Keçid linkləri

Ən müasir texnologiyalar ən arxaik rejimlərin xidmətində


İsveçin «TeliaSonera» telekommunikasiya şirkəti
-

«Müasir zəmanəmizdə mobil telefonla danışmaq adi bir işdir. Lakin əgər söhbət Azərbaycan və Belarusdan gedirsə, «qulaq asan kimdir» sualı ortaya çıxır».

İnsan haqları və Biznes İnstitutundan (Institute for Human Rights and Business) Lucy Purdon «The Guardian» qəzetinin bloq bölümündə yazır.

Bu günlərdə İsveçin «TeliaSonera» telekommunikasiya nəhənginin Özbəkistanda korrupsiya iddiaları, Belarus və Azərbaycanda insan haqları ilə bağlı qalmaqalları mediada ciddi şəkildə çək-çevir edilir.

Bu ilin əvvəllərində İsveç televiziyasının yayımladığı təhqiqat xarakterli sənədli verilişdə bəzi rejimlərin adıçəkilən şirkətin texnologiyalarından vətəndaşların telekommunikasiyalarının güdülməsi, ən başlıcası azad fikirliliyin təqibi üçün istifadə edildiyi barədə məlumat verilmişdi.

Lucy Purdon yazır ki, «TeliaSonera» öz texnologiyalarından mümkün sui-istifadə imkanlarına kifayət qədər diqqət ayırmamaqda günahlandırılır.

DİKTATURALARIN YENİ QULAQLARI

Məqalədə bildirilir ki, hələ sovet vaxtından qalmış və qısaca SORM kimi tanınan Operativ Təhqiqat Fəaliyyəti Sistemi təhlükəsizlik xidmətlərinə müasir texnologiyalara müdaxilə etmək və onların vasitəsilə subyektlər üzərində müşahidə aparmaq imkanı verir.

Arxiv foto
Arxiv foto
Müəllif yazır ki, burda söhbət təkcə şəxsi sirlər barədə qanunların pozulmasından yox, konkret olaraq insan haqları fəallarının və jurnalistlərin həbsindən, təqib edilməsindən və həbsxanaya atılmasından gedir.

Freedom House təşkilatının hesabatında deyilir ki, Azərbaycanda 2011-ci ilin martında həbs edilmiş fəalların dindirilməsi zamanı müstəntiqlər onların Facebook postlarından və şəxsi kommunikasiyalarından konkret sitatlar gətiriblər.

«TeliaSonera» onun texnologiyalarından sui-istifadənin mümkün olduğunu etiraf etsə də, bildirib ki, bu texnologiyaların xeyri ziyanından çoxdur.

Məqalədə deyilir ki, hökumətin kommunikasiyalara müdaxiləsi hətta avtoritar hakimiyyəti olmayan ölkələrdə də baş verə bilər.

Bəzi hökumətlər etirazlar və seçkilər zamanı kommunikasiyalar üzərində nəzarət və güdmə təşkil edir və hətta kommunikasiya əlaqələrini kəsir.

Lucy Purdon yazır ki, informasiya və kommunikasiya texnologiyaları şirkətləri cəmiyyətə böyük fayda gətirsələr də, bu texnologiyalardan sui-istifadənin minimuma endirilməsinə can atmalıdırlar.

MÜASİR TEXNOLOGİYALAR ARXAİK REJİMLƏRDƏN ASILIDIRLAR

«TeliaSonera» müştərilərinin sual altına alındığı yeganə Avropa şirkəti deyil.

Xəbər verilir ki, Nokia Siemens Network (NSN) şirkətinin İrana satdığı monitorinq mərkəzindən 2009-cu ilin etirazlarını yatırtmaq üçün istifadə edilib.

Tanınmış «Vodafone» mobil telefon şirkəti 2011-ci ildə «ərəb baharı» zamanı Misirdə şəbəkəsini söndürməkdə günahlandırılıb.

«Telekommunikasiya şirkətləri internet əsaslı şirkətlərdən onunla fərqlənirlər ki, onlar hakimiyyətlərdən asılıdırlar, onların ölkələrdə əməliyyatları, adamları və mülkiyyətləri var.

Onlar ölkə sahibi olan hökumətlərlə lisenziya sazişləri bağlayırlar ki, orada fəaliyyət göstərə bilsinlər. Bu sazişlər adətən məxfi olur. Sazişlərin şərtlərini pozan şirkətlər cərimə oluna bilər, onların mülkiyyətləri müsadirə edilə və ən nəhayət, ölkədəki fəaliyyətləri dayandırıla bilər. Məhz bu cür qeyri-mütənasiblik şirkətləri hökumətlərin qeyri-sağlam göstərişlərinə tabe olmağa məcbur edir», deyə Lucy Purdon yazır.

Məqalədə bildirilir ki, İsveç hökuməti «TeliaSonera» şirkətində 37 faizlik paya malikdir və şirkət hazırda öz işini insan haqlarına hörmətin nəzərə alınması ilə qurmaq istiqamətində işləyir.

MÖVCUD VƏZİYYƏTİ NECƏ DƏYİŞMƏLİ?

«TeliaSonera»nın təcrübəsi göstərir ki, bu problem yalnız bir şirkətin səviyyəsində həll oluna bilməz.

Lakin xoşbəxtlikdən bu sahədə dəyişiklik yaratmağa imkan verən nümunələr də var.

Məqalədə deyilir ki, bu ilin sonlarınadək hökumətlərin və telekommunikasiya şirkətlərinin ifadə azadlığına dair «Sənaye Dialoqu»nun keçirilməsi nəzərdə tutulub.

Müəllif təklif edir ki, hökumətlərin və şirkətlərin dialoquna adi vətəndaşlar da qoşulmalıdırlar.

Daha bir təşəbbüs bu ilin dekabr ayında bəyan ediləcək.

Avropa Komissiya məxsusi olaraq informasiya və kommunikasiyalar sektoru üçün insan haqları üzrə yeni qaydaları dərc edəcək.

Məqalədəki bu son nikbinliyi bölüşməyən ekspertlər də var.

Onların fikrincə, əgər hər hansı hökumət öz tənqidçilərini, müxalifəti, insan haqları fəallarını xaricin agentləri gözündə görürsə, həmişə bu qənaətdə olacaq ki, müasir texnologiyalardan təyinatı üzrə istifadə edir.

Ən son yazılan

XS
SM
MD
LG