Keçid linkləri

Təcili xəbərlər

2013-cü ilin siyasəti necə təsəvvür edilir?


İlham Əliyev
İlham Əliyev
-

«Gələcəyi görməyin ən yaxşı yolu ona keçmişdən baxmaqdır» deyiblər. Amma keçmişin əsarətində qalmaq da bir şey deyil, xüsusən də nəzərə alanda ki, bəzi hallarda keçmişdə öyünüləsi bir şey olmur. İndi 2012-ci il də başa çatmaq üzrədir, artıq yeni ildən bizi çox az bir vaxt ayırır. Belə hallarda ya ötməkdə olan ilin yekunları haqda danışırlar, ya da növbəti il üçün proqnozlar verirlər. Amma bizim bu mövzuya müraciət etməyimiz heç də siyasi modanın diktəsi deyil. Son iyirmi ildə Azərbaycan cəmiyyəti təxminən üç mərhələ keçib. Birinci mərhələ 1993-cü ildə oldu. O vaxtlar çox adam düşünürdü ki, qoca kommunist partokratının təzədən hakimiyyətə qayıtmasına cəmiyyət və beynəlxalq ictimaiyyət necə baxacaq? İkinci mərhələ 2003-cü ildə başlandı. O vaxt da düşünürdülər ki, görən hakimiyyətin atadan oğula ötürülməsi necə qəbul ediləcək? Nəhayət indi daha bir mərhələ gəlir. İndi də fikirləşirlər ki, bəs İ. Əliyevin üçüncü dəfə prezident seçilməsinə necə baxılacaq? Məhz bu aspektlərə görə biz bu mövzuya müraciət etdik. Ola bilsin ki, kimin üçünsə bu keçidlər, mərhələlər ciddi bir rezonans yaratmadan, həyatda bir iz buraxmadan sovuşub və onların bu haqda düşünməyə heç macalı da olmayıb. Amma ölkə bütün halda bu mərhələləri hiss etməmiş deyildi, ən azı ona görə ki, biz siyasi vakuumda yaşamırıq, kiminsə siyasətlə maraqlanmaması hələ o demək deyil ki, siyasət onunla maraqlanmır.

Yuxarıda sadaladığım hər üç mərhələ dünyaya tanış praktikadır. Kommunistlərin təzədən hakimiyyətə qayıdışı, hakimiyyətin irsən ötürülməsi və bir də müddətsiz prezidentlik… Amma bu üç presedent üçün dünyada analoq axtarışına çıxsaq, görərik ki, onların sayı elə də çox deyil. Ümumi halda hər üç hala bənzər presedentləri barmaqla saymaq olar. Onların dünyada o qədər də analoqu yoxdur. Azərbaycan bu üç nümunənin ikisini yaşayıb, indi daha bir «sıçrayış» edib üçüncü nümunəyə adlamaq istəyir. Burada məşhur kəlamı necə xatırlamayasan? Həqiqətən də «Geniş addımlarla addımlayırıq»! Ən maraqlısı odur ki, bu keçidlərin hamısı Azərbaycanın sovet keçmişindən uzaqlaşdığı, Avropaya yaxınlaşdığı dövrlərdə baş verib, bu dövr ərzində ölkə «günəşli respublika» adından «şərqi Avropa ölkəsi» adına qədər bir yol keçib. Amma mahiyyət necə dəyişib? Elə sual da budur. İndi məlum olur ki, ATƏT-in və Avropa Şurasının üzvü olmaqla da ölkəni avtoritar üsullarla idarə etmək olar. Avropada «Şərq incə məsələdir» deməyi sevirlər. Bunu nə təsdiq, nə də inkar etmək iqtidarında deyilik. Amma avtoritar ölkələrin liderlərinin Avropanın «dilini, ağzını bağlamaq», onu razı salmaq üçün istifadə etdiyi üsullar həqiqətən də incəsənətdir.

MÜXALİFƏTİN MANİFESTİ

İndi 2013-cü il haqqında danışan bir müxalifətdir və bir də KİV-lər. Hətta hakimiyyət də bu mövzunu o qədər maraqlı hesab etmir, bəlkə də ona görə ki, artıq onu qapanmış hesab edirlər. Müxalifət məsələyə baxışda ümumi strategiyadan, taktikadan danışsa da bu məsələdə təsəvvür olunan qədər yekdillik yoxdur. Artıq bu siyasi cinahda iki tendensiya hiss olunur. Müxalifətin bir hissəsi diqqəti seçki dövründə demokratik mühitin yaradılmasına, digər qismi isə daha çox seçkidə kimin namizəd olacağına yönəltməyə cəhd edir. Ona görə də demokratiya uğrunda birgə mübarizə məsələsi ilə vahid namizəd məsələsi tamam bir-birinə qarışıb. Böyük ehtimalla müxalifətə ya bu iki tendensiyanı birləşdirmək, ya da onlar arasında seçim etmək lazım gələcək. Elə İ. Əliyevin üçüncü dəfə namizəd olması məsələsinə də baxışlar fərqlidir. Əgər bəziləri bunu tam istisna edirsə, digərləri seçkidə iştirak etməklə «üçüncü qayıdış»ın qarşısını alacaqlarını düşünürlər.

İLHAM ƏLİYEV NİYƏ SUSUR?

Əslində İ. Əliyevə sərf edən bütün sözlər deyilib və bütün işlər görülüb. O ki qaldı, onun öz istəyini açıqlamasına, İ. Əliyev əvvəllər, atasının sağlığında hətta siyasətlə məşğul olmaq istəmədiyini deyirdi. Amma elə ki, məqam yetişdi birdən-birə onun siyasətə marağı artdı. Artıq görünür ki, bu iş onu nəinki yormur, hətta xoşuna gəlir. Maneələrə gəldikdə isə o, ölkə daxilində heç bir problem görmür, daha çox kənar dairələrin münasibəti haqda düşünür. Onun susmasının bir siyasi səbəbi də var. O, üçüncü dəfə namizəd olacağı haqda danışmaqla bu mövzunu aktuallaşdırmaq, bütün diqqəti özünə yönəltmək istəmir. Hakimiyyət dairələri özlərini elə aparırlar ki, sanki bu problem heç mövcud deyil. Bu da bir siyasətdir və bir daha etiraf etmək lazımdır ki, o qədər də uğursuz düşünülməyib. H. Əliyevin prezidentliyi illərində də bu üsullardan geniş istifadə olunurdu, 2-ci dərəcəli məsələlər qabardılaraq diqqət əsas detallardan yayındırılırdı. Məsələn, 1995-ci ildə ilk Konstitusiya qəbul edilərkən əsas diqqət dilin adına yönəldilmişdi, halbuki bu sənədin digər böyük qüsurları vardı! Daha sonra həmin Konstitusiyaya birinci düzəlişlər edilərkən yenə də bu üsuldan yararlandılar – işin adını belə qoydular ki, Avropa Şurasının tələblərini nəzərə almalıyıq. Amma əslində isə proporsional seçki sistemi ləğv edildi. İndi də hakimiyyət çalışır ki, diqqət seçkinin ənənəvi problemlərinə – Seçki Məcəlləsinə, komissiya üzvlərinin və müşahidəçilərin müəyyən olunmasına yönəlsin və 2013-cü ilin prezident seçkisi elə əvvəlki seçkilər kimi, sıradan bir seçki kimi qəbul olunsun…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG