Keçid linkləri

-

Misirdə qəbul olunmuş Anayasa yenə düşüncələri bir İslam məsələsinə yönəltdi, - Şəriətin hüququn özülünə qoyulması məsələsinə.

Azərbaycanlıların dini kəsimində «Şəriət» sözünün oyatdığı duyğu və düşüncələr, az qala, Quranın oyatdığı qədərdir. Bu kəsimin İslamla bağlı bilgisiz çoxluğuna elə gəlir ki, Şəriət də Qurani-Kərim kimi Allahdan enən kitabdır və necə ki, İslamın qutsal kitabı kodifikasiya olunmuş, yəni surələrinin sayı, ayələrinin yeri bəlli olan, formatı dəyişməz kitabdır, Şəriət də elədir. Halbuki Şiələrin və Sünnilərin Şəriəti başqa-başqadır və ortada Quran tipində «Şəriət» adında bir kitab, ya məcəllə yoxdur. Şəriət, sadəcə, qanunların İslam əqidəsi və başlanğıcları ilə bağladılmasını qaçılmaz etmək üçün formalaşmış hüquq «fəlsəfəsidir». Hərçənd «İslam əqidəsi, İslam başlanğıcları necədir?» məsələsində dürlü yozumlar çoxvariantlılıq yaradır, deməli, belə də bir variant alınmır. Yəni bu halda da Şəriət bütün müsəlmanları bir kökə bağlayıb arzu olunan birliyi yarada bilmir. Bunu onun üçün vurğulayıram ki, İslam mənəviyyatında və görüşlərində BİR-lik paradiqması başlıca amildir. «İslam» sözünün hikməti bu birliklə açılır: Bir olan Allaha hamı itaət edəndə BİR-lik alınır. Bundan da təriqət çoxluğuna pis münasibət qaynaqlanır. Əş-Şəhristani təriqətlərin yaranmasının kökünə İblisin Allahın buyruğuna şübhəsini, quşqusunu qoyaraq sonrakı İslam haçalanmalarını İblis şübhəsindən çıxarmışdı. Beləcə, şübhə İslamı (Allaha itaəti) parçalayan zəhər sayılırdı.

Şübhəyə başqa-başqa yanaşmalar

Fikir verirsiniz? Yeni Çağda fransız filosofu Descartes-ın(Dekart) yüngül əli ilə Quşqu (şübhə) yüksək mənəvi dəyərə çevrildi. Bilgə, yəni Müdrik insan eləcə də bilik adamı hər nəsnəni, hər düşüncəni quşqu altına salmağı bacarandır. Şübhələnməsən, başqa cür düşünməyə, başqa yolu tapmağa gərək duymazsan. Deməli, yeniliyə də gərək duymazsan.

Bax, çağdaş İslamçı ölkələrdə, eləcə də təməlçi İslam ideolojisində Şəriət ideyasına bağlılığın arqumenti şübhə ixtilasını yaxın buraxmayan BİR-likdir. Elə birlik ki, hamını Bir olan Allaha itaət bağları ilə bağlayır.

İdeya yaxşı ideyadır, ancaq bir çatışmazlığı var: adətən, icma balaca olanda və zamanın dəyişdirici etgisinə hələ düşməyəndə birliyi saxlamaq asan olur. İnsan sayı və tarix artdıqca isə birlik dürlü dəyişmələrə uğrayır. Məsələn, sanki Allahın birliyinə bağlanmaq icmaya vəhdət qarantını verir. Ancaq zaman keçir, kimlərinsə İslam düşüncəsində Allahın birliyi, Birə itaət etmək ideyası nəinki pirləri, peyğəmbərin qəbrini və başqa qutsallıqları danmaqla sonuclanır (sələfilərdə). Bu baxış mütəzilit fəlsəfəsində Qurani-Kərimin yüksək statusunu da dağıdır. O arqumentlə ki Quran əbədi olsa, Allahın «yanında durar», deməli, Allahın şəriki olar.

Toplumda Şəriətlə birliyin yaradılmasının mümkünsüzlüyü

Beləcə, işdə biz nəyi görürük? Onu görürük ki, İslamda birlik əldə olunmur ki olunmur. Hətta əş-Şəhristani boynuna almalı olmuşdu ki, müsəlmanların 73 təriqəti var.

Belə bir durumda Şəriəti Anayasa ranqına qaldırıb bununla ölkədə BİR-lik yaratmaq iddiası yanılma və ya əlçatmaz istək kimi görünür.

Şəriətə başqa arqumentlər

Bəlkə Şəriətə danılmaz hüquqi sərvət kimi baxılmasının özülündə o durur ki, məhz Şəriət ədalətli topluma, ədalətli hüquqa qarant olur? Səudiyyə Ərəbistanı, taliban Əfqanıstanı, İran bu ümidlərin yanlışını göstərdi. Ona görə də Misirdə Anayasa üçün Şəriətin əsas elan edilməsinin arxasında hansısa müsəlman ölkəsinin uğurları durmur ki, heç olmasa bu, arqument olsun.

Şəriətin İslam orijinallığını götürüb bununla öz köklərimizə bağlılığa ümid etmək düz olmaz. Birincisi, Şəriət hüquq fəlsəfəsinin formalaşmasında Bizans, İran, yəhudi etgiləri çoxdur. Deməli, Şəriətdə İslamdışı rişələr az deyil. İkincisi, Britaniya hüququ göstərir ki, milli-dini özəlliyi dünyəvi (sekulyar) sütunlarla da saxlamaq olar. Üçüncüsü isə «milli-dini özəlliyi saxlamalıyıq» deyimini nə qədər ürəyimizə yatsa da aksioma kimi qəbul etmək olmaz.

Bu düşüncəmi örnəklərin dilində göstərim. Şəriətə görə donuz ətini yemək yasaqdır (Qurandan gələn qadağa, hərçənd orada istisnaya ayaq yeri qoyulub). Mədəniyyətdə elə durumlar yaranır ki, fərqlərin dərinləşməsi və çoxaldılması konstruktiv iş yapır. Məsələn, «bizlər/yadlar» qarşıdurumunda ayrılmalar (fərqlər) qarşıdurmanı şiddətləndirir. Ermənilərlə gerçək müharibə başlasa, savaş ideolojisinə düşmənçiliyi artıran arqumentlər gərəkəcək. Bu zaman donuzun bütün murdarlığı şişirdiləcək ki, donuz ətini yeyən ermənilərə ikrah artsın. Savaşdan sonra barışıq aşaması, mərhələsi gələndə isə, təbii, «bizlər/yadlar» qarşıdurmasını şiddətləndirən faktlar ya vurğulanmayacaq, ya da unutqanlığa buraxılacaq. Tutalım, donuz yeməyin «iyrənrcliyi» söhbəti aradan yığışdırılacaq. Əgər irağ-irağ, elm tapsa ki, donuz əti xərçəngdən sağaldır, müsəlman dinçi alimləri güman ki, Qurani-Kərimdə onun ətini yeməyi mümkün edən istisnanın açımına girişəcəklər. Bir sözlə, savaş ideolojisinin, deməli, düşmənçilik fərqlərinin yerinə barış ideolojisi, deməli, eyniyyət axtarışları gələcək.

Şəriətə sərhədlər

Şəriətlə ilgili semantikaları səpələyəndən sonra, onun siyasi və hüquqi bayrağa çevrilməsinin əsas qorxusunu açım. Siyasi hakimiyyət və hüquqi sistem həmişə toplumda əvvəl-axır hiddət, qəzəb doğurur. Misirdə Mursi hakimiyyəti nə qədər yaxşı işləsələr də nələrdəsə narazılıq yaradanda ona yönəlik qəzəb həm də Şəriətə yönəlik ola bilər. Daha geniş götürsək, heç bir hakimiyyətin, heç bir hüquq sisteminin ölkədə böhran yaratması istisna deyil. Deməli, təkcə özlərinə yox, arxalarında duran İslama və ya Şəriətə də qəzəb yaratmaları istisna deyil. İran uyqar insanların, sənətdə, fəlsəfədə, iqtisadi axtarışlarda azadlığı sevən adamların gözündən Şəriəti xeyli salıb. O qədər salıb ki, Türkiyədə Ak Parti nə qədər yaxşı işləsə də üstündə həmişə «Şəriət gətirəcəklər» qorxusu qalır. Ona görə də uyqar müsəlmanların İslam sevgisinə baxmayaraq Şəriətdən çıxarılmış Anayasaya mənfi baxması havadan deyil.

Ancaq mənim bu dediklərim Quran ayələrinin, Şəriət ideyalarının məhkəmə çəkişmələrində vəkillər tərəfindən güclü arqumentlər kimi işlədilməsini aradan götürmür. Bundan çıxan deyim: Misir kimi ölkələrdə andlılar məhkəməsində jürini inandırmaq üçün İslam dəyərlərindən, İslam diskurslarından yetərincə istifadə oluna bilər. Beləcə, hüquqda milli-dini özəlliklər və dəyərlər üçün geniş meydan açılar və bu da az deyil.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG