövzuya toxunmazdım. Lakin burada Azərbaycanla bağlı paralellər tapmaq elə də çətin iş deyil. Ən əvvəl təəccübə səbəb ola biləcək bir detalı xüsusilə qeyd etmək istərdim. O da budur ki, Latın Amerikasında indi həqiqətən seçki keçirilir. Buradakı sosial-siyasi utopiyalar avtoritar üsullarla deyil, seçki və demokratiya yolu ilə bərqərar olur, onlar öz mandatlarını cəmiyyətlərdən və seçicilərdən alır. Bunun nə qədər təhlükəsiz olması başqa bir mövzunun və araşdırmanın predmetidir, çünki təkcə seçkini əsas meyar kimi götürməklə biz çox absurd siyasi nəticələrə gəlib çıxa bilərik. Amma o da bir meyardır və indiki dünyada hakimiyyətlərə legitimlik verən əsas amillərdən biri hesab edilir. Qərəz Venesuellada seçki oldu. Bunu ən azı ona görə demək mümkün hesab edilir ki, müxalifət lideri təxminən səslərin 40 faizini qazandı. Burada Azərbaycandakı seçkilərdə müxalifət liderlərinin və müstəqil namizədlərin adına yazılan 2-3 faizlik nəticələri xatırlayanda görürsən ki, hələ kimin hansı yerdə olması böyük mübahisə predmetidir. Artıq qeyd etdiyim kimi, bu latın ölkələrindəki siyasi sistemlər liberal sistemlər deyil, onlarda liberal dəyərlər üstünlük təşkil etsəydi bir çox sosial eksperimentlərin, utopiyaların qarşısı alınardı, məsələn, H. Chavez öz fantaziyalarına meydan verə bilməzdi. Amma o da var ki, bəzi region liderləri məcbur olub başqa biçimdə siyasi meydana çıxırlar və D. Ortega kimi «Mən artıq komendant Ortega deyiləm, siyasətçi və dövlət adamıyam» - deməyə məcbur olurlar. Venesuela hələ belə reallıq qarşısında deyil, H. Chavez hələ ki, ən yaxşı halda özünü «trotsikst» adlandırır.

Fəqət, Chavez daha bir müddətə seçilmək üçün imkan istədi. Bu da maraqlı və müəyyən müqayisələrə səbəb ola biləcək detaldır...

DAHA BİR ALTI İL CHAVEZ-İN NƏYİNƏ LAZIMDIR?

2009-cu ildə H. Chavez ölkə konstitusiyasından bir nəfərin iki dəfədən artıq seçilə bilməməsi haqda məhdudiyyəti götürdü. Onun arqumenti sadə idi və o, bəyan etdi ki, ölkədəki sosialist islahatlarını başa çatdırmaq üçün ona bir müddət də seçilmək və daha altı il hakimiyyətdə olmaq lazımdır. Təbii ki, biz onun arqumentlərinin səmimiliyinə və bu islahatların Venesuela üçün xeyirli olmasına böyük şübhə ilə yanaşırıq. Amma Azərbaycanda iki dəfəlik seçim haqdakı məhdudiyyətin götürülməsini əsaslandıran bircə dənə belə olsun ciddi arqument gətirilməyib. Üçüncü dəfə seçilmək İ. Əliyevin nəyinə lazımdı və hansı zərurət onu bu addımı atmağa vadar edir? Hakim partiyanın bunu əsaslandırmaq üçün gətirdiyi arqument isə gülüş doğura bilər. Onlar belə bəyan edirlər ki, bizim İ. Əliyevdən başqa namizədimiz yoxdur... Lap dərinə gedəndə də iddia edirlər ki, heç kimin seçib - seçilmək hüququ, hətta bu 3-cü dəfə, 4-cü dəfə olsa belə, məhdudlaşdırılmamalıdır. Əgər İ. Əliyev desəydi ki, üçüncü dəfə seçilmək ona, məsələn, Qarabağ problemini həll etmək üçün lazımdır, bəlkə də bir çox seçicilər ona dəstək verərdilər. Amma ortalıqda heç bir vəd yoxdur, heç bir plan yoxdur. Sadəcə, müəyyən bir qrupun çox böyük siyasi ambisiyası var. H. Chavez-in də arqumentində artıq qeyd etdiyim kimi səmimiyyət axtarmaq sadəlövhlükdür. Əminəm ki, o, növbəti dəfə də hansısa yeni arqument tapacaq. Amma heç olmasa o, özünə əziyyət verib hansısa arqumentlər axtarır, cəmiyyətə nə demək haqqında düşünür. Bunu biz İ. Əliyevin nümunəsində görmürük, o, özünə əziyyət vermək belə istəmir.

KİÇİK SÖZARDI

Bəlkə də bu müqayisə çox da uğurlu olmadı. Amma sovetlərin vaxtında çox məşhur bir lətifə vardı. Söhbət qatardan gedir. Birdən bəlli olur ki, qarşıdakı relslər xarabdır, daha irəli getmək olmaz. N. Khrushchev-dan soruşurlar ki, necə edək? O, qayıdır ki, arxadakı relsləri söküb irəli qoyun, onda qatar gedəcək. Eyni hadisə L. Brezhnev-in vaxtında baş verir. Ondan soruşanda deyir ki, qapı və pəncərələri bağlayın, qatarı silkələyin, elə təsəvvür yaranacaq ki, harasa gedirik... İndi H. Chavez-in utopiyalarına baxanda adamın yadına N. Khrushchev və onun keşməkeşli dövrü düşür. Lakin bu, hələ hamısı deyil. Azərbaycan kimi ölkələr haqqında düşünəndə isə L. Brezhnev-i və onun məsləhətini xatırlamaya bilmirsən...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG