Keçid linkləri

Təcili xəbərlər

Bloq icmalı: «Azərbaycan, yoxsa Bazarbaycan?»


-
Natiq Ədilov öz bloq yazısında iddia edir ki, onu Hikmət Hacızadə tutdurub: «2003-cü ilin prezident seçkisinə 3 gün qalmış əlimə Hikmət Hacızadənin hazırladığı «Seçkidə müşahidəçilik» adlı broşüru düşdü. Bütün bunların lap sonunda müəllif müşahidəçilərin susdurulması üçün şirnikləndirici vədlərin, bəxşişlərin daha geniş yayıldığını xatırladır və qara hərflərlə xəbərdarlıq edirdi: «Heç vaxt vicdanınızla alver etməyin».
Daha sonra bloqçu müşahidəçi kimi ona edilən şirnikləşdirici vədləri sadalayır və yazır ki, vədləri eşitdikcə özlüyündə təkrarlayıb: «Heç vaxt vicdanınızla alver etməyin»:
Buna görə elə həmin gün gecə məni həbs edib türməyə yolladılar. O hadisənin üstündən 7 il keçəndən sonra, bu ilin əvvəli oğlu Adnanla bağlı Hikmət Hacızadəgildən reportaj hazırlayırdım. Onda dedim ki, bəy, mən də həbsdə olmuşam. Biləsiniz ki, həbsə düşməyimə səbəbkarı da sizsiniz». Müəllif daha sonra xatırlayır: «Saxtakarlar artıq cənnət həzzi yaşayırdılar. Qabaqlarına bülletenləri düzüb, İlham Əliyevin xeyrinə cızlayıb qutuya tökürdülər. «Dayanın, etməyin» dedim, eşidən kimdir? Onda mən «heç vaxt vicdanınla alver etmə» fikrinin təsiri altında cızlanmağa hazırlanan 501 bülleteni götürüb məntəqədən qaçdım.
İNQİLAB TESTİ
Xəbərçioğlan öz bloqunda oxucusuna inqilab testi təklif edir:

«Mən düşünürəm ki inqilab olması üçün ilk olaraq idarəçilikdə məmur özbaşınalığı olmalıdır. Əminəm ki, sən də razısan. Daha sonra nə ola bilər? Hmmm… Düşünürəm ki, sosial ədalətsizlik ola bilər, yaxud da işsizlik… Yadımdan çıxmışdı, gərək əvvəldə ən böyük səbəb kimi seçki saxtakarlığını göstərərdik. Çünki, sənin və mənim səsimiz toxunulmaz olmalıdır. Kimsə onu səndən, məndən oğurlasa bu vicdansızlıq olar… Səbəblərdən biri də elə rüşvətxorluq ola bilər, həm təhsildə, həm səhiyyədə və digər insan əməyi olan hər yerdə. Yaxud da bahalıq, insanların yaşayış güzəranın aşağı olması ola bilər. Həmçinin düşünürəm ki, atəşkəs şəraitində yaşayan bir ölkənin cəbhə xəttində əsgərlərin ölməsi, ümumlikdə orduda korrupsiyanın olması… İndi gəl görək cəmiyyətimiz inqilaba nə qədər hazırdır? Bu qeyd etdiyimiz səbəbləri sıralayaq, öz cəmiyyətimizin reallığı ilə müqayisə edək və hansını öz cəmiyyətimizdə görürüksə onun qabağından “ √ ” işarəsini qoyaq. Mən başladım, sən də mənim kimi et».
«ADIMIZ NİYƏ BAZARBAYCANDIR»
«Azərbaycan, yoxsa Bazarbaycan?» Altay Göyüşov öz bloqunda bildirir ki, Azərbaycan sözünün etimologiyası bazardan gəlir: «Bazar-bəy-qan- başqa sözlə Bazar bəyin yeri. Möcüzədir ki, bu sübutlar niyə indiyə kimi tarix kitablarımızda istifadə olunmayıb. Həzərat, bura dünyanın ilk bazarı olub. Onun əsasını qoymuş əfsanəvi Bazar bəy, bazarı kəşf edəndən sonra birincisini burada yaradıb öz adını da qoyub ona. Tədricən hər məmləkətdən bura adamlar gəlib və tarixdə ilık bazar mədəniyyəti formalaşıb, bazarbaycanlıların mədəniyyəti».
Bloqçu bu məqaləsini sayta yerləşdirməzdən bir gün qabaq Bakıda yağışdan sonra sel sularının içində qalmış avtomobillərin şəkillərini yayımlayıb.
«YATMIŞ DİV... SOSİAL ŞƏBƏKƏLƏR... FACEBOOK…»
Arxiv foto
Arxiv foto
Bloqçu Cahid İsmayıloğlu «Yatmış div… Sosial şəbəkələr… Facebook…» adlı yazısında Facebook məkanındakı Azərbaycanı təhlil edir. O yazır:

«Müəyyən insanlar sosial şəbəkələrdə baş verənləri müşahidə etmək məqsədi ilə də saxta profillərdən istifadə edirlər. Bu cür saxta profillər adətən ləqəblə adlandırılır. Məsələn: Koroğlu, Çağdaş Türk, Qara Qalxan, Sarı Lider, De Corte, Molla Nesreddin və s. Məndə olan informasiyaya görə AXCP sədri Əli Kərimli Facebookda baş verənləri bu cür profillərdən biri ilə müşahidə edir. Bundan fərqli olaraq Müsavat başqanı İsa Qəmbər facebookda öz adı ilə iştirak edir. Çoxları güman edirlər ki, yüksək vəzifəli şəxslər, elə ölkə başçısının özü sosial şəbəkələri izləyir, əlbəttə ki, şərti profillər ilə».
«PULSUZ KİTAB PAYLASAN OXUYAN TAPILAR»
İlkin Hacıyev öz yeni bloq yazısında kitabın oxunmamağı problemlərindən danışır:

«Müasir cəmiyyətimizdə kitabların oxunmamağının səbəblərindən biri də, kitabların PR -nın düzgün aparılmamağıdır. Çünki tanıdığım insanlar kitab seçməkdə çətinlik çəkirlər.. Aparıcı TV kanallarında maksimum 10 dəqiqəlik bir yeni yazılan kitablardan bəhs olunsa, qısa bir kitab haqqında danişsalar yaxşı olardı».
Daha sonra müəllif yazır: «Yazıçı dostum Nicat Kazımov Gəncədə olanda bizim təşkilatda 20-dən çox kitab payladı pulsuz şəkildə ... İnanılmaz nəticə alındı ,gənclərin hamısı kitab oxudular hələ də məndən kitab istəyirlər ..Yeni kitablarla maraqlanırlar. Bu çox sevindirdi məni...»
XS
SM
MD
LG