Keçid linkləri

Təcili xəbərlər

Bu da dekabrın 21-i!


Yer
Yer
-
«Ölmək ölməkdir... xırıldamaq nə deməkdir?» və ya «Elnən gələn bəla toy-bayramdır» atalar sözləri azərbaycanlıların yox, rusların ixtirası olmalıydı.

Moskvada bir vaxtlar sovet liderlərini nüvə zərbəsindən qorumalı olan bunker «Axirət»dən xilas olmaq istəyənlərin ixtiyarına verilib.

Hərçənd, bileti 1000 dollara. Pulu çatanlar «dünyanın son günü»nü burada russayağı məclislə qarşılayacaqlar.

42 NÖMRƏLİ BUNKER

«The Independent» qəzeti yazır ki, Kremlin yaxınlığında olan 42 nömrəli bunker 56 metr dərinlikdədir. Hazırda muzey kimi fəaliyyət göstərir və 300 nəfər tutur.

Bunker-muzeyin bələdçisi Alexei Pavlovsky deyib ki, dekabrın 21-ini burada ziyafətlə qeyd etmək ideyasını əslində sadə adamların özləri veriblər.

Muzeyə gələnlərin əksəriyyəti «Armaqeddon»u burada keçirməyin mümkünlüyü barədə elə hey soruşurmuşlar.

Pavlovsky bildirir ki, burada ayrıca uşaq zalı hazırlanıb. Böyüklər üçün filmlər nümayiş etdiriləcək və dünyanın başqa ölkələrindəki bunkerlərlə canlı televiziya bağlantısı olacaq.

Qonaqlara bu da vəd edilib ki, onlara vaxtaşırı Yer üzündə nələrin baş verdiyi barədə məlumatlar çatdırılacaq.

Hərçənd, dünyanın axırıncı günündə araq gillətmək yalnız VIP bilet sahiblərinə qismət olacaq.

«Son ziyafət»in təşkilatçıları, yalan-doğru, Maya təqvimi doğrulmasa, bilet pullarının 50 faizini qaytaracaqlarını vəd ediblər.

Rusiyadakı bunker ziyafəti «Qiyamət günü»ndə dünyada baş verən yeganə şadyanalıq deyil.

Serbiyada Rtan dağının ətəklərində yerləşən bir otel də xeyli vaxtdır ki, özünü «axirət günü»ün sığınacağı kimi reklam edib.

Yerli sakinlərin inanclarına görə, bu müqəddəs dağ vaxtilə bir cadugərin qəsrini udub və həmin cadugər indi də dağın içərisindədir.
Tatarstanada uçan boşqab
Tatarstanada uçan boşqab

NASA-NIN TELEFONLARI DAĞILIR

ABŞ-ın Milli Aeronavtika Agentliyi – NASA-nın telefonları son günlər üç dəfə artmış zənglərin həcminə güclə tab gətirir.

Adi günlərdə agentliyə təxminən 90 zəng edilirsə, indi onların sayı 200-300-ə çatıb.

Qorxuya düşmüş bir çox amerikalılar 21 dekabrın dünyanın son günü olub-olmadığını xəbər alırlar.

NASA rəhbərliyi Maya təqvimindən doğan şayiələri dağıtmaq üçün xüsusi internet saytı yaradıb.

«LA Times» qəzetinə müsahibədə NASA-nın sözçüsü Dwayne Brown bildirir ki, zəng edənlər ən müxtəlif suallar verirlər. Məsələn, «Yer planeti başqa bir səma cismi ilə toqquşacaq, ya yox?».

Bir başqaları isə intihar etmək fikrinə düşdüklərini deyirlər.

ABŞ rəsmilərini də ən çox narahat edən sonunculardır. NASA xüsusən yeniyetmələri qorumağın vacibliyini vurğulayır. Çünki əhalinin bu kateqoriyası «internetdə böyüyüb və hər zada inanır».

Agentliyin bu məqsədlə açdığı internet saytına artıq 4.6 milyon baxış olub.

Həm də dekabrın 22-nə hesablanan saytda «Dünya dünən niyə dağılmadı?» adlı bölüm var.

Burada Yerin Nibiru və ya X planeti ilə toqquşa biləcəyindən tutmuş planetimizi yadplanetli zəkalı kərtənkələlərin zəbt edəcəyi ehtimalına qədər «dəhşət ssenariləri» elmi əsaslarla təkzib edilir.

«Bizim planetimiz 4 milyard ildir ki, problemsiz yaşayır və sanballı alimlər 2012-ci ildə də heç bir təhlükənin olmayacağını bilirlər», - deyilir internet saytında.

Lakin hətta rəsmilər də etiraf edirlər ki, adamları vəlvələyə salan saytların müdavimləri daha
Buqarak kəndi
Buqarak kəndi
çoxdur.

YADPLANETLİLƏRİN YERƏ ENƏCƏYİ İKİ KƏND

Son xəbərlərə görə, Türkiyə və Fransaya «bir tərəfə» bilet alanların sayı sürətlə artır.
Dekabrın 21-də dünyanın qurtaracağına inananların ən sevimli istiqaməti Fransanın cənubundakı Buqarak və Türkiyədəki Sirince kəndləridir.

Türkiyənin 600 nəfər əhalisi olan kəndi hazırda turist ordusundan qaz vurub qazan doldurursa da, Fransada polis balaca Buqarak kəndini «axirətçi gəlmələrdən» qorumağa çalışır.

Buqarak kəndinə pənah gətirənlər inanırlar ki, yadplanetlilərin gəmiləri məhz burada yerə enərək insanları xilas edəcəklər.

«The Daily Telegraph» xəbər verir ki, bu günlərdə 150 polis 198 nəfər əhalisi olan kəndi «qiyamət qaçqınları» bir yana qalsın, dünyanın müxtəlif yerlərindən gəlmiş 250 jurnalistdən mühafizə etməyə çalışır.

Məqaləni xalq deyimləri ilə başlayıb, elə bu mövzuda da bitirirəm.

Bir də dilimizdə «qiyamət» sözü var. Məsələn, yaxşı bir qonaqlıqdan sonra bəzən deyirik: «Amma qiyamət kef elədik ha!».

Bax, bu «qiyamət»in haradan gəldiyini heç cür başa düşə bilmirəm.

Qismət olsa, dekabrın 22-dən sonra mütləq öyrənməyə çalışacağam.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG