Keçid linkləri

-
Britaniyanın Milli Arxivi Vaşinqton-London münasibətlərinin o qədər də «məxsusi» olmadığını göstərən gizli sənədləri açıqlayıb.

Sənədlərdən aydın olur ki, ABŞ prezidenti Ronald Reagan-ın Britaniyaya 1982-ci ildə baş tutmuş dövlət səfəri… baş tutmaya da bilərmiş.

Britaniyanın ABŞ-dakı səfiri lord Nicholas Henderson Londona teleqramlarında Ağ Evin onun xahişlərini saymazlığa vurmasından şikayət edirmiş.

«Bizim dəvətlərimizə münasibət Ağ Evdə hərc-mərcliyin hökm sürdüyünü nümayiş etdirir», - yazırdı səfir. «ABŞ rəsmilərinin lovğa münasibətini onların nəzərinə çatdırmağa cəhd edə bilərik, lakin bunun çətin ki, bir xeyri olsun».

Yenicə açıqlanmış diplomatik sənədlərdən bəlli olur ki, Britaniya 1982-ci ilin iyununda Londonda keçirilməli olan NATO sammitindən prezident Reagan-nın krallığa rəsmi səfəri üçün faydalanmaq arzusunda imiş.

Məhz bu məqsədlə ovaxtkı Baş nazir Margaret Thatcher və kraliça Elizabeth II hələ 1981-ci ilin dekabrında Ağ Evə rəsmi dəvət göndəriblərmiş.

VAŞİNQTON ÜÇÜN LONDON DA, PARİS DƏ EYNİDİR

Bu dəvətlərə Ağ Evin iki aydan sonra - 1982-ci il fevralın 5-də verdiyi cavab Britaniya səfirini şoka salıbmış.

Prezident administrasiyası bildirib ki, NATO-nun sammitini Brüsseldə keçirmək planlaşdırılır və Reagan Londona ümumiyyətlə səfər etməyəcək.

Sanki acıq verirmiş kimi, cavabda prezidentin Paris və Madridə baş çəkə biləcəyindən də söz açılırdı.

Sənədlərdən səfir Henderson-un Ağ Evlə danışıqlarının və onun bu danışıqlarda az qala yalvardığının təfərrüatları bəlli olur.

Britaniya səfiri ABŞ administrasiyası rəhbərinin müavini Michael Deaver-lə söhbətində NATO sammitinin yerinin dəyişdirilməsinin «son dərəcə böyük səhv» ola biləcəyini söyləyirmiş.

Səfir sonrakı söhbətlərində əlahəzrət kraliça və baş nazirin dəvətlərinə bu qədər uzun müddət cavab verilməməsinin Londonda başa düşülmədiyini deyib.

OK, REAGAN LONDONA GƏLİR, AMMA…

Sonunda səfirin fədakar cəhdləri nəticə verir və səfər barədə razılaşma əldə olunur. Lakin bundan sonra daha böyük bir qanqaraçılıq yaranır.

Ronald Reagan

Ronald Reagan

Amerikalılar mətbuata prezident Reagan-ın Londona səfəri əsnasında Parlamentin hər iki palatasına müraciət edəcəyi barədə məlumat sızdırırlar.

Bu isə öz növbəsində Londonda böyük siyasi qalmaqala səbəb olur. Leyborist Partiyasının ovaxtkı lideri Michael Foot başda olmaqla, müxalifət məsələdən son anda və başqa mənbədən xəbər tutduğuna görə haray-həşir salır. Bu o qədər ciddi qalmaqala çevrilibmiş ki, sonda xanım Thatcher görüşün Kral Qalereyasında keçiriləcəyini bəyan edir.

Britaniya parlamentarizminin ənənələrinə görə, hökumət parlamentdə keçirməyi planlaşdırdığı böyük tədbirlər üçün müxalifətin razılığını almalıdır.

Lakin bu dəfə prezident Reagan iki ayağını bir başmağa dirəyir və bildirir ki, Uestministerdə çıxış etməsə, ümumiyyətlə Londonda heç bir nitq söyləməyəcək.

Maraqlıdır ki, artıq yorulub əldən düşmüş səfir Nicholas Henderson yenidən Ağ Evi dilə tutmağa çalışır. Deaver-ə bildirir ki, Kral Qalereyası da pis yer deyil, əksinə, çox mötəbər bir yerdir, belə ki burda vaxtilə Fransa prezidenti Giscard və Sovet Baş naziri Kosygin çıxış ediblər.

Görünür, bu, Ağ Evin ağlına batır və razılıq əldə edilir.

Lakin bu razılıqdan sonra da bir problem qalırdı.

Reagan Londondan Uindzor qəsrinə gedən yolda bir-iki dəfə ayaq saxlayıb sadə ingilislərlə söhbət etmək istəyirmiş.

Səfir bu marşrutda böyük sıxlığın olması barədə mızıldansa da, Amerika prezidentinin Böyük Britaniyaya rəsmi səfəri 1982-ci il iyunun 7-9-da nəhayət ki, baş tutub.

Lakin Reagan və Elizabeth II-nin yan-yana at belində şəkil çəkdirmələri üçün London ümumilikdə 485 səhifəlik diplomatik yazışma aparıb.

ABŞ ARGENTİNAYA BRİTANİYADAN XƏBƏRÇİLİK ETMƏK İSTƏYİB

Britaniya Milli Arxivinin yenicə açıqlanmış sənədlərinə görə, Vaşinqton 1982-ci ildə Argentinanı Britaniyanın Folklend Adalarına hərbi müdaxiləsindən xəbərdar etmək istəyib.

ABŞ-ın ovaxtkı Dövlət katibi Alexander Haig-in təşəbbüsü ilə Buenos-Ayres Britaniyanın mümkün hücumu barədə xəbərdar edilməli, Amerika bu münaqişədə neytral mövqe tutmalı imiş.

Bu xəbərdən sarsılan Britaniyanın ABŞ-dakı səfiri dövlət katibini xəbərdar edir ki, Vaşinqton bunu edərsə, Britaniyanın sualtı qayıqları məhv edilə və ya hava zərbələri ilə üzləşə bilər.

Gizli sənədlər ABŞ və Britaniya arasındakı münasibətlərin 1982-ci ildə nə dərəcədə gərgin olduğunu göstərir.

Bəlli olur ki, ABŞ prezidenti Ronald Reagan Baş nazir Margaret Thatcher-i son ana qədər argentinalılarla siyasi danışıqlara səsləyib.

ABŞ prezidenti narahat idi ki, onun keçmiş müstəmləkəçiyə dəstəyi Vaşinqtonun Latın Amerikası ilə münasibətlərini korlaya və onun bu bölgədə kommunizmə qarşı məxfi planlarını poza bilər.

DƏMİR LEDİ: ALYASKA TƏHLÜKƏDƏ OLSA, PREZİDENT NƏ EDƏRDİ?

Margaret Thatcher 1982-ci il mayın 31-də Reagan-a gecə saatlarında telefon edərək Vaşinqtonun mövqeyinə etiraz bildirib. Deyib ki, «britaniyalıların qiymətli qanı axıdıldıqdan sonra o, heç bir atəşkəsə getməyəcək».

Baş nazir həmçinin Folklend Adalarının birgə ABŞ- Braziliya nəzarətinə verilməsinə dair Amerika planlarına da etiraz edib:

«Mən Britaniya qüvvələrini Yer kürəsinin o başına göndərməmişəm ki, sonradan əlahəzrətin adalarını hansısa əlaqələndirici qrupa təhvil verəm».

Britaniya donanması. 1982

Britaniya donanması. 1982

Sən demə, Thatcher Argentina ilə atəşkəs barədə Roma Papasının teleqramına da mənfi cavab verib. Üstəlik, o, müqəddəs ataya xəbərdarlıq edib ki, Vatikan onun bu arada Britaniyaya səfərini təxirə salsa, London bunu Argentinaya tərəfkeşlik aktı kimi qiymətləndirəcək.

Lakin sənədlərdən bu da bəlli olur ki, Amerika hər halda öz tarixi müttəfiqini dəstəkləməkdə davam edib.

Amerikanın Müdafiə naziri Caspar Weinberger Britaniya qüvvələri üçün həyatı əhəmiyyəti olan sursatın Folklend hövzəsinə məxfi nəqlinə sərəncam verib. Dövlət Departamenti isə bütün böhran ərzində Londonun yanında olub.

Bununla belə, ABŞ-ın Dövlət katibi Haig səfir Henderson-la görüşündə Britaniyanın hücumu barədə Argentinanın xəbərdar edilməsi üçün onun bir növ razılığını almağa çalışıb.

Lakin səfir bu cür xəbərdarlığın Folklendə müdaxilə edəcək Britaniya qoşunları üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini söyləyib.

Səfir bildirib ki, Buenos-Ayres uzaqmənzilli raketlərə malik «Santa Fe» sualtı qayığından və «Canberra» bombardmançılarından istifadəyə əl ata bilər.

Qızğın müzakirənin nəticəsi olaraq Britaniya səfiri Dövlət Departamentini susmağa məcbur edib.

LONDON ÖZ SƏFİRİNƏ: AMERİKALILARA ÇOX DA İNANMA

Səfirin əldə etdiyi nəticədən razı qalan Britaniya Xarici İşlər Nazirliyi Henderson-a hər halda, amerikalılara çox da inanmağı və hava şəraitini əsas gətirərək, Britaniyanın Folklendə mümkün hücumu barədə yayğın məlumat verməyi tapşırıb.

London və Vaşinqton arasında gizli yazışmalar göstərir ki, ABŞ Britaniyanı israrlı olaraq Folklend məsələsini siyasi yolla həll etməyə, Argentina ilə bu adaların statusu məsələsinin müzakirəsinə çağırırmış.

Bu çağırışlar Britaniya hökumətində ciddi mübahisələrə səbəb olub və müəyyən bir anda London sanki güzəştə getmək də istəyib.

Lakin son məqamda Londonun qərarı münaqişəni beynəlxalq gündəmə çıxarmamaq və heç bir danışıqlara getməmək olub.

Britaniya hökuməti bu qənaətə gəlib ki, Argentina ilə hər hansı danışıqlar Buenos-Ayresi bu münaqişədə qalib kimi göstərə bilər.

Buna baxmayaraq, ABŞ-ın London üzərinə təzyiqi o qədər böyük imiş ki, hətta bir məqamda Margaret Thatcher gələcəkdə Folklend Adalarının statusu məsələsinə baxıla biləcəyini istisna etməyib.

Lakin «dəmir ledi» əlavə edib ki, bu status nə Britaniyadan, nə də Argentinadan asılı olmalıdır.

Britaniyanın Folklendə hərbi müdaxiləsi məsələsinə gəlincə isə, Thatcher Reagan-a çox sərrast şəkildə bildirib:

«Mən əminəm ki, Alyaska üçün təhlükə yaransaydı, cənab prezident də eyni cür hərəkət edərdi»…

DƏNİZİN DİBİNƏ GEDƏN SİRLƏR
Ronald Reagan və Margaret Thatcher - 1984

Ronald Reagan və Margaret Thatcher - 1984


Britaniya mətbuatı bildirir ki, yaxın keçmişə dair açıqlanmış bu sənədlər, Britaniya senzurasının təbirincə deyilsə, «redaktə» olunub.

Bu isə o deməkdir ki, müəyyən məqamları əks etdirən mətnlərin üstü oxunmayacaq şəkildə qaralanıb.

Bu məqamlardan biri də 1982-ci il mayın 2-də Britaniyanın «Conqueror» sualtı qayığının Argentinaya məxsus «Belgrano» kreyserini batırmasıdır.

London «Belgrano»nun guya Britaniya qüvvələrinə hücum edərkən batırıldığını iddia edir.
Beləliklə, «Belgrano» bu son sirri də göyərtəsindəki 323 matrosla birlikdə dənizin dibinə apardı.

ABŞ-BRİTANİYA - BİR DÖVLƏT, İKİ MİLLƏT

Yenicə açıqlanmış məxfi sənədlərlə tanışlıqdan sonra «The Daily Telegraph» qəzetinin bloqqeri yazır ki, «Margaret Thatcher barədə hər yeni məlumat əldə edəndə, ona bir daha məftun olursan».

Lakin ən maraqlısı bloqqer Tim Stanley-nin «bir dövlət, iki millət» haqqında qeydləridir.
Tim Stanley bildirir ki, Amerika və Britaniyanı «bir dövlət - iki millət» kimi görən sağçılar yanılırlar.

Jurnalist yazır ki, bu iki millət arasında anlaşılmazlıq hələ 18-ci əsrdən qaynaqlanır.

«Biz fəlsəfi əkizlərik», - yazır bloqqer. «Lakin bizim ayrı-ayrı tarixlərimiz, bizi ayrı-ayrı strateji maraqlara gətirib çıxarıb. Bu maraqlar isə toqquşa bilər və toqquşur da…».
XS
SM
MD
LG