Keçid linkləri

Təcili xəbərlər

«Tağı Əhmədovdan ilhamlanan İlham Əliyev»


İlham Əliyev "Dərnəgül" stansiyasının açılışı zamanı
İlham Əliyev "Dərnəgül" stansiyasının açılışı zamanı
-
Bu həftə bloqqerlər nədən yazır? Onlardan bəzilərinin bloqlarından seçmələri təqdim edirik:

Jurnalist Natiq Ədilov öz bloqunda icazəsiz aksiyalarda cərimələrin qaldırılması məsələsinə toxunub. Müəllif yazır: «İndi bilmirəm, mən orduda xidmət edəndə nizamnamədə belə bir müddəa vardı. Hərbi qulluqçuların kollektiv şikayət vermək hüquq yoxdur! Yəni, məsələn bir bölük, tağım eyni bir problemdən əzab çəkirsə belə onlar toplu halda yuxarı komandanlığa bu dərddən şikayət verə bilməzlər! Hər kəs fərdi qaydada gedib şikayətini etməlidir! Bu gün İlham Əliyev kütləvi aksiyalar barədə yeni qanunu imzaladı. Bu aksiyalara çıxmağa qoyulmaq istənilən yeni əngəldir. İlham müəllim ölkədə hərbi-polis rejimini daha da rəsmiləşdirir. Aksiya, mitinq nədir? İnsanların toplu halında etirazını bildirməsi! İlham müəllim bunu istəmir. O Tağı Əhmədovun təbirincə yazsaq, belə istəyir: əəəə, bir-bir!»
NİYƏ HAMI AMERİKADAKI SEÇKİLƏRDƏN DANIŞIR?
Monoloq imzalı bloqqer ABŞ-da bu günlərdə keçirilən prezident seçkisi haqqında «monoloq» deyib. Müəllif «monoloq»unu deyərkən ovqatını da işarələrlə yazıda göstərib. Müəllif soruşur ki, niyə Azərbaycan seçicisi ABŞ seçkisini maraqla izləyir? Cavabını belə verir:
«Azərbaycan millətimiz bu seçkiləri heyranlıqla izləyir, axı öz ölkəmizdə belə şey görmək mümkün deyil. Niyə? Gəlin sizə qısa formada Azərbaycan və Amerikanın seçkilərini yan-yana gətirim. Sonra deyərsiniz ki, bu iki ölkəni müqaisə eləmək düzgün deyil.
Barack Obama və Mitt Romney
Barack Obama və Mitt Romney
Amerikada seçkiqabağı reklamlar, danışıqlar, kampaniyalar üçün pullar «donor təşkilatlar» tərəfindən verilir. Prezidentliyə namizədə dayaq olan varlı dayılar və təşkilatlar var. Azərbaycanda da kampaniyalar və bu tip tədbirlər olur, düzdür. Amma pul haradan gəlir? Aaaay sağol: qara millətdən, onun ödədiyi vergilərdən, və yuxarıların cibinə axan neft-qaz, monopoliya pullarından...»
POLİS QORXUSU İLƏ ÖPÜŞMƏK, VƏ YA YARIMÇIQ SOL İLƏ KOELYONUN SİNTEZİ
Əli Novruzov bloqunda gənc yazar Qan Turalının yeni kitabı haqqında yazıb. Əli hesab edir ki, yazar orjinallıq edə bilməyib:
«Qan Turalının yazdığı cümlələrdən axıb gələn fəlsəfəyə gəldikdə isə əminliklə demək olar ki, bu fəlsəfə orta statistik islehlakçıya ünvanlanıb və bir növ Azərbaycan oxucusuna artıq tanış gələcək. Çünki, Qan Turalının yazdıqları əsl Paolo Koelyo üslubundadır. Cümlələr səlis və axıcı, üslub daranmış və tumarlanmış, fəlsəfə dişlənmiş, çeynənilmiş və udulmağa hazır. Daha dəqiq desək, «Polis qorxusu ilə öpüşmək» – yarım-yapalaq sol dünyagörüşü ilə Koelyonun sintezindən yaranmış bayağı bir kitabdır. Qan Turalı isə sanki Azərbaycanın Paolo Koelyosudur – və ya Azərbaycanın Paolo Koelyoya cavabı. Ancaq bir məqam var – Tural da Azərbaycanda Koelyo kimi bestseller ola biləcəkmi?»
Bu həftə deyəsən blogerlər bədii ədəbiyyata üstünlük veriblər. Fuad Şahbazov da bloqunda oxuduğu iki kitabdan söz açır:
Antonio Tabukkinin «Pereyra iddia edir» povesti
Antonio Tabukkinin «Pereyra iddia edir» povesti
«Bu dəfə Antonio Tabukkinin «Pereyra iddia edir» povesti əlimə keçdi. Yenicə bitirdim və çox bəyəndim. Əsər tarixi hadisələr üzərində qurulub və 1938-1939-cu illər arasında cərəyan edir. Ölkədə qəddar diktatura rejimi fəaliyyət göstərir. Baş qəhrəman reportyor Doktor Pereyradır. İstəmədən Doktor Pereyra özünü ölkə daxilndəki siyasi proseslərin içində görür. Bu proseslər sonunda onun üçün heç də gözləndiyi kimi sonuclanmır».

Müəllifin ikinci məsləhət gördüyü kitab da Reha Çamuroğlunun Səfəvi hökmdarı Şah İsmayıl Xətainin həyatından bəhs edən «İsmayıl» adlı əsəridir.
"THINGLINK" ALƏTİ NƏDİR?
Ezizka adlı bloqqer yeni media alətləri barədə yazı dərc edib. Müəllif yazır ki, blogerlər bu alətdən istifadə etməklə öz yazılarının vizuallığını daha da maraqlı edə bilərlər:
«Əvvəl onu deyim, thinglink bütün sosial şəbəkələri (Facebook, YouTube, Flickr, Spotify, Vimeo, Wikipedia, SoundCloud, Twitter və s) bir arada cəmləyən bir alətdir. Yani Siz istədiyiniz bir foto çəkə bilərsiz və bu fotonun üstünə TAG-lar (təq) qoya bilərsiz. Artıq fotonun altına yazmağa ehtiyyac yoxdur ki, bu şəkil harda çəkilib, şəkildəkilər kimlərdir və s. Sadəcə şəkilin üstünə klik etməklə bütün məlumatları ora yerləşdirmək mümkündür».
«ÇEŞMƏ»DƏN SEÇMƏLƏR
Çeşmə verlişindən görüntü
Çeşmə verlişindən görüntü
Kənan Qasımlı isə bu həftə də bloqunda Azərbaycanın müstəqillik illərində satirik qəzet olan «Çeşmə»dən seçmələrə davam edib. Müəllifin satirik lətifə seçimi belə olub:

«AXC Ali Məclisinin sessiyasında çıxış edən AXC fəalı Rəhim Hacıyev iqtidarın ünvanına kəskin tənqidlər yağdırır. Məclisdə iştirak edən prezident səslənən ittihamları əsassız saydığından dözməyib natiqin sözünü kəsir:
- A bəy, elə deyil axı. Bütün bunlar çox mürəkkəbdir. Sizin düşündüyünüzdən də qat-qat mürəkkəb. Kənardan durub tənqid etməklə deyil ki… İşlə yaxından məşğul olandan sonra hər şeyi anlamaq olar. Başınız çıxmır, danışmayın.
R. Hacıyev:
- Əbülfəz bəy, mən hələ ömrümdə yumurtlamamışam, amma, onu deyim ki, qayğanağın dadını hər hansı toyuqdan qat-qat yaxşı bilirəm, – deyə öz növbəsində prezidentə etiraz edir».
XS
SM
MD
LG