Keçid linkləri

Rusiya Assad sülaləsinə dəstək məsələsində yumşalmayıb


Moskvada Suriya hakimiyyətinə dəstək aksiyası
-
ABŞ və Rusiya rəsmiləri dərinləşməkdə olan Suriya münaqişəsinin siyasi həllinə sadiq olduqlarını bir daha bəyan ediblər.

Lakin BMT bildirir ki, Moskva prezident Bashar al-Assad-ın istefası məsələsində yumşaldığı barədə xəbərləri təkzib edir.

«Reuters» agentliyi xəbər verir ki, BMT-nin xüsusi elçisi Lakhdar Brahimi Cenevrədə bir həftədən də az müddətdə iki dəfə ABŞ və Rusiyanın xarici işlər nazirlərinin müavinləri ilə üçtərəfli danışıqlara qatılıb.

Tərəflər münaqişənin siyasi vasitələrlə həllinə sədaqət bildirsələr də, Qərb artıq bir müddətdir ki, Suriya müxalifətinin birgə komandanlığının qurulması üçün səylər göstərir. Vaşinqton bu həftə müxalifəti Suriya xalqının yeganə təmsilçisi kimi tanımağa hazırlaşır.
Lakin Suriya hökumətinin əsas silah təchizatçısı Rusiya israr edir ki, Moskva prezident Assad-ın gələcəyi məsələsində mövqeyini yumşaltmayıb və hələ də 42 illik hakim sülaləni dəstəkləyir.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov elə belə də bildirib: «Biz burada Assad-ın taleyi haqqında danışıqlar aparmırıq».

«Reuters» agentliyi yazır ki, bir sıra xarici ölkələr Suriyada münaqişə tərəflərini silahla təchiz etməkdədirlər.

İran Assad-a, Səudiyyə Ərəbistanı və Qətər isə üsyançılara dəstək verir.
Cənab Brahimi bildirib ki, danışıqlarda məqsəd münaqişəyə dair ötən iyunda qəbul olunmuş Cenevrə Bəyannaməsi əsasında həll yolunun tapılmasıdır.

Bu bəyannamə isə keçid hökumətinin təşkilinə, başqa sözlə, Assad-ın postunu tərk etməsinə çağırır.

Rusiya isə israr edir ki, Assad-ın taleyi Suriyanın xaricində həll edilə bilməz.

«The Guardian» qəzetinin yazdığına görə, Lavrov bildirib ki, Rusiya Assad-ın devrilməsinin labüdlüyü barədə iddiaları qəbul
Sergey Lavrov
Sergey Lavrov
etmir.

Qəzet Rusiyanın Assad-ın taleyi barədə mövqeyinin yumşalması barədə xəbərlərin haradan qaynaqlana biləcəyinə də diqqət yetirir.

«The Guardian» yazır ki, ötən bazar ertəsi Vladimir PutinRecep Tayyip Erdoğan-ın İstanbul görüşündən sonra Türkiyə rəsmiləri şəxsi söhbətlərdə rusların Assad barədə mövqeyinin guya dəyişməyə meylli olduğu barədə məlumat vermişdilər.

Rusiyanın xarici işlər naziri bu cür şayiələrin yayılmasında Ankaranı yox, Vaşinqtonu ittiham edib.

«Biz demişik ki, danışıqlara bir şərtlə razıyıq: Cenevrə sənədinin fəal müzakirəsi heç bir əlavəsiz, heç bir ultimatumsuz, prezident Assad-ın istefası kimi hər hansı öncədən irəli sürülmüş şərtlərsiz keçirilməlidir» – deyib Sergey Lavrov.

Qəzet xatırladır ki, Cenevrə bəyannaməsinin qəbulu zamanı Rusiya hazırkı hakimiyyətin nümayəndələrinin Suriyanın keçid hökumətinə salınmasının vacibliyini qeyd etmişdi.
ABŞ və onun müttəfiqləri bu mövqeyi hər halda Assad-sız hökumət kimi qəbul etmişdilər.

ÜSYANDA TƏŞƏBBÜS RADİKALLARA KEÇİR

Bu arada üsyançılar ölkə boyunca bir sıra mühüm obyektlərin zəbt edilməsinə nail olublar.

Lakin «Reuters» xəbər verir ki, burada əsas rolu radikal islamçılar oynayıblar.

«Reuters» bildirir ki, «Al-Qaeda» təşkilatına yaxınlığı ilə tanınan «Jabhat al-Nusra» islamçı qruplaşması ölkənin şimalında,
Suriya üsyançısı
Suriya üsyançısı
Türkiyə ilə həmsərhəd Hələb regional hərbi komandalığı mərkəzinin zəbt olunmasında üsyançılara rəhbərlik edib.

Britaniya mənbələri xəbər verirlər ki, komandanlığın 140 hərbçisi qaçıb və beş əsgər yaxalanıb.

Agentlik xəbər verir ki, Qərb Suriya üsyanında radikal üsyançı qrupların yüksəlişindən narahatdır. Məsələn, Vaşinqton «Jabhat al-Nusra» təşkilatını terrorçu qruplaşmalar siyahısına daxil etməyə hazırlaşır.

Lakin problem ondadır ki, Suriya üsyanında sayca çox az olan radikal qruplaşmalar getdikcə daha çox populyarlaşırlar.

Yerli əhali isə bildirir ki, radikal silahlılar daha intizamlıdırlar və zəbt etdikləri ərazilərdə qarət törətmirlər.

HAVA LİMANI ASSAD-DADIR, YOLU ÜSYANÇILARDA

Bu arada üsyançılar paytaxt Dəməşqin beynəlxalq hava limanına gedən yolu bağlayıblar. Xəbər verilir ki, hava limanında beynəlxalq uçuşlar dayandırılıb.

Bununla belə, «The Guardian» xəbər verir ki, lokal döyüşlər barədə məlumatlar ziddiyyətlidir.

Məsələn, Suriyanın dövlət televiziyası hökumət qoşunlarının üsyançıların istehkamı sayılan Deraya məntəqəsində uğur qazandıqlarını bildirib.

«The Independent» qəzeti isə yazır ki, Assad hökuməti hazırda hərbi taktikanı dəyişib və bir sıra regional əhəmiyyətli obyektləri üsyançılara verərək, diqqəti və qüvvələrini paytaxt Dəməşq ətrafında cəmləşdirməyə çalışır.

Dəməşqin ətraf rayonları
Dəməşqin ətraf rayonları
Hətta Qərb diplomatları da etiraf edirlər ki, üsyançıların paytaxt üzərinə hücumu uğursuzluğa düçar olub. Bu, isə o deməkdir ki, münaqişə gözlənildiyindən daha uzun müddətə uzana bilər.

Qərb diplomatları bildirirlər ki, Suriya rejiminin qoşunları müdafiəsi mümkün olmayan obyektlərdən geri çəkilərək, paytaxt ətrafında strateji baxımdan əhəmiyyətli məntəqələrdə cəmləşirlər.

«The Independent» yazır ki, hökumət qoşunlarının ölkənin şimal və qərb hissələrini tərk etməsi Assad rejiminin zəifliyi barədə yanlış təsəvvür yaradıb və əslində qüvvələr balansı təxminən bərabərdir.

Qəzet həmçinin bildirir ki, Dəməşqin beynəlxalq hava limanına gedən yol üsyançılar tərəfindən bağlansa da, aeroportun özünə hökumət qoşunları nəzarət edirlər.

«The Guardian» qəzeti bildirir ki, hökumət vertolyotlardan istifadəni azaldıb. Bu, onunla bağlı ola bilər ki, hazırda üsyançıların əlində çox sayda hava hücumundan müdafiə silahları var.

Bu arada üsyançı qüvvələr Türkiyənin Antalya şəhərində 500 nümayəndənin iştirakı ilə keçirilən konfranslarında 30 üzvü olan Ali Şuranın seçildiyi barədə məlumat yayıblar.

«The Independent» bildirir ki, ABŞ-ın qəbul etmədiyi «Jabhat al-Nusra» və «Ahrar al-Sham» qruplaşmaları bu konfransa dəvət edilməyiblər.

Bununla belə, qəzetin yazdığına görə, müxalifət «od və su arasında» qalıb.

Onlar bir tərəfdən Qərbə dünyəvi Suriya vəd edirlər, digər tərəfdən isə, Səudiyyə və Körfəzə islamın dəyərlərinə sadiq qaldıqlarını bildirirlər.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG