Keçid linkləri

Təcili xəbərlər

Yeni media dövründə Fotoqrafiya: “Dəyişən nədir?”


Fotoqraf Yücel Tunca (Foto: Volkan Doğar)
Fotoqraf Yücel Tunca (Foto: Volkan Doğar)

“...ilk ağlına gələn şey nədir deyə soruşsanız, mən ona paylaşmaq çılğınlığı deyərəm” Yücel Tunca


Yeni media çağında yaşıyırıq. Həyatımızda daha çox sosial şəbəkələr üzərindən təsirini hiss etdiyimiz “ikinci (virtual) həyat bir çox sahələrə baxışımızı dəyişməkdədir. Müasir, ya da Post-Fotoqrafik dönəmdə fotoqrafiyanın özündə nələr dəyişiyir? Rəqəmsal (dijital) fotoqrafiya Yeni mediada necə görünür? Yeni Medianın təməl prinsipləri olan dijitallıq, interaktivlik, zaman-məkan azadlığı verən mobilliyin fotoqrafiyaya qatdığı üstünlüklər nədir? Bunlar hamısı bugün müzakirə olunmağa və üzərində bir balaca düşünməyə dəyər suallardır.

Türkiyənin İstanbul şəhərində Galata Fotoqraf Studiosunda çalışan fotoqraf Yücel Tunca Yeni Mediada Fotoqrafiya haqqında fikirlərini “25-ci Kadr” jurnalında paylaşır. Yücel Tunca Azərbaycanda olub. Bakı Jurnalistika Məktəbində gənc fotojurnalistlərə seminar keçib. Yücel Tunca deyir ki, Galata Fotoqraf Studiosu hazırda Azərbaycandan da gənc fotoqrafların qatılacağı dördlü layihə üzərində işləyir.

- Teknologiyanın inkişafı, rəqəmsallıq fotoqrafiyaya necə təsir etdi?

- Öncədən onu deyim ki, mən Photoshop-a qarşı olan fotoqraflardan deyiləm. Hələ 1840-cı illərdə çəkilən ilk fotolarda dövrün texniki problemlərindən dolayı fotolara müdaxilələr olurdu; Türkçəyə belə Fransızcadan “rötuş” olaraq keçən İngiliscədə “retouch” deyilən sözün anlamı da o günlərə dayanır. İlk fotoların fotoqraflarla rəssamların iş birliyi ilə ortaya çıxan məhsullar olduğunu görürük. Bugün Photoshop kimi proqramlar fotonun bir parçası olub-olmaması çox da üzərinə israrla durulması lazım olan bir şey deyil. Sadəcə belə bir durum var, ilk Dagerotayp-lardan sonra özəlliklə 1900-cü illərin başından etibarən qaranlıq otaq texnikaları inkişaf etməyə başladı. Misal üçün, Man Ray, Laszlo Moholy-Nagy kimi Dadaist fotoqraflar o qədər yoğun bir biçimdə fotolara qaranlıq otaq müdaxiləsi etdilər ki! Dərslərimdə bu fotoları örnək olaraq göstərməyi lazım bilirəm və deyirəm ki, “bu foto fotoluğundan çıxmışmı sizin üçün?” İşin tarixçəsini bilməyənlər varsa “Photoshop’la işlənib.” deyir. Xeyr, əslində analoq fotoqrafiyanın məbədi dediyimiz o qırmızı işıqlı qaranlıq otaqdan çıxıb bunlar. Dövrün texnikası bu cür müdaxilələr etməyə imkan verirmiş. İndi bugünün texnologiyası ilə də başqa şeylər eləməyə çalışırıq. Bu səbəblə bu cür müdaxilələri normal görürəm.

- Yaxşı bəs bu cür müdaxilələrin sərhəddi varmı?

- Müzakirə etmək lazım olan məsələlərdən biri də budur. İkincisi də orijinallıq məsələsidir. Yəni rəqəmsal fotonun kompüter proqramları ilə manipulyasiyaya uğraması problem deyil, bunun foto dünyasındakı və sənət tarixindəki yerinin araşdırılmasıdır əsas məsələ. Photoshop-un gətirdiyi rahatlıq budur: əvvəllər qaranlıq otaq deyilən şey həqiqətən fotoqrafdan əlavə bilgilər tələb edirdi. Bugünsə proqramları çox daha asan öyrənmək olur, daha praktikdirlər.

- Post-fotoqrafiyada professionallıq anlayışı necə, dəyişibmi?

-Foto çəkərkən bəzi insanlarla tanış oluram. Məndən soruşurlar: “Foto kameranı neçəyə aldın?”, misal üçün deyirsən ki, 2500 dollara. Ala bilər deyə düşünür. “Obyektivə nə qədər verdin?” 1000 dollar, deyirsən. Onu da ala bilər! Ştativə nə qədər pul verdin? 400 dollar, eh o da alına bilər. Və belə bir hesablama aparırlar. Mən də onları ruhlandırıram ki, alsınlar, bundan sonra özləri çəksinlər. Amma çəkə bilmirlər. Çəkə bilməzlər. Fotokamera dediyiniz şey arxasındakı fotoqrafla bərabər var olan bir şeydir. Tək başına fotokamera hər hansı bir detalı görə bilməz. İşıq ayrımı edə bilməz. Estetizə edə bilməz. Dolayısıyla hər kəs fotokamera alar və çox asanlıqla istifadə edə bilər, amma professionallaşma dediyimiz şey ancaq əməklə ola bilər. Hər birimiz fotoqraf ola bilərik, sadəcə çox yaxşı fotoqraf olmaq uzun zaman çalışmaq, bir az da fərdi bacarıqları da əlavə etməklə mümkündür. Çox yaxşı marka bir skripkanız varsa bu sizi bir musiqi dühası etməz, amma siz musiqi dühasına sahibsinizsə keyfiyyətli skripka sizi daha irəliyə götürə bilər.

- Köhnə nəsil fotoqraflar niyə bəzən yeniliklərdən qaçır?

- Özəlliklə mühafizəkar toplumlarda yeni olan şeylərə qarşı hər zaman bir reaksiya var. Eyni zamanda bu çox eqosentrik bir durumdur, yeni olanın öz dəyərinin azalmasına səbəb ola biləcək deyə düşünürlər. O zaman belə düşünmək “sizin dövrünüz qapanır” deməkdir; bu bir anlamda ölüm fərmanınızdır. Əgər o biri tərəfə doğru bir addım atsanız, yeniliyin olduğu tərəfə keçərsiniz. Siz də onunla bərabər inkişaf etməyə davam edərsiniz. Köhnə nəsil köhnə texnikayla bunlara belə kor-koruna bağlı qalaraq və bunu da bir sədaqət və məcburiyyət kimi qəbul edərsə zombi olar! Dolayısıyla, məncə, fotoqrafın yeniliklərə qarşı tənqidi, amma eyni zamanda da mənimsəyici olması lazımdır.

- Yeni mediada post-fotoqrafiyanın problemləri nədir?

Yücel Tunca (Foto: Özge Gökçe Açıkgöz)
Yücel Tunca (Foto: Özge Gökçe Açıkgöz)
- Məncə, indikilər çox kiçik problemlərdir. Bəlli bir zaman içərisində aşıla bilər. Cavabını bilmədiyim problem isə budur: Fotoqrafın davranış və yanaşma biçimini dəyişdirdiyini düşündüyüm böyük bir problem var. Analoq dönəmində foto çəkərkən çox daha zehinsəl bir süzgəcdən keçirərək foto çəkməyə önəm verilirdi. Mövzu ilə daha dərin əlaqə qurulurdu. İndiysə fotokameranın sürətli istifadəsi bir biçimdə zehin prosesini də dəyişdirdi. Fotokamerayla sürətli çəkirlər, bunu kliplər çağı olaraq da adlandıra biləcəyimiz bir çağın qaçılmaz sonucu olaraq da görə bilərik. İzlədiyiniz filmlərdə, kliplərdə, reklamlarda səhnələr o qədər sürətlə dəyişir ki, bir neçə saniyə içində dəyişən bu görüntülər sizə oturduğunuz yerdən həyatın içində sürətlə axıb gedirmişsiniz kimi bir hiss yaradır. Ağıl sanki bədənin sürətli ritmindən bir az daha geridə qalır. Təhlükə budur. Bir də nə yazıq ki, fotolar fotoqrafın süzgəcindən də çox az keçir. Ona görə də bu sosial şəbəkələrdə müdhiş bir foto bombardımanı var. Bundan 10-15 il öncə də foto bombardımanından bəhs edərdik, amma daha sistematik başqa bombardımandı. Reklam, dezinformasiya bu anlamlarda ortaya çıxan bir foto bombardımanı idi. İndi bunu özümüz yaratmağa başladıq. Foto seçimi etmək də çətinləşməyə başladı. Amma yenə də bunu iddia edirəm ki, mədəniyyət hər zaman öz süzgəcini yaradacaq və çağını təyin edən fotoları digərlərindən ayıra biləcək.

- Yeni media dönəmində ilə fotoqrafiya çoxmu dəyişib?

-Yeni medianın ortaya fərqli, yeni bir fotoqrafiya çıxardığını düşünmürəm. Yeni medianın doğuşu rəqəmsal texnologiyadan bir az daha gec olduğu üçün, fotoqraflar çəkdikləri fotoları çəkməyə davam edirlər, sadəcə paylaşmada bir çılğınlıq var. Sosial mediada foto ilə, vizuallıqla bağlı ilk ağlına gələn şey nədir deyə soruşsanız, mən ona paylaşım çılğınlığı deyərəm. Bu paylaşmaların da əslində belə bir yanı var: Təkyönlü bir paylaşma! Bu da paylaşma sözünün anlamına ziddir. Paylaşma interaktiv bir şeydir. Bu olmayınca paylaşma təqdimata dönür. Fotoqraflar çəkdiklərini o qədər çox sərgiləməyə həvəslidirlər ki sosial mediada dönüb başqa fotoqrafların nə çəkdiyinə baxmaq ehtiyacı duymurlar. Bu da zatən inkişafı zəiflədir.

