Keçid linkləri

-
Azərbaycanda mənzillənmiş «Eitan» dronları (pilotsuz təyyarələri) İran raketlərini vurmağa cəhd göstərəcək. Bunun üçün Amerikada istehsal olunmuş X diapazonlu radarlardan istifadə nəzərdə tutulur. Bu radarlar raketlərin mühərriklərinin işə düşməsi dərhal qeydə alır.

Məlumatı dərc etmiş «The Sunday Times» qəzeti aydınlıq gətirir ki, Tehran İsrail üzərinə hücum edərsə, Yerusəlim də İrana qonşu Azərbaycanda mənzillənmiş nəhəng dronları havaya qaldıracaq.

Bu pilotsuz təyyarələr isə İran raketlərini onlar hələ havaya qalxmamış vuracaqlar.

«The Sunday Times» yazır ki, bu sistemin işləməsi üçün İsrailin Nevatim hərbi-hava bazasında qurulmuş Amerika istehsalı olan X-diapazonlu radardan istifadə ediləcək.

Bu radar sistemi İran raketlərini artıq onların start platformalarında aşkar edəcək. İsrailə 13 dəqiqə öncədən xəbər siqnalı göndəriləcək.

Qəzetə məlumat verən İsrail mənbəyi bildirib ki, «biz raketləri qızışma mərhələsində, yəni onların mühərrikləri işə düşən anda məhv etməyə çalışacağıq».

Bəzi xəbərlərə görə, belə bir önləyici zərbə Azərbaycanda mənzillənmiş «Eitan» və ya «Heron» adlanan pilotsuz təyyarələrdən atılan Amerika istehsallı «Hellfire» raketləri ilə həyata keçiriləcək.

«İsrailin məlumatlı mənbəyi» həmçinin bildirib ki, «deyildiyi kimi də asan olmayan bu hadisə baş verərsə, İranın yerdə qalan raketlərinin işini İsrailin Hava Hücumundan Müdafiə Komandanlığı bitirəcək».

İranın «Şahab-3» raketi
İranın «Şahab-3» raketi
İSRAİL BU SİLAHI SUDANDA SINAQDAN ÇIXARIB

«The Sunday Times» qəzetinin dərc etdiyi məqalənin müəllifi Uzi Mahnaimi-dir. O, əvvəllər İsrail Hərbi Hava Qüvvələrinin «Eitan» dronlarından Sudandan Qəzzaya silah daşıyan İran hərbi karvanına zərbə endirdiyi barədə eksklüziv xəbər yaymışdı.

«Eitan» 7400 kilometrlik uçuş mənzilinə malikdir ki, bu da İsrail və İran arasındakı məsafədən dörd dəfə çoxdur.

Bu dronlar həmçinin 70 saat ərzində havada qalmaq qabiliyyətinə malikdir. Bu, o deməkdir ki, İranın radar sistemini, hava hücumundan müdafiə batareyalarını məhv etmək üçün İsrailin kifayət qədər vaxtı olacaq.

Qanadlarının çarpaz uzunluğu 26 metr olan bu dronlar «Boinq-737» təyyarəsi boydadırlar və 5 tonadək yükgötürmə qabiliyyətinə malikdirlər.

«The Sunday Times» yazır ki, oktyabrda Sudandakı silah zavodunun məhz bu cür vurulması iddia edilir.

İsrail mənbələri xəbər verirlər ki, eyni üsulla noyabrda «Həmas»ın «Fəcr-5» raketlərinin saxlandığı böyük anbar məhv edilib.

İSRAİLİN İRANA HÜCUMU AZƏRBAYCANSIZ MÜMKÜN DEYİL

İsrailin F-15 qırıcıları
İsrailin F-15 qırıcıları
Hərbi ekspertlər bundan əvvəl də yazırdılar ki, İsrailin İran üzərinə hər hansı mükəmməl zərbəsi üçün məsafələr başlıca maneədir. Bu hücumlar əslində İrana çox yaxın platsdarmdan istifadə edilmədən mümkün deyil.

İsrail qəzetləri bu məqsədlə Azərbaycandakı hərbi-hava bazalarından istifadə ediləcəyi ehtimalı barədə dəfələrlə yazıb.

Qəzetlər Azərbaycan ərazisindən, ən azı, İsrail təyyarələrinin yanacaqla təchizatı üçün istifadə edilə biləcəyindən də yazıblar.

Azərbaycan hökuməti bu barədə məlumatları həmişə israrla təkzib edib. Rəsmi Bakı Tehrana bu barədə dəfələrlə qarantiyalar verib.

Hazırda bu mövzuya qayıdılmasına səbəb odur ki, İsrailin İran üzərinə gələn il hücum edəcəyi barədə şayiələr dolaşır. Bu halda İranın «Şahab-3» və digər uzaqmənzilli raketlərlə cavab verəcəyi ehtimal olunur.

Ötən ay Baş nazir Benjamin Netanyahu çıxışlarından birində İsrailin «hamı üçün sürpriz olacaq» silaha yiyələndiyini bildirmiş, lakin təfərrüatlara varmamışdı.

Bəzi ekspertlər söhbətin məhz «Eitan» dronlarından getdiyini təxmin etmişdilər.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG