Keçid linkləri

Təcili xəbərlər

Əli Həsənovun sükutu


Əli Həsənov
Əli Həsənov
-
XƏBƏR MƏNİMSƏ ƏGƏR…

Doğrudan da qəribə ölkədir. Mətbuatla işləməli olan dövlət məmuru öz səfəri haqda heç bir açıqlama vermir. Bəlkə də burada söhbətin kimdən getdiyini deməsəydim belə oxucular bunun Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Ə. Həsənov haqqında olduğunu duyacaqdılar, çünki hamı bilir ki, ölkədə KİV-lə işləyən və dövlətin bu qurumlarla işini əlaqələndirən əsas məmur odur. Və kim də olmasa məhz o, gözəl bilir ki, hər hansı məsələ ilə bağlı dəqiq informasiya ala bilməyən jurnalistlər son nəticədə onun özünün dediyi kimi «hansısa təhlillərin nəticəsində meydana çıxan mülahizələrini» oxucularla bölüşməli olacaqlar. Artıq belə fikirlər yerli mətbuatda öz əksini tapıb və yerli qəzetlər Ə. Həsənovun özünün Moskva səfərindən məyus olduğu haqda yazırlar. Biz bu cür mülahizələrin sayını artırmaq fikrində deyilik. Amma Ə. Həsənovun Moskvaya nə üçün səfər etməsi və ən başlıcası da bu səfərin gedişi ilə bağlı danışmaması bizim üçün də maraqlıdır. Əslində bu hadisə ölkənin mətbuat və informasiya siyasətinin bir göstəricisi də ola bilərdi. Ölkədə hakimiyyətlə KİV arasında birtərəfli rabitə bərqərar olub. Jurnalistlər, məsələn, İ. Əliyevin daha çox siyasi monoloqları xatırladan çıxışlarından müəyyən nəticələr çıxarmaq məcburiyyətindədir. Bunu digər yüksək vəzifəli şəxslər haqqında da demək olar, hamı çalışır ki, informasiya verməsin və verməyə məcbur olanda da bunu çox könülsüz edir. Halbuki dövlət öz fəaliyyətinin şəffaflığını təmin etmək üçün hər il vəsait ayırır və bu vəsait dövlət qurumlarının ictimaiyyətlə əlaqələrini təmin etməyə məsul olan strukturları saxlamağa sərf edilir. Mövzunu bu istiqamətdə də davam etdirmək olardı, amma dövlətin informasiya siyasəti başqa bir yazının mövzusu olmağa layiqdir və vaxtaşırı da buna müraciət edirik. İndi isə Ə. Həsənovun Moskva səfəri və bu səfəri zəruri edən motivlər daha çox maraq kəsb edir.

STRATEJİ MƏSƏLƏ İLƏ BAĞLI AÇIQLAMA VERƏ BİLMİRSƏNSƏ…

Ə. Həsənov sükutunun səbəbini çox maraqlı tərzdə izah edir. Deyir ki, onun strateji məsələlərlə bağlı açıqlama vermək səlahiyyəti yoxdur. Əslində bunu da bir açıqlama kimi qəbul etmək və onun Moskvaya çox mühüm məsələləri müzakirə etməyə getdiyini demək olardı. Amma bunun ehtimalı çox azdır, çünki bir dövlət məmuru kimi Ə. Həsənov strateji məsələlərdən (hərbi – təhlükəsizlik məsələləri, xarici siyasətin bəzi məqamları və s.) çox uzaq fəaliyyətlə məşğuldur. Bununla onun siyasi çəkisini kiçiltmək niyyətində deyilik. Amma, məsələn, onun Moskvada Qəbələ RLS-nin taleyini müzakirə etdiyini güman etmək və yaxud da Azərbaycanın Avrasiya İttifaqı ilə bağlı siyasətinə aydınlıq gətirmək, ya da Azərbaycanın və Rusiyanın Suriya ilə bağlı siyasətini yaxınlaşdırmağa cəhd etdiyini zənn etmək üçün bir o qədər də əsas yoxdur, ən azı ona görə ki, bütün bu məsələlərlə məşğul olan ayrıca nazirliklər var. Bəs onda Ə. Həsənov Moskvaya nə üçün səfər etmiş olsun?

HAKİMİYYƏTLƏRARASI DİPLOMATİYA?

Onun çıxışında daha bir maraqlı detal da vardı. O, deyir ki, səfər Rusiya tərəfinin dəvətilə baş tutub. Bu, tamamilə mümkün məsələdir və Ə. Həsənovun diplomatik missiyasını artırmır. Yadınıza gəlirsə, bir müddət bundan əvvəl Ə. Həsənov İrana da səfər etmişdi. Səfərin məqsədi də iki hakimiyyət arasındakı anlaşılmazlıqları aradan qaldırmaq idi. O vaxt hakimiyyəti ən çox narahat edən məsələ İran KİV-nin onlara qarşı təbliğat aparması idi. İndi onun Rusiyada eyni missiyanı davam etdirdiyini zənn etmək olar.

Mətbuatın əsas mövzularından biri – Rusiyadakı azərbaycanlı milyardçıların təşəbbüsü hakimiyyəti bərk narahat edib. Onlar Gürcüstanda baş verən bütün hadisələrin izini Azərbaycanda axtarmağa adət ediblər, indi də ehtiyat edirlər ki, bu dəfə «Azərbaycan arzusu» yaranar. Çox maraqlıdır ki, Ə. Həsənov bu məsələ ilə də bağlı sualdan yayınıb. Məgər bu da strateji məsələ və yaxud da dövlət sirridir? Güman etmirik. Amma məmurun bununla bağlı açıqlama verməməsini də «diplomatik sükut»un təzahürü kimi yozmaq fikrində deyilik. Bir məsələ var ki, məmurlar susmaqda nə qədər israrlıdırsa jurnalistlər də yozmaqda və araşdırmaqda bir o qədər mahirdirlər. Bu səfərin də əsas motivləri gec-tez aydınlaşacaq, buna şübhə yoxdur. İndi də orada çox fövqəladə dərəcəli dövlət məsələlərinin müzakirə edildiyini zənn etmirik, çünki Ə. Həsənovu hələ ki, çox mühüm məsələlər üzrə səfir qismində görməyə adət etməmişik…

Ən son yazılan

XS
SM
MD
LG