Keçid linkləri

Təcili xəbərlər

Dekabrın iki tarixi «sürprizi»


Kiyevdə Leninin abidəsi
Kiyevdə Leninin abidəsi
-
Milyonlarla insanın azadlığını əlindən alan keçmiş Sovetlər Birliyi dekabr ayında yaradıldı və 69 il sonra dekabrda da dağıldı

İnsanların nahaq axıdılan qanları bahasına yaranan bir dövlət – imperiya yoxdur artıq. XX əsrin iki zərərli ideologiyasından birinin – bolşevizmin (kommunizmin, digəri, təbii ki, faşizmdir) əsaslarına söykənən Sovetlər Birliyi artıq tarixə qovuşdu.

1922-ci ilin dekabrın 30-da yaranan bu dövlətin ərazisi 22 milyon kv.km, əhalisinin sayı 300 milyona yaxın idi. Oraq və çəkicli qırmızı bayraq bu dövlətin rəsmi bayrağı sayılırdı.

Ümumi statistikaya görə, bolşeviklərin Rusiyada hakimiyyətə gəlişindən – 1917-ci ildən Stalinin ölümünə qədərki dövrədək (1953-cü il, mart) 62 milyon insan bu ideologiyanın qurbanı olub.

SSRİ KÖNÜLLÜLÜK TƏMƏLİNƏMİ DAYANIRDI?

Əslində işğalçı mahiyyət daşıyan, xalqların azadlığını əlindən alan SSRİ imperiya quruluşuna malik idi. Sadə adamlar bütün göstərişləri yuxarıdan – Moskvadan verilən bu imperiyanın qurbanlarına çevrilirdi. Bu nəhəng imperiya ruslaşma siyasətini daha incə yollarla gerçəkləşdirən, qırmızı qiyafəli, yeni görünüşlü çar Rusiyasına bənzəyirdi. M.Ə. Rəsulzadə nahaqdan yazmırdı ki: «Nikolay Rusiyası ilə Lenin Rusiyası arasında heç bir fərq yoxdur. O zamankı zəncirlərin rəngi ağ, indiki zəncirlərin rəngi isə qırmızıdır».

ƏVVƏL ALTI, SONRA ON BEŞ «QARDAŞ»
Ukraynada Sovet repressiyaları zamanı ölən məhbusun qalıqları
Ukraynada Sovet repressiyaları zamanı ölən məhbusun qalıqları

1922-ci ilin dekabrında SSRİ yaradılarkən tərkibində 6 respublika vardı: Rusiya, Ukrayna, Belorusiya və Zaqafqaziya Federasiyası (Azərbaycan, Gürcüstan, Ermənistan). İmperiya dağılanda –1990-cı ilin dekabrında 15 respublikalı bir dövlət tarix səhnəsindən silindi. 6 və 15 rəqəmlərinin müqayisəsi keçmiş Sovetlər Birliyinin – Sovet İttifaqının işğalçı mahiyyətini üzə çıxarır.

BOLŞEVİKLƏRİN İŞĞAL ETDİYİ 3-CÜ ÖLKƏ AZƏRBAYCAN OLUB

1920-ci ildə rus bolşevik ordusu Azərbaycan Xalq Cümhuriyyətini devirib, süngü və qətliamlar hesabına burada hökmranlıqlarını qurdu. Statistikaya diqqət edək: yalnız 1920-ci il aprelin 27-dən (işğal günündən) 1921-ci ilin avqustunadək Azərbaycanda 47 min adam qətlə yetirilib. Azərbaycandan sonra Ermənistan və Gürcüstan işğal edildi.

1940-cı ildə 11 «qardaş»ın sırasına daha dördü qatıldı – Estoniya, Latviya, Litva, Moldova.

«BOLŞEVİK» NİYƏ «KOMMUNİST»Ə ÇEVRİLDİ?

Stalin və qızı Svetlana
Stalin və qızı Svetlana
1952-ci ilin oktyabrında Kommunist Partiyasının qurultayında Stalin çıxış etdi və partiyanın adından «bolşevik» sözünün çıxarılıb belə adlanmasını təklif etdi: Sovet İttifaqı Kommunist Partiyası (o zamanadək Ümumittifaq Kommunist Bolşeviklər Partiyası adlanırdı). Stalin belə izah edirdi ki, artıq kommunizm ideologiyası bir ölkənin çərçivəsindən çıxıb bütün dünyaya yayılıb. Əslində o, İkinci Dünya müharibəsindən sonra Şərqi Avropa ölkələrində (Polşa, Macarıstan, Bolqarıstan və s.) sosialist rejimlərinin qurulmasını əsas götürürdü. Bir qədər sonra bu ölkələrdə baş verən xalq üsyanları Sovetlər Birliyinin imperiya siyasətinə «sədaqət» dərəcəsini göstərirdi.

«İTTİFAQ DAĞILAN DEYİL»?

1944-cü ildə bəstəkarı Aleksandrov olan SSRİ-nin himni bu sözlərlə başlayırdı:

İttifaq dağılmazdır, respublikalar azaddır!

1991-ci il dekabrın 26-da SSRİ-nin himnindəki sözlər tarixə qovuşdu. Sanki möhtəşəm və əbədi görünən qırmızı imperiya da. «Niyə dağıldı?» sualının tam və dolğun cavabını bu keçmiş imperiyanın sakinləri verə bilər.

Beləcə, sual verirəm: Səncə, əziz oxucu, SSRİ nədən çökdü?


- - - - - - - - - - - - - - - -

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

XS
SM
MD
LG