Keçid linkləri

Təcili xəbərlər

Sadəcə, Zeynəb…


Zeynəb Xanlarova
Zeynəb Xanlarova

-
Dekabrın 28-i Azərbaycanın əfsanəvi müğənnisi Zeynəb Xanlarovanın doğum günüdür.

«Neçə yaşa çatdı?» deyənləri cavabsız buraxacağam.

Doğrudan da, yaşın nə fərqi var?

Zeynəb xanım Azərbaycan mədəniyyətində hələ gənc yaşlardan elə bir iz qoyub ki, zaman keçsə də silinməz...

Hərdən düşünürəm, Zeynəb xanım fenomeni nə olan şeydir?

Onu niyə dəlicəsinə sevirdilər?

Vaxtilə bir iş yoldaşımın dediyi kimi, o, niyə «camaatın saqqızını belə oğurlamışdı?».

Cavab verməyə çalışım.

Zeynəb xanım sovetlər dönəmində yaşayan ilk azərbaycanlı müğənnidir ki, tabuları sındıra, buzları əridə bildi.

Ölkə ilıqlaşma dönəmini yaşayırdı.

Paytaxtda, yasaq da olsa, Azadlıq simvolu olan caz səslənirdi.

Rəşid Behbudovun simasında estrada musiqisi də öz baharını yaşayırdı.

Amma xalq musiqisi durğunluqda idi.

Gözəl ifaçılar, əvəzsiz səslər olsa da, parlaq imicli üsyankar ifaçı yox idi.

Bax, belə bir zamanda Zeynəb xanım üzə çıxdı.

Çıxdı-nə çıxdı?!

Səsi gözəl olub da, mahnı ilə yaşaya bilməyənlərə dərs verdi.

Sıxıla-sıxıla oxuyanlara örnək oldu.

Al-əlvan geyimlərlə gündəmə gəldi.

Mahnı ilə yaşadı.

Muğamla nəfəs aldı.

İlk dəfə Məcnuna naz satan Leyli oldu!

Allahım, heç belə Leyli görünmüşdümü?

Hətta ilk «Çahargah» oxuyan xanəndə adını qazandı.

Seyid Şuşinskinin tələbəsiydi, axı...

Bəlkə xarakterindəki bu üsyankarlıq ustadından qaynaqlanırdı?

Seyid Şuşinskinin Tbilisidə, Bakıda keçirdiyi kübar həyat tərzi, oxusu, oturuşu-duruşu, geydiyi «İndiqo» kostyumlar hələ də xatırlanır...

Bu bir gümandır, əziz oxucum. Elə indi ağlıma gəldi.

Görünən odur ki, Zeynəb xanım Stalin repressiyasından təzəcə qurtulmuş, başı bəlalar çəkmiş, min bir zülm görmüş xalqına ilıqlaşmanın dadını dadızdıra bildi.

Lap Rəsulzadə 1918-ci ildə Azadlığın dadını babalarımıza daddıran kimi!

Mən ta uşaqlıqdan Zeynəb xanımın mahnılarıyla böyüdüm.

Təkcə mahnılarını yox, onun sərbəst oxu tərzini, duruşunu-baxışını, hətta geydiyi əlbisələri sevdim.

Hər konsertində təkcə onun nə oxuduğu yox, nə geydiyi, necə geydiyi, necə baxdığı-necə gülümsədiyi də danışılırdı.

Zeynəb xanım sovetlərdə o dövrün leksikonunda olmayan-tanınmayan, bilinməyən «imic» yaratdı!

Zeynəb xanım məktəb yaratdı!

Zeynəb xanım inqilab yaratdı!

İnanın, ancaq belə müğənnilərin sayəsində Sovetlər daha tez çökdü!

O ifa, o sərbəstlik, o hayqırtı diktatura rejimini laxlatmaya bilməzdi.

Və laxlatdı!

Mən Zeynəb xanımı həm də buna görə sevirəm.

Tale elə gətirib ki, bir vaxtlar onun haqqında çıxan kitabın redaktoru olmuşam.

Hələ 70-ci illərdə onunla görüşmüşəm.

Səsi kimi xarakterinin də bənzərsiz olduğunu duymuşam.

Odur ki, bu doğum günündə onu yad etməyə bilməzdim.

Var olun, Zeynəb xanım!

Siz – sovetlərin o bomboz zamanında həyatımıza rəng qatan müğənnilərdəndiniz.

Bir vaxtlar adını unutduğum bir jurnalist haqqınızda yazmışdı ki, Zeynəb xanım elə müğənnilərdəndir ki, zaman keçdikcə dəyəri artacaq.

Amma mən o fikrə o zaman da şərik çıxmamışdım.

Sizin nə etdiklərinizi artıq birər-birər sadaladım.

Bundan böyük nə ola bilərdi ki?

Adi insanların həyatına rəng qatmaqdan, dadlandırmaqdan uca bir iş varmı, əzizim Zeynəb xanım?!

Varmı?

Çox yaşayın!!!


İmza: Sevda İsmayıllı

Ən son yazılan

XS
SM
MD
LG