Keçid linkləri

Təcili xəbərlər

Əgər bir günəş isitmirsə...


A. Sakharov mükafatçılarının adı
A. Sakharov mükafatçılarının adı
-

Avropa Şurası növbəti dəfə A. Sakharov mükafatını təqdim etməyə hazırlaşır.

1988-ci ildə təsis olunan bu mükafat hər il demokratiya uğrunda mübarizə aparan insanlara təqdim edilir. Bu il də namizədlər çoxdur. Amma onların içində mənim diqqətimi əslən İran Azərbaycanından olan J. Panahi xüsusilə cəlb etdi. Etiraf edim ki, mükafatı almaq üçün şansları ondan daha çox olan namizədlər var. Lakin bu mükafata təqdim olunmağın özü artıq bir uğurdur. J. Panahi-ni həm siyasət, həm də sənət adamları çox gözəl tanıyır. Mən ilk dəfə onun adına rast gələndə bu vaxta qədər çəkdiyi filmlərlə və iştirakçısı olduğu müsabiqələrlə tanış oldum. Çox istedadlı rejissordur. Amma mənim diqqətimi əsasən bir detal cəlb etdi. Bu adama İran rejimi 20 il ərzində ölkə hüdudlarından kənara çıxmağı və kino çəkməyi yasaq edib. Təsəvvür etmək belə çətindir – 20 il...Elə adına mükafat təsis edilən A. Sakharov da bu həyatı yaşamağa məcbur olmuşdu, ona da sürgündə olduğu Qorki şəhərindən bir addım belə kənara çıxmağa icazə vermirdilər. Lakin Sakharov-a elmlə məşğul olmaq yasaq olunmamışdı, həmkarları tez-tez onunla görüşür, onu ən son elmi uğurların kursunda saxlamağa cəhd edirdilər. Məni J. Panahi-nin həbsi o qədər də narahat etmir, nəinki bu yaradıcı insanın 20 il kino çəkməkdən məhrum edilməsi. Bir vaxt İran rejimi tanınmış müğənni Faegheh Atashin-i (Googoosh) də belə cəzaya məhkum etmişdi. Burada mənim yadıma ölməz sənətkarımız C. Cabbarlının sözləri düşür: əgər bir Günəş isitmirsə.... Azərbaycanda İran üsul-idarəsini təqdir edən insanlar var. Ən qorxulusu odur ki, bu sistemi təqdir edənlərin sayı zaman keçdikcə azalmır, əksinə artır. Bəli, o insanlarla mübahisə etmək, fikir mübadiləsi aparmaq çox çətindir. Mən onların fikir və düşüncə tərzi haqqında çox baş sındırmışam. Niyə bu insanları İran rejimi o qədər cəlb edir? Səbəb nədir?

REQLAMENTLƏŞDİRİLMİŞ HƏYAT TƏRZİ

Desəm ki, mən bu sualın cavabını bilirəm, bu, yanlışlıq olar. Doğrusu, hələ də bu suala cavab tapmamışam. Lakin bu insanlarda özlərinin, başqalarının həyatını reqlamentləşdirmək istəyi çox güclüdür. Mühakimə tərzindən söz açmağa isə dəyməz, nə deyirsən, deyirlər ki, bəs, bunu neçə yüz il bundan öncə deyiblər və yazıblar... Hətta etiraz da edə bilmirsən ki, əgər bunlar bir neçə yüz il əvvəl deyilibsə və yazılıbsa sizin niyə bundan xəbəriniz yoxdur? Niyə bu yenilikləri sizin dilinizdən eşitmirik? Niyə onları elə hamıdan əvvəl müsəlmanlar tapıb ortalığa çıxarmırlar? İndi hicabla bağlı çoxillik mübarizə davam edir. Prinsipcə, mən kiminsə hicab örtməsinin əleyhinə deyiləm. Gəl, o fikirlə razıyam ki, bu mübarizənin ardı da olacaq. Bəli, bu gün özləri hicab örtəcək, sabah da başqalarını örtməyə məcbur edəcəklər. Ona görə də azca öncə yazdığım fikrə qayıtmaq istəyirəm. İran sistemini təqdir edənlər təkcə ona görə qorxulu deyillər ki, onlar öz həyatlarını qeyri-dünyəvi qanunlarla reqlamentləşdirmək istəyirlər, ona görə qorxuludurlar ki, başqalarının həyat və düşüncə tərzini də reqlamentləşdirməyə cəhd edirlər. Bu yaxınlarda film məsələsi ortaya gələndə bir tanışım maraqlı fikir dedi:«biz müsəlmanlar indi xristian dünyasının imtina etdiyi keçmiş qaydalarla yaşayırıq, az qalırıq ki, inkvizisiya quraq, tonqallar qalayaq, insanları fərqli fikir dediklərinə görə bu tonqallarda yandıraq...». Mən bu fikirlə razıyam. Bir daha J. Panahi məsələsi yadıma düşür. Bir neçə yüz il bundan əvvəl xristian dünyasında alimlərə və sənətkarlara öz işləri ilə məşğul olmaq yasaq olunurdu... İran isə bunu 21-ci əsrdə edir. Adamda elə təsəvvür yaranır ki, İran təqvimi sadəcə mexaniki olaraq bizim işlətdiyimiz təqvimdən bir neçə yüz il geri qalmır. İranda sözün əsl mənasında 14-cü əsrdir, 1400-cü ildir...

KİÇİK SÖZARDI

Bəzən insanlara elə gəlir ki, müqayisələr aparmaqla öz güzəranımızın, həyat tərzimizin üstünlüyünü nəzərə çarpdırmaq istəyirik. Yox, belə deyil. Təbii ki, İranla Azərbaycan arasında böyük fərqlər var. Lakin mən bilmirəm ki, bu iki ölkə arasındakı bəzi paralellər təsadüfidir, yoxsa... Bu yazıda iranlı rejissor J. Panahi-dən söhbət getdi. Amma Azərbaycanda da hakimiyyətin sevmədiyi rejissor və ssenarist R. İbrahimbəyov var. Azərbaycanda da bir sıra insanlar qeyri-rəsmi olaraq ölkədən kənara çıxmaq hüququndan məhrum ediliblər.
Təsadüfdürmü?

Ən son yazılan

XS
SM
MD
LG