Başqa bir şəkildə var olma ehtiyacı insanları sosial mediaya sürükləyir. Özünüifadə etmənin ən asan yollarından biri də foto çəkməkdir. Misal üçün, rəssam olmaq çətindir, fotokameradan istifadə etmək isə ən asan olandır. Bir sıra proqramlarla heç də pis olmayan işlər ortaya qoya bilirsən. Amma bu sənsənmi? Cavabı olmayan bir sual. Çünki onun üçün önəmli olan nə qədər “like”gəlməsidir... Çünki bu “like”lar onu xoşbəxt edir. Bir tərəfdən də çox pozitiv görünür. Amma yalan təsəllidir əslində.

- Yeni media dönəmində fotoqrafiyada müəllif hüquqları, etik problemlər necə həll olunur?

-Türkiyədə fikir və sənət əsərləri qanunu daim yenilənir. Amma misal üçün, kommersiya məqsədi ilə foto çəkərkən bir sıra firma sizinlə müqavilə imzalayır. Çəkdiyiniz foto üzərində sahiblik haqqınızı bir anlamda firmaya vermiş olursunuz. Əslində isə qanunlar çox açıq şəkildə əsər onu istehsal edənindir deyir, bu haqq kimsəyə verilə bilməz. Bir müqavilə ilə vermiş olsanız belə xoşunuza gəlməyən bir davranış gördüyünüzdə etiraz etmə şansınız var. Amma bu reallıqda nə qədər işləkdir? Çox az. Çünki fotoqraflar bu mövzuda bilgisizdirlər. Fotolar hər zaman oğurlanıb. Amma bilgi sahibi olub haqq arayışına girənlər çox vaxt haqlarını qazanırlar. Bir fotoqraf əgər özəlliklə də sosial mediada fotolarını paylaşırsa rəqəmsal imza atma bilgisinə sahib olmalıdır. İmza silinmiş olsa belə, çəkilən hər bir kadrın bir an öncəsi və bir sonrası vardır. Dolayısıyla bunu sübut etmək mümkündür. Özəlliklə də fotoların exif bilgiləri də deşifrə edildiyində müəllif hüquqları qoruna bilir. Amma təzminatlar da çox az olduğu üçün bir fotoqraf buna baş qoşmaq istəmir. Həm də bunu bir etik problem kimi də dəyərləndirmədiyi üçün heç bir hərəkət etmir. Halbuki bununla etik olaraq da mübarizə aparmaq lazımdır.

- Türkiyədə sosial media üzərində fotoqrafiyadan pul qazanmaq imkanı nə qədər realdır?

- Pul da qazanırlar? Bütün iş həyatımda %2’dir bu. İşlər sayta, sosial şəbəkələrə, bloqlara baxmaqla olmur. Biri gərək tövsiyə etsin səni. Ondan sonra saytına baxırlar. Qərb dünyasında bu işlər normal halda agentliklərlə reallaşır. Onların da portfelləri var. Fotoqraflar o portfellərə düşmək üçün zatən işlərini təqdim edirlər. Özünü tanıda bilmə baxımından yeni media alətlərindən istifadə etmək faydalıdır. Amma deməliyəm ki, o qədər də xoş görülən bir yol deyildir. Daha məsləhət bilinən yol ciddi sərgilərdir, kitablardır. Türkiyədən misal üçün Mehmet Turqut sosial mediadan doğan biridir, amma daha sonra layihələri ilə indi Türkiyədə adı ən çox anılan fotoqraflar arasındadır. Bundan başqa Niko Guido da çox sayda foto layihələr hazırlayır. Sosial mediadan daha çox işlərini elan etmək üçün istifadə edir.

- Üç ildir “Fotoğraf Notları”, “Fotoğrafsız” jurnallarınız dərc olunur. Bunların gələnəksəl foto jurnallardan fərqi nədir?

- Bu iki jurnalın hər birinin özünə görə özəllikləri var. “Fotoğrafsız” jurnalı üz qabığı xaricində heç foto yayımlanmayan bir jurnaldır. Bütün yazılar fotoyla bağlıdır, amma fotolar yoxdur. Foto göstərmək yerinə daha çox fotodan bəhs etməkdir məqsədimiz. “Fotoğraf Notları” isə sadəcə fotoreportaj yayınlayan Türkiyədəki ilk və tək jurnaldır. Biz foto göstərməyə deyil, hekayələr anlatmağa çalışırıq. Foto hekayəni üstələməsin deyə parlaq kağızlardan uzaq dururuq.

Ən son yazılan

XS
SM
MD
LG