Keçid linkləri

Təcili xəbərlər

Siyasətçi olmadan siyasətlə məşğul olmaq mümkündürmü?


Arxiv foto: Azərbaycanda prezident seçkiləri, 2008-ci il
Arxiv foto: Azərbaycanda prezident seçkiləri, 2008-ci il
-

Maraqlı sualdır, deyilmi? Düzü bu ölkədə o qədər maraqlı suallar var ki, onlardan hansını seçmək lazım gəldiyini bilmirsən. Səhnədə aktyorlar rollar oynadığı kimi bütün insanlar həyatda müəyyən rolların ifaçısı olurlar. Buna bəlkə də sosial funksionallıq demək daha düzgün olardı. Nəzərə alanda ki, indi dünyada hamıya seçki hüququ verilib, həmin o funksiyalardan biri də budur ki, hər bir adam həm də seçicidir. Amma təəssüf ki, insanlar heç də bütün rolları ürəkdən, cani-dildən ifa etmirlər. Bəzən biz çox yorucu, darıxdırıcı «aktyorlar» oluruq. «Mənlik deyil, mən siyasətlə heç vaxt məşğul olmamışam, qoy, onunla siyasətçilər məşğul olsun!». Bu cür bəyanatları bütün seçkilərin ərəfəsində eşitmək mümkündür. Bir vaxtlar hətta ağlıma belə bir fikir gəlmişdi ki, insanların seçkiyə marağını bir qədər stimullaşdırmaq lazımdır. Amma necə? «Zərbəçi seçici» medalı təsis etmək olmur axı! Dünyanın bütün ölkələrində seçkidə iştirak problemi var, bunu inkar etmək çətindir. Amma əksər ölkələrdə seçkini bir prinsip əsasında keçirirlər: «Maraqlananlar gəlsin, maraqlanmayanlar isə özündən küssün!». Əslində bu, ədalətli yanaşmadır, çünki heç kimi heç nəyə təhkim etmir, siyasətçi seçki fəallığından, seçici isə seçkidə iştirak etmək öhdəliyindən asılı olmur. Belə ölkələrdə də seçki təbliğatı gedir, ictimai fəallar, ayrı-ayrı partiyaların üzvləri çalışırlar ki, daha çox insanı seçkiyə cəlb etsinlər. Gələnlər gəlir, gəlməyənlər belə hesab edir ki, öz həyatlarını elə qurublar ki, seçkilərin nəticələri bunu dəyişmək iqtidarında deyil. Amma bu, çox az hallarda belə olur, çünki cəmiyyət fiziki vakuum deyil. Xüsusən də nəzərə alanda ki, hətta fiziki vakuumda da çox kiçik fluktasiyalardan kainat yarana bilər, ondan cəmiyyətin həyatı üçün tamamilə təsirsiz keçən seçkinin mümkünlüyünə inanmaq çətin olur. Biz əksər hallarda seçicilərə haqq qazandırmağa adət etmişik. Amma onların «Başqası gəlib nə edəcək?» məntiqinə bəraət qazandırmaq çətindir. «Başqası» gələndə istər-istəməz dəyişiklik olur, sadəcə bir şərtlə ki, həmin o «başqası» özünün seçicidən asılılığını hiss etsin. Növbəti səsvermə, növbəti seçki həmişə yeni sosial sanksiya deməkdir, kimin üçünsə bunun pozitiv nəticələri olur, kimlər üçünsə əksinə neqativ.

ÖLKƏNİN SEÇKİ XƏRİTƏSİNİ NİYƏ CIZMAQ OLMUR?

Seçki gözəl sosial indikatordur. Əgər bir ölkədə heç olmasa düzgün seçki keçirilirsə onda onun bu və ya başqa bir halda olmasının səbəblərini başa düşmək çox asan olur. Çətin ölkələr seçkilərin keçirilmədiyi və yaxud da düzgün keçirilmədiyi ölkələrdir. Burada nədənsə baş açmaq çox müşkül məsələdir. Bəziləri seçici psixologiyasının qəliz olmasından gileylənirlər. Amma hər şey çox sadədir, seçki obyekti müəyyən mənada seçicinin sosial statusunun göstəricisi olur. Bir vaxtlar Rusiyada təqaüdçü seçicilərə o qədər də əhəmiyyət vermirdilər, amma ölkənin seçki xəritəsində «qırmızı zolaqları» görəndə başa düşdülər ki, səhv ediblər.

Təəssüf ki, Azərbaycanda seçki xəritəsi yaratmaq hələ sosioloqlara qismət olmayıb. Cəmi bircə dəfə – 1992-ci ilin prezident seçkisi zamanı belə bir imkan yaranmışdı. Amma bundan sonra ondan çox seçki keçirildi. Di gəl, ölkənin ən ünlü sosioloqu belə, bu gün «Bakılı seçicinin cəlilabadlı seçicidən fərqi nədədir?» və yaxud «Ölkənin şimal bölgələrində daha çox kimə səs verirlər?» sualına cavab verməkdə acizdir. Artıq bu sualların cavabı seçki fəallığından deyil, seçkilərin düzgün keçirilməsindən asılıdır. Məsələn deyirlər ki, indiki hakimiyyətin əsas dayaqları naxçıvanlılar və ya ermənistanlılardır. Amma bunu seçkinin nəticələri ilə yoxlamaq olmur, çünki bütün seçkilərdə hakimiyyət hər yerdə mütləq əksəriyyətin mütləq səs çoxluğuna sahib olur.

SEÇKİLƏRİN ƏSAS PROBLEMİ

Azərbaycanda əsas problem seçki fəallığı deyil. Rəsmi statistika bütün digər məsələlərdə olduğu kimi burada da yüksək göstəriciləri təmin edir. Ona görə də heç bir sosioloq ölkədə seçki fəallığının illər üzrə dinamikasından baş çıxara bilməz. Azərbaycanda əsas problem seçici psixologiyası problemi də deyil. Belə olsaydı biz bunu seçkinin siyasi spektrində görərdik, burada da rəsmi statistika əmin edir ki, 1993-cü ildən bu tərəfə seçicilər bütün seçkilərdə birmənalı şəkildə hakim partiyaya səs veriblər. Bəs problem nədədir? Əsas problem seçkinin təşkilində və keçirilməsindədir. Belə olan təqdirdə nədən hər dəfə seçici fəallıq müzakirə predmeti olur? Bunun çox sadə səbəbi var. Azərbaycanlı seçici də səslərinin düzgün sayılmasını təmin etməyi öyrənməlidir. Bu, böyük siyasət deyil, vətəndaş haqları uğurundakı mübarizənin bir hissəsidir. Siyasətə münasibət bildirmək hələ siyasətçi olmaq demək deyil, əslində bu, vətəndaş borcudur, çünki bu ölkənin də əsas qanununda digər normal ölkələrdə olduğu kimi hakimiyyətin mənbəyi kimi xalq göstərilib. Deməli, bir məsələ qalır - görüntünü reallığa çevirmək…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG