Keçid linkləri

Təcili xəbərlər

Mohamed Morsi niyə tələsdi?


Misir, 28 noyabr
Misir, 28 noyabr
-

İnqilabı vəsf edənlər çox olub. Amma yamanlayanlar da az olmayıb. Hətta böyük V. Hugo (V. Hüqo) da özünü bundan hifz edə bilməyib. Məhz o deyib ki, inqilabı dahilər fikirləşir, fanatlar həyata keçirir, yaramazlar isə ondan fayda götürürlər. Əslində inqilab mürəkkəb vəziyyətlərdən çıxış yollarından biridir – ondan nə qorxmaq lazımdır, nə də ona pərəstiş etmək.

«Ərəb baharı» vaxtı heç kim bu ölkələrdə proseslərin bir inqilabi aktla bitəcəyini gözləmirdi, çünki ərəb ölkələri çox mürəkkəb ölkələrdir. Bu ölkələrdə demokratik vərdişlər bir o qədər də inkişaf etməyib, vətəndaş cəmiyyəti hələ formalaşmayıb və demokratik inkişaf üçün zəruri olan siyasi institutlar qurulmayıb. Bu ölkələrdən biri – Misir inqilabı çox «səliqə-sahman»la başa vurdu, diktator istefaya göndərildi, seçkilər keçirildi, yeni prezident hakimiyyətə gəldi. Amma bir həftədir ki, ölkə bütün xəbər agentliklərinin diqqət mərkəzindədir, hamı orada cərəyan edən hadisələrdən danışır. Mən indi bu hadisələrin təfərrüatına varmayacam, çünki ümumi şəkildə olsa da, nə baş verdiyindən hamının xəbəri var. Amma hadisələrə bir qədər fərqli münasibət bildirəcəm. Misirdə nə baş verir?

Normal siyasi proses! Əgər prezidentin məlum addımından, hakimiyyəti faktiki olaraq uzurpasiya etməsindən sonra misirlilər küçələrə çıxmasaydı bundan hamı xeyli təəccüblənərdi, çünki dərhal sual yaranardı: Bu idimi inqilab? Bəs hanı bir neçə ay bundan əvvəl meydanlara sığmayan etirazçı cəmiyyət? Ona görə də bu gün ölkədə baş verən proseslərin bir adı var: inqilab davam edir… Yeni Misir prezidenti hakimiyyəti uzurpasiya etməyə cəhd etdi və bu addımı ilə göstərdi ki, onun üçün «ərəb baharı» ideallarının zərrə qədər də dəyəri və qiyməti yoxdur. Əgər bu fonda cəmiyyət də sussaydı onda bu idealların həqiqətən də bir qəpiyə dəymədiyi qənaətinə gəlməmək çox çətin olardı. Düzdür, indi keçmiş prezident və onun komandasının bəzi üzvləri «öncəgörənlik» etməyə, inqilabın ölkəni xaosa sürükləyəcəyini iddia etməyə cəhd edirlər. Amma məsəl var deyirlər ki, tarixdən sitatlar heç də həmişə olduğu kimi gətirilmir və tarix geri dönmür. Bu günün hadisələrinə baxanda inqilab üçün çox xarakterik detallar görürük. Bu detallar bütün ölkələrin siyasi təcrübəsində təzahür edir və bir daha belə bir fikri təsdiq edir ki, xoşbəxtlərin hərəsi bir cür xoşbəxtdir, amma bədbəxtlərin hamısı eyni cür bədbəxtdir…

YOL AYRICINDA

Mohamed Morsi
Mohamed Morsi
İnqilab bir yerdə olmayanları da birləşdirmişdi. Misir inqilabının bir ucu «müsəlman qardaşları»ndan başlayırdısa, o biri ucu qərbçi M. ElBaradei-də (M. əl-Bəradeyi) bitirdi. Hamını keçmiş prezidentə qarşı nifrət səfərbər etmişdi, hər şey ölçülüb – biçilir və birgə tənzimlənirdi. Amma bu, əbədi davam edə bilməzdi, müxtəlif siyasi vektorlar gec – tez ayrılmalı idi. İndi bu ayrılıq müşahidə olunur. Təsadüfi deyil ki, keçmiş etirazçıların bir qismi indiki prezidentin tərəfdaşına çevrilib. Mənə elə gəlir ki, bu proses dini qüvvələrin siyasi mahiyyətinə bir daha aydınlıq gətirdi. Məlum oldu ki, onlar üçün demokratiyanın elə bir önəmi yoxdur, bu qüvvələr daha çox öz rejimlərini bərpa etmək əzmindədirlər. Ona görə də bu gün ölkə liberallara və mühafizəkarlara bölünüb. Liberal düşüncəli misirlilər «ərəb baharı»nın ideallarına sadiq olduqlarını sübut etdilər, dini qüvvələr isə əksinə bir diktaturanın xarabalıqları üzərində yenisini ucaltmağa cəhd etdilər. İndi yeni prezident əvvəlki vəziyyəti qaytarmağa cəhd edir – öz qərarından çəkindiyini bildirir, insanların müzakirəsinə yeni konstitusiya sənədi təqdim etməyə cəhd edir. Amma o, çox tələsdi. Bəlkə ona görə də doğru deyiblər ki, hakimiyyət adamları korlayır.

ƏKS – İNQİLAB GÖRÜNÜRMÜ?

Adətən normal halda əgər inqilab ümidləri doğrultmursa onun ardınca əks – inqilab gəlir. Amma əks – inqilab zamanı meydanlar adamlarla kükrəmir, bu, daha çox kiçik bir qrupun təşəbbüsü ilə baş verir, böyük qrup – cəmiyyət isə buna razılığını prosesə qoşulmamaqla, lal sükutu ilə verir. Amma Misir böyük izdihamlar yaşayır, cəmiyyət meydanları boşaltmaq istəmir. Buna əks – inqilab demək və bunun ardınca restavrasiyanın gələcəyini iddia etmək o qədər də arqumentli görünmür. Sadəcə, cəmiyyət hələ də inqilab ovqatı ilə yaşayırdı. Yeni prezident isə bunu nəzərə almadı və öz tərəfdaşlarının gücünü bəlkə də olduğundan artıq qiymətləndirdi. Əsas odur ki, indi sayıqlıq – inqilabın sayıqlığı sınağa çəkildi və məlum oldu ki, Misirdə «ərəb baharı» hansısa gizli siyasi «mətbəxlər»də hazırlanmamışdı və ya hansısa «sünni koalisiyası»nın iradəsinin məhsulu deyildi. O, inqilab idi və inqilab olduğunu da özünün bu günü ilə sübut edir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG