Keçid linkləri

Xəritəyə daha bir şəriət dövləti düşəcəkmi?


Misirdə "Müsəlman qardaşları"nın tərəfdarları prezident Mohamed Morsi-ni dəstəkləyən şüarlar səsləndirir
-

Ötən əsrin 90-cı illərində Fransanın dövlət xadimlərindən biri demişdi ki, 21-ci əsr din əsri olacaq. Qərb ölkələrinin timsalında bu fikrin təsdiqini tapmaq çətin olsa da Şərqdə hər şey göz önündədir – azacıq azadlıq və sərbəstlik qazanan, diktatura rejimindən xilas olan bütün müsəlman dövlətləri öz inkişafları üçün şəriət rejimini seçirlər. Bu mənada «ərəb baharı» yaşayan ölkələr də istisna olmadı. Budur, neçə vaxtdır ki, Misir sakitləşmək bilmir, etirazlar davam edir. Amma təhlilçilər bu prosesdə bir məsələyə nədənsə az diqqət yetirirlər. Bunun səbəbi də budur ki, ölkədə eyni vaxtda bir neçə məsələ problemə çevrilib ki, hətta etirazçıların özləri də bəzən onların sırasını səhv salırlar.

MOHAMED MORSI MİSİRLİLƏRİ NECƏ ALDADIR?

Bəli, məsələ bundadır ki, eyni vaxtda iki məsələ bir-birinə qarışdı. Prezident özünün səlahiyyətlərini artırmağa, faktiki olaraq hakimiyyəti uzurpasiya etməyə çalışdı. Amma nə yaxşı ki, cəmiyyət sayıqlığını hələ itirməmişdi. Tez bir zamanda etiraz dalğaları ölkəni bürüdü. Sonda prezident güzəştə getməyə məcbur oldu, səlahiyyətlərinin artırılmasını nəzərdə tutan qərarını ləğv etdi. Amma burada maraqlı nüans var. Bu həftə misirlilər həm də referendumda yeni konstitusiya layihəsinə səs verməli olacaqlar. Onun əsasını isə bəlli olduğu kimi şəriət qanunları təşkil edir. Müxalifətçilər prezidentlə görüşdə referendumun da müddətinin geri çəkilməsini tələb etmişdilər. Amma prezident onların bu tələbini hələ yerinə yetirməyib və referenduma artıq dördcə gün qalıb. Bəlkə də prezident öz səlahiyyətlərini çox kəskin şəkildə artırarkən məhz buna – cəmiyyətin diqqətinin referendumdan yayınmasına çalışırdı. İndi müxalifət referendumu da diqqətdə saxlasa da cəmiyyətin bir qismi həqiqətən də çaşdırıldı. Bundan əvvəl ölkə ictimaiyyəti üç hissəyə bölünmüşdü: M. Morsi-nin tərəfdarları, prezidentin səlahiyyətlərinin artırılmasının əleyhinə olanlar və bir də həm referendumun, həm də məlum qərarın əleyhinə olanlar. İndi faktiki olaraq üçüncülər tək qalıb. Onlar referendumun müddətini uzada biləcəkmi? Çətin sualdır. Düzdür, referendum hələ dinçilərin qələbəsi demək deyil, ona görə ki, onun baş tutması üçün əksəriyyət «hə» deməlidir. Amma beynəlxalq təhlilçilər artıq yeni şəriət rejiminin bərqərar olmasından yazırlar.

Prezident Muhammad Morsi-nin şəkli əks olunan afişa
Prezident Muhammad Morsi-nin şəkli əks olunan afişa
Çox qəribədir. Misir üç Nobel mükafatı laureatının vətənidir, ölkə digər ənənəvi ərəb ölkələrindən həmişə fərqlənib və həmişə ərəb dünyasında liderliyə can atıb, əksər hallarda da buna nail olub. İnqilab vaxtı bir məsələ diqqətdə saxlanırdı: ölkə dünyaya nə qədər açılacaq? Etiraf edək ki, bunun ciddi təzahürlərini görmək mümkün olmadı. Bəlkə də bunun səbəbi o idi ki, ölkə əvvəlki dövrlərdə çox da qapalı olmamışdı. Əksinə diqqət çəkən başqa bir detal vardı. Etirazçılar çıxışlarında, məsələn, tanınmış yazıçı Naguib Mahfouz-un (N. Məhfuz) da «pay»ını verməyi unutmurdular, onu Misir cəmiyyətinin həyatını təhrif etməkdə, bu həyata yad Qərb dəyərlərini gətirməkdə qınayır, hətta onun əsərlərinin yasaq olmasını tələb edirdilər. Bu, çox maraqlı, ziddiyyətli məqamdır. Amma tanış detaldır. İran inqilabından əvvəl, şah dövründə İran cəmiyyəti də Qərb üçün daha açıq idi. Amma sonra nə oldu? Necə deyərlər, sonrasını hamı bilir…

BU QATAR SƏNİ HARA APARIR?

Bəli, Misir yol üstündədir. O, bir neçə yoldan birini seçməlidir. Ölkə şəriətə meyl edir. Başqa müsəlman ölkələri kimi Misiri də buna təhrik edən əsl səbəbləri heç kim bilmir. Nədən müsəlman ölkələri şəriəti bu qədər ideallaşdırırlar? Bəli, onlar belə hesab edir ki, bu, Allahın qoyduğu qaydalardır və o, insanların yaratdığı bütün hüquq sistemlərindən daha mükəmməldir. Amma burada başqa bir detalı da görməmək mümkün deyil. Müsəlmanlar dünyəvi qaydalara o qədər etinasızdırlar ki, onları yalnız bir halda qəbul edə bilərlər – bu qaydaların Allahdan gəldiyinə əmin olsalar. Ömrü boyu müsəlmanlar iki hüquq sistemində yaşayır. Biri onların qəlbində olan Allah qanunlarıdır və bununla müsəlmanlar o dünyadakı sorğulara verəcəkləri cavabı müəyyən etməyə çalışırlar, digəri isə daha çox və tez-tez ayaqlar altına atılan dünyəvi qanunlardır. Onlar qərblilərdən fərqli olaraq dünyəvi qanunları qanları ilə yazmayıb və qəlbləri ilə qəbul etməyiblər. İlk az-çox mükəmməl qanun onlara dindən gəlib və ona görə də onun sehrindən ayrıla bilmirlər. Həm də onlar gözlərini açıb bir qayda görüblər. O da budur ki, dünyəvi qanunlar ona görə yazılır ki, onları pozasan.

Qərblilərdən fərqli olaraq onlar yaşadıqları dövlətlərdə dünyəvi qanunların aliliyini görməyiblər və gördükləri bu, olub ki, qanunları ilk növbədə məhz onları yazanlar pozur…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG