Keçid linkləri

-

Hər millətin həyatında iki tarix həmişə əlamətdar olur. Bunlardan biri müstəqilliyin elan edildiyi gün, o birisi isə ilk konstitusiyanın qəbul olduğu gündür. Biri müstəmləkəçiliyin sonu, digəri isə mütləqiyyətin sonu hesab edilir. Amma nə qədər təəccüblü olsa da, hər iki gün Azərbaycanın təqvimində bayram günü kimi yox, sadəcə bir əlamətdar gün kimi qeyd olunub. Bəli, indiki dünyada konstitusiyalar bir qədər adiləşib. Amma bir vaxtlar ən dəbdə olan siyasi prinsiplərdən biri konstitusionalizm idi. Bunun mənası məhdud hakimiyyət, yəni demokratiya və insan haqları ilə məhdudlaşan hakimiyyət demək idi. İndi çox az sayda ölkə var ki, orada qeyri-məhdud hakimiyyət sxemi hələ də saxlanır. Amma bütün konstitusiyaları da azad və demokratik hesab etmək hələ tezdir. Bir çox ölkələrdə əsas qanunda insanın hüquq və azadlıqları geniş yer tutur, hakimiyyət bölgüsü, hakimiyyətin azad seçkilərlə formalaşdırılması prinsipləri təsbit olunur, amma reallıqda isə bunun əksi olur. Belə psevdo-demokratiya xarakterli ölkələr çoxdur. Onlardan biri də elə Azərbaycandır. Bu ölkədə 17 il ərzində əsas qanun iki dəfə dəyişikliklərə məruz qaldı. Hər dəfə də bu, qeyri-demokratik istiqamətə yönəldi. Nə konstitusiyanın qəbulu zamanı, nə də ona düzəlişlər zamanı ciddi bir ictimai hərəkat hiss edilmədi. Siyasi partiyalar özlərini elə apardılar ki, bu hakimiyyətdən onsuz da demokratik konstitusiya gözləmə dəyməz, cəmiyyət isə özünə onunla təskinlik verdi ki, kağız üzərində nə yazılırsa-yazılsın, onsuz də ölkə «dədə-baba» qanunu, «öz qanunlarımız»la idarə olunacaq. «Dədə-baba» qanunu isə bu idi ki, hakimiyyətlə-hakimiyyətlik etmək olmaz, kim hakimiyyətdədirsə seçkini də o, udur, əgər işlərinin getməsini istəyirsənsə bu qaydalara qarşı çıxma, əksinə onlara uyğunlaş, ən əsasısa, ən «ali qanun»u unutma – «rüşvət verməsən, işin düzəlməz!». O ölkələr xoşbəxtdir ki, orada yazının çəkisi, önəmi var, azərbaycanlılar isə həmişə yazı-pozuya dırnaqarası baxıblar, onlar üçün həmişə yazı bir, real həyat isə tamam başqa olub. İndi demək olmaz ki, insanların hamısı bu prinsiplə yaşayır, çünki ədalət ardınca gedib, Avropa Məhkəməsinə çıxanlar da olur. Amma bunlar azlıqdır. Çoxluq isə daha çox «dədə-baba» qanunları ilə yaşmağa üstünlük verir. Bir detalı heç vaxt unutmaram. Korrupsiyaya qarşı iki-üç günlük ritorik müharibə elan edilən vaxt insanlar həqiqətən də məyusluqla qeyd edirdilər ki, bu vaxta qədər rüşvət verib işimizi həll edirdik, bundan sonra nə edəcəyik? Bəli, bir vaxt Azərbaycanda keçid dövrü deyəndə mənəvi dəyərlərin dəyişməsini də nəzərdə tuturdular. Amma sonradan bu anlam yalnız bazar münasibətlərinə keçidlə məhdudlaşdı, bir qrup adam əvvəllər dövlətə məxsus olan sərvəti öz əlinə keçirəndən sonra bəyan etdi ki, artıq keçid dövrü bitib. Ona görə də ölkədə əsl keçid baş tutmadı, şəxsiyyətin ikiləşməsinə, evdə bir cür, cəmiyyətdə başqa cür olmasına, yazılı qanunlarda bir şeyin, reallıqda isə tamam başqa bir şeyin olmasına son qoyulmadı. Ona görə də ölkə hələ də «dədə-baba» qanunları ilə yaşamaqda davam edir. Bəzən elə hadisələr baş verir ki, adam xəcalət çəkir və düşünürsən ki, əcəba, hansı dövrdə yaşayırıq? İnsanlar əgər bunun fərqində olsaydı, bəlkə də nəsə baş verə bilərdi, amma onlar heç bununla maraqlanmırlar.

AZƏRBAYCAN NEÇƏ İL İTİRDİ?

19 ili böyük ehtimalla itirilmiş illər hesab etmək olar. Bu illər ərzində demokratik institutlar sınaqdan keçirilmədi, cəmiyyət ona alışdırılmadı, insanlarda yeni siyasi-ictimai vərdişlər yaradılmadı. Bir məşhur ABŞ filmi var. Filmin sonunda baş qəhrəman deyir ki, «bundan sonra bu ştatda qanun olacaq!». Azərbaycanda da nə vaxtsa bu sözlər deyilməlidir. Hələlik isə ictimai aşınma, paslanma gedir, açıq etiraf etmək lazımdır ki, insanlar korlanır, onlarda çox zərərli vərdişlər yaranır. Və təbii ki, sual yaranır: bir dəfə də, təkrarən bu ölkədə demokratik hakimiyyət bərqərar olsa o, yenidən gülüş-məsxərə obyekti olmayacaqmı? Etiraf edək ki, bu suala heç də birmənalı cavab vermək olmur, çünki bu, həqiqətən də ola bilər. Təcrübə göstərir ki, bazar iqtisadiyyatına keçid istənilən ölkədən ən çoxu on il tələb edir. Amma yenin insanın, haçalanmamış, bütöv şəxsiyyətin, qanun sözünün mahiyyətinə varan insanın yaranması üçün daha çox vaxt tələb edilir.

KİÇİK SÖZARDI

Arabir adamın ağlına gəlir ki, bəlkə azərbaycanlılara və Azərbaycana da qibtə edənlər var. Yəqin deyirlər ki, bəxtəvərlərin dövləti, hətta konstitusiyası var! Burada bir atalar sözü yada düşür: bəli, «içim özümü yandırır, çölüm isə özgəni…».

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG