Keçid linkləri

-

Bu icmal Britaniya qəzetlərinin 1990-cı ilin ilk üç ayında yazdıqları əsasında keçən il tərtib edilib:


1994-cü ilin payızında Londonun indi xatırlamadığım ziyafət salonlarından birində Azərbaycanla bağlı indi xatırlamadığım bir tədbir keçirilirdi.

Bu tədbirə Britaniya hökumətinin o vaxtkı yüksək vəzifəli şəxsləri də qatılmışdılar.

Məni isə bu rəsmilərin arasında biri maraqlandırırdı.

Xarici işlər naziri Douglas Hurd. Onunla söhbət etmək imkanı yarandı. Ayaqüstü, beş on dəqiqəlik.

Lakin BBC üçün hazırlanmış müsahibənin suallarından birinə cavab efirə getmədi.

LONDON NİYƏ SUSURDU

Mən ser Douglas-dan 1990-cı ilin yanvarında Bakıda törədilmiş qətliyama rəsmi Londonun biganə qalmasının səbəbi barədə sual verdim.

O dedi ki, o zaman vəziyyət son dərəcə mürəkkəb idi. Sovet İttifaqında və Şərqi Avropada hadisələr sürətlə inkişaf edirdi.

“Əlbəttə, biz Azərbaycandakı prosesləri də izləyirdik. Orada baş verənlərdən xəbərimiz vardı, - Hurd deyirdi, - Amma tək bizim yox, bütün Qərbin mövqeyi belə idi ki, Azərbaycan SSRİ-nin bir hissəsidir. Bizim üçün prioritet bu idi ki, Gorbacheva vəd etdiyi islahatları həyata keçirmək üçün vaxt vermək lazımdır”.

Əlbəttə, rəsmi London hər şeyi bilirdi. Lakin Bakıdan detalların alınması o qədər də asan deyildi. Xarici jurnalistlər Bakıya gizli yollarla gəlmişdilər.

Azərbaycanın öz mediası isə şokda idi.

BAKI 5 GÜN SUSDURULMUŞDU

“Kommunist” qəzetinin əlavəsi olan “Səhər” qəzeti Bakı kommendantından zorla alınmış icazə ilə yanvarın yalnız 25-də işıq üzü gördü.

Televiziya və radio sıradan çıxarılmışdı. Qərblə Azərbaycanın təması isə yalnız AzadlıqRadiosunun ölkəyə qısa dalğalarda qırıq-qırıq yetişən səsi idi.

Mənim arxivimdə olan qəzet materiallarından görürəm ki, Bakı hadisələri barədə Britaniya mətbuatının ilk məlumatlarından biri yanvarın 29-da “The Times” qəzetində çıxıb.

Qəzetin müxbiri xəbərinə belə bir sərlövhə qoymuşdu: “Bakı üzərinə hücum Moskvanı çaşqınlığa salıb”.

Qəzetin Moskva müxbiri Mary Dejevsky yazırdı: “10 gün əvvəl Moskvanın Azərbaycandakı hərbi əməliyyatı sovet liderlərini çaşqınlığa salıb və sovet sisteminin təməl sütunları silkələnməkdədir”.

SHEVARDNADZE DÜZ DEYİRDİ, YOXSA YAZOV?

“Bakıya hücumun məqsədləri barədə Xarici İşlər və Müdafiə nazirlikləri arasında açıq fikir ayrılığı vardır” – yazırdı qəzet.

Sovet qoşunları Bakıda
Sovet qoşunları Bakıda
“The Times” qeyd edirdi ki, əməliyyat üçün təcili çağırılmış rezervistlər Transqafqazda qulluq etmək istəmirdilər və Moskvadan, həmçinin ölkənin başqa yerlərindən Bakıya hücum və indi isə qoşunların çıxarılması üçün əmrin kim tərəfindən verildiyini soruşan səslər ucalırdı.

Eyni xəbərə görə, Bakı ilə bir vaxtda Şərqi Sibirdəki Transbaykal regionunda da ruslar və yerli xalqlar arasındakı münasibətlərdə gərginlik artmış və fövqəladə vəziyyət elan edilmişdi.

Bununla yanaşı, minədək islahatpərəst kommunist partiya daxilində demokratik fraksiya yaratdıqlarını elan edirdilər.

“The Times” yazırdı ki, Sovet xarici işlər naziri Eduard Shevardnadze Hindistan xarici işlər nazirinin müavini S.K. Singh-lə danışıqlar vaxtı iki dəfə bəyan edib ki, Sovet qoşunları Azərbaycana milli hərəkatı boğmaq üçün yox, orada zorakılıqlara son qoymaq üçün göndərilib.

“Qoşun, xaricdəki bəzi dairələrin iddialarının əksinə olaraq, azad fikirliyin əzilməsi ilə bağlı hər hansı siyasi məqsədin icrası üçün yox, qan tökülməsinin dayandırılması, sülhün və asayişin bərpası və iki respublikanın (Azərbaycan və Ermənistan) xalqlarının öz gələcəklərini demokratik yolla qurmalarına imkan verilməsi üçün göndərilib” , - Eduard Shevardnadze demişdi.

Qəzetin yazdığına görə SSRİ müdafiə naziri Dmitri Yazov Bakıda jurnalistlərə bunun tam əksini bəyan etmişdi.

O demişdi ki, qoşunlar Bakıya hakimiyyəti zəbt etmək ərəfəsində olan Xalq Cəbhəsini əzmək üçün gətirilib.
Məlumatda həmçinin Azərbaycanın Moskvadakı missiyasına silahlı basqından və cəbhə liderlərinidən birinin orada həbs edilməsindən söhbət gedirdi.

Bu onu təsdiq edirdi ki, - yazırdı müxbir, - məqsəd milli hərəkatın yatırılmasıdır, hərçənd Daxili İşlər Nazirliyi bəyan etmişdi ki, cəbhənin “sağlam qüvvələri” ilə danışıqlar mümkündür.

RUSLAR “OĞULLARININ” AZƏRBAYCANDAN QAYTARILMASINI İSTƏYİRLƏR

Bu isə “Financial Times” qəzetinin eyni gündə, yəni yanvarın 29-da dərc etdiyi məqalənin sərlövhəsidir.

Financial Times
Financial Times
Qəzetin müxbiri John Parker yazırdı ki, Rusiya millətçiləri Mikhail Gorbachov-u Bakının hərbi işğalına görə tənqid atəşinə tutur, Rusiya övladlarının vətənə qayıtmasını tələb edirdilər.

Qəzet, həftəsonu siyasi spektrin hər iki tərəfindən olan rus millətçilərinin Transqafqazdakı hərbi əməliyyatlara etiraz edən mitinqindən yazırdı:

“Çarpərəst, anti-semit “Pamyat” təşkilatı qoşunların dərhal çıxarılmasına çağırır”.
“Financial Times” yazırdı ki, “Pamyat”ın lideri Dmitri Vasilev millətlərarası zorakılıqlara görə Kommunist partiyasını ittiham edir və deyir ki, “bizim müsəlman Azərilərlə heç bir düşmənçiliyimiz yoxdur, əksinə, çoxsaylı müsəlman dostlarımız var”.

Əsasən keçmiş hərbi qulluqçulardan ibarət başqa bir islahatçı qrup olan “Şit” təşkilatı əməliyyatı tənqid edir və Sovet qoşunlarından etnik münaqişələr zamanı istifadəni düzgün saymadıqlarını bildirirlər.

ƏMRİ KİM VERİB?

“Financial Times” o vaxtın Rusiya qəzetlərini də izləyirdi:

“Raboçaya Tribuna” qəzeti “Əmri kim verib” sərlövhəli məqaləsində yazır ki, mədən şəhəri Şaxtıda fəhlələr səfərbərliyin dayandırılmasını tələb edirlər.

“Gənc ailələri olan ataları Qafqaza göndərmək barədə əmri kim vermişdir?” – “Raboçaya Tribuna” yazırdı.

“Komsomolskaya Pravda” isə bildirir ki, Krasnodarda çağırış vərəqələri Müdafiə Nazirliyindən verilmiş təlimata zidd olaraq göndərilib.

“Financial Times” yazırdı ki, Azərbaycana göndərilmiş qoşunların ilk dalğası əsasən ruslardan ibarət idi və Stavropol, Rostov və Krasnodarda keçirilən nümayişlərdə rezervistlərin geri çağırılması tələb olunur.

Məqalədə deyilir ki, rezervistlər sonradan nizami qoşun hissələri ilə əvəz ediliblər.

HƏYAT “NORMALLAŞIR”

Azadlıq Meydanında mitinq
Azadlıq Meydanında mitinq
Azərbaycandakı hərbçilər bildirirlər ki, həyat normallaşır, nəqliyyat və televiziyanın işi bərpa edilib, ərzaq dükanları açılıb.

“Həftəsonu (yanvarın 26-27-si) Sovet televiziyası qoşunların Azərbaycanda qalmasını və qanunçuluğu qorumasını istəyən sakinləri göstərib” – yazırdı John Parker.

O həmçinin bildirirdi ki, qoşunlar başqa şəhərlərə də yeridilib, Lənkəranda Xalq Cəbhəsinin nəzarətində olan hakimiyyət geri alınıb, 5 nəfər həlak olub və 54 nəfər həbs edilib.

Xalq Cəbhəsi qəzetə bildirmişdi ki, Naxçıvana 4 minlik əsgəri qüvvə yeridilib.

“Dağlıq Qarabağın özündə isə, erməni milli hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin döyüşçüləri, iki tərəf arasında sülh razılaşması əldə edildikdən sonra cəbhə xəttini tərk ediblər”, - “Financial Times” yazırdı.

XALQ CƏBHƏLƏRİ SÜLHYARADICI QÜVVƏ KİMİ

Bu isə 1990-cı il yanvarın 30-da, yenə də, “The Times” qəzetində, yenə də Mary Dejevsky-yə aid başlıqdır.

Müxbir yazırdı ki, Sovet İttifaqındakı xalq cəbhələri federal səviyyədə əsil siyasi qüvvəyə çevrilir.
“Beləki, dünən (yanvarın 29-u) Azərbaycan və Ermənistan Latviyada sülh danışıqlarına başlamağa razılıq veriblər”.

Bununla belə, yazırdı Dejevsky Azərbaycan Xalq Cəbhəsinin Kremllə Bakıya hücum məsələsini müzakirə etmək təklifi açıq qalır.

Müxbirin yazdığına görə, bu arada Sovet rəhbərliyində də fikir ayrılığı davam edirdi.
Xarici işlər naziri Eduard Shevardnadze növbəti brifinqində Bakıya qoşunların yalnız asayişi bərpa etmək üçün göndərildiyini təkrarlayır, General Yazov isə Cənubi Qafqazda vəziyyətin gərgin olaraq qaldığını və “qeyri-formal” qrupların müqavimət göstərdiyini bəyan edirdi.

Bununla belə, “Financial Times” qəzetinin müxbiri yazırdı ki, Yazov tonunu xeyli aşağı salıb və o, qoşunların əhalini iş yerlərinə qaytarmaqla məşğul olduğunu inkar edir.
Qəzetin məlumatına görə, Yazov onun başlıca vəzifəsinin “qan tökülməsinin qarşısını almaq üçün bütün silahların müsadirəsi” olduğunu bildirmişdi.

“Azərbaycan-Ermənistan danışıqları bu cümə axşamı Baltikyanı xalq cəbhələrinin liderlərindən ibarət Baltika Şurasının egidası altında keçirilməlidir”, - “Financial Times” yazırdı.

Qəzet bildirirdi ki, danışıqlarda həmçinin hər iki respublikadan qaçqın düşmüş 200 min insanın taleyi müzakirə ediləcək.

“Latviya Xalq Cəbhəsinin sədri cənab Janis Jurkans bildirib ki, Baltika Şurası bu danışıqlarda iki Transqafqaz ölkəsi arasında vasitəçi rolunu oynayacaq və bu iki ölkə öz xalq cəbhələrinin sədrləri ilə təmsil ediləcək”, - yazırdı Mary Dejevsky.

Qəzet həmçinin xəbər verirdi ki, Azərbaycan Xalq Cəbhəsinin bir çox üzvləri həbs edilsə də və ya gizli fəaliyyətə keçsə də, sədr hələ də azadlıqdadır”.

Xanım Dejevsky həmçinin qeyd edirdi ki, Moskva beş respublikanın siyasi təşəbbüsü bu cür ələ almasından narahatdır.

GENERAL DUBİNİAK

O qeyd edirdi ki, Azərbaycanın özündə dünən (yanvarın 29-u) sakitlik olduğu bildirilsə də, Bakı kommendantının əhaliyə “təxribatlara uymamaq, hər cür millətçi çıxışları dəf etmək və şaiyə və panikanın yayılmasının qarşısını almaq “ çağırışlı müraciəti yayılmışdı.

“Financial Times” yazırdı ki, bununla belə, Bakıda ümumi tətilin davam etdirilməsinə yeni çağırışlar olub.

Dağlıq Qarabağın özündə isə hərbi hakimiyyət orqanları və Azərbaycan rəsmiləri şəxsiyyət sənədlərinin yoxlanmasına başlayıblar.

Qəzet yazırdı ki, bundan məqsəd bölgədə qeydiyyatı olmayanların aşkarlanıb deportasiya edilməsi və gizlədilmiş silahların aşkarlanmasıdır.

“Ermənistan paytaxtı Yerevanda iqtisadi gərginlik bir qədər səngisə də, ərzaq və yanacaq gətirən qatarların çoxu Azərbaycan tərəfindən blokada edilib”, - qəzet yazırdı.
Bu məqalədə, həmçinin Boris Yeltsinin siyasi ambisiyalarının yüksəlməsindən söz açılır və bildirilir ki, o, Rusiya Federasiyası Ali Sovetinin sədri seçilmək üçün kampaniyaya başlayıb, hərçənd seçkilər martın 4-də keçiriləcək.

QOŞUNLAR BAKIDAN ÇIXARILACAQ

1990-cı il fevralın 2-də “The İndependent” qəzeti AFP-nin müxbiri Francis Curta-nın reportajını dərc etmişdi.

Həmin reportaj “Sovetlər qoşunların Bakıdan tam şəkildə çıxarılmasına işarə verdilər” adlanırdı.

Xəbərdə deyilirdi ki, Bakı kommendantı general-leytenant Vladimir Dubiniak gərginlik azalmaqda davam edərsə, qadağan saatının qısaldılacağını vəd edir və ümid etdiyini bildirirdi ki, şəhərdə yerləşdirilmiş 17 minlik əsgəri qüvvə bu ayın ortalarınadək tamamilə çıxarılacaq.

AFP bildirirdi ki, general-leytenant Dubiniak bu bəyanatı yerli Mərkəzi Komitə ilə birlikdə keçirdiyi mətbuat konfransında verib.

“Həmin konfransda Afrant Chatamirov (söhbət Əfrand Daşdəmirovdan gedir – Z.R) bəyan edib ki, indi ölkə əhalisinin böyük əksəriyyəti Azərbaycan Xalq Cəbhəsini dəstəkləyir” – xəbərdə deyilirdi.

Agentlik MK nümayəndəsinə istinadən bildirirdi ki, Bakıda, Lənkəranda, Cəlilabadda və başqa yerlərdə hakimiyyət orqanları ləğv edilmişdir.

General Dubiniak həmin mətbuat konfransında bildirmişdi ki, dünən (fevralın 1-də) şəhər istehsalının 20 faizini iflic etmiş ümumi tətilin dayandırlımasına dair cəbhə liderləri ilə danışıqlar aparıb.

1990-cı il fevralın 5-də isə “The Times” qəzeti artıq geniş redaksiya materialı ilə çıxış edir.

Məqalə “Leninizmin sökülməsi” adlanırdı.
LENİNİZM BAKIDA ÇÖKÜRDÜ

Maraqlıdır ki, bu məqalədə söhbət əsasən, Azərbaycan hadisələrinin Sovet İttifaqı Kommunist Partiyası və onun lideri Mikhail Gorbachov-un Şərqi Avropa siyasətini nə dərəcədə təsirləndirdiyindən gedir.

Məqalədə deyilir ki, bu gün (fevaralın 5-də) keçiriləcək Sov.İKP plenumunda partiyanın hakimiyyət monopoliyası məsələsi müzakirə ediləcək.

Qəzet yazır ki, Kremldə əyləşdiyi beş ildə Gorbachov Stalindən bu yana heç bir sovet liderinin malik olmadığı hakimiyyətə yiyələnib və Khrushchev-in heç vaxt qazana bilmədiyi Qərb dəstəyini qazanıb.

Məqalədə deyilir ki, Gorbachov-un Azərbaycanda başlatdığı hərbi əməliyyat onun hakimiyyəti üçün kuliminasiya nöqtəsinə çevrilib.

“The Times” qəzetinin baş məqaləsində deyilir ki, Azərbaycan hadisələri Ligachev kimi radikal siyasi büro üzvlərinə baş katibə meydan oxumaq imkanı verə bilər.
Onlar Mikhail Sergeyevich-i Mərkəzi Avropada kommunizmin çöküşü üstündə ittiham edə bilərlər.

Mikhail Gorbachev
Mikhail Gorbachev
“Almaniyanın birləşməsi perspektivində Ligachev fraksiyası iddia edə bilər ki, - yazır qəzet, - Gorbachov Avropa vassallarının saxlanması üçün daha çox iş görməli idi. Lakin partiyanın islahatçı qanadı cavab verə bilər ki, Honeckerlər onsuz da məhkumdurlar və Causescu-nun zorakı sonluğu cənab Gorbachov-un dinc dəyişikliyə dəstəyinin çox praktik yol olduğunu göstərir”.

GORBACHOV AZƏRBAYCANA GÖRƏ CARTER OLA BİLMƏDİ

Məqalədə deyilir ki, bununla belə, cənab Gorbachov-un öz dişlərini Azərbaycanda sınaması onu Sovet siyasətinin Jimmy Carter-i olmaq imkanından məhrum edib.
“The Times” qəzetinin baş məqaləsində deyilir ki, Gorbachov kommunist partiyasını qoruyub saxlamaq üçün Marksizm və Leninizm arasında seçim etməlidir, lakin belə görünür o, indi tamamilə xəritəsiz bir əraziyə daxil olub.

1990-cı il fevralın 10-da “The İndependent” qəzetinin müxbiri Steve Crawshaw öz məqaləsinə “Bakıda hələ də üsyan qaynayır” başlığı verib.

“Çiçəklərdən hörülmüş divarlar yüz metrlərlə uzanıb gedir. İndi artıq Şəhidlər Xiyabanı kimi tanınan təzə qəbirlərin cərgəsi üzərinə yüz minlərlə qırmızı qərənfil düzülüb. Sovet tanklarının Bakıya daxil olmasından üç həftə keçir. Lakin Azərbaycanın paytaxtında o gecə baş vermiş qətliyamın yarası hələ də qan verir.” – müxbir yazır.

Məqalədə deyilir ki, qoşunlar hələ də şəhərdədir, lakin sanki yeni bir üsyan partlayışının qoxusu hiss olunur.

Müəllif yazır ki, Sovet ordusu Bakıya bir qədər əvvəl və daha az qəddarlıqla daxil olsaydı, indi Erməni poqromu kimi tanınan 60 ölüm hadisəsi olmazdı.

Azərbaycanlılar isə iddia edirlər ki, erməni talanlarını SSRİ-nin təhlükəsizlik orqanları təşkil ediblər.

“Müəyyən normallıq bərpa olunub. Dükanlar açıqdır və Bakı kommendantının dediyinə görə şəhər fabriklərinin 50 faizində işçilər tətili dayandırıblar. Lakin bu əmin-amanlığın qiyməti çox bahadır. Bir vaxtlar qüdrətli olan Xalq Cəbhəsi qərargahlarını müvəqqəti olaraq bağlayıb”, - müxbir yazır.

O qeyd edir ki, Moskva üçün ən rüsvayçı fakt hərbi müdaxilənin həm də Azərbaycanın Ali Soveti tərəfindən pislənməsi olub.

MACARISTANDAN GÜNƏŞLİ AZƏRBAYCANA?

“The Times” qəzetinin həmin gün dərc olunan başqa bir məqaləsində isə deyilir ki, Azərbaycan hadisələrindən sonra Moskva üçün Şərqi Avropadan çıxarılan qoşunları milli respublikalarda yerləşdirmək müşkül olacaq.

Və nəhayət “The Times” qəzetində 1990-cı il, martın 13-də dərc olunmuş bir xəbər.

Qəzetin müxbiri Ernest Beck Macarıstandan göndərdiyi bu xəbərə konkret sərlövhə verib: “Qoşunların çıxarılması davam edir”.

Müxbir yazır ki, “ilıq bahar günündə” Sovet ordusunun Macarıstandakı 50 minlik hərbi qüvvəsinin çıxarılmasına başlanıb.

Macar-Sovet dostluğu komitəsinin üzvləri orkestrin sədaları altında çıxıb gedən əsgərlərə çiçək, xatirə nişanları və piroq paylayırlar.

Xəbərdə deyilir ki, bu arada Macarıstanın Gənc Demokratlar Liqasının fəalları bir kənarda sakitcə durublar.

Onların əllərindəki plakatda isə belə yazılıb: “Buranı gəldiyiniz qədər də tez tərk edin. Günəşli Azərbaycan sizi gözləyir!”

İndi yəqin ki, yavaş-yavaş ağsaqqalaşan həmin gənc macar demokratları onda ağıllarına da gətirmirdilər ki, bu qoşunlara günəşli Azərbaycanı görmək bir daha nəsib olmayacaq.

EPİLOQ YERİNƏ

15 ildən artıqdır ki, topladığım qəzet materialları əsasında bu icmalı hazırlayarakən, daha geniş təhlili məqalələrdən istifadə etməməyi qərara aldım.

Çünki bu təhlillərin heç birində Sovet İttifaqının dağılacağına dair bir proqnoz da yoxdur.
Başqa bir heyrətləndirici cəhət budur ki, icmalı verilən qəzetlərdə Bakı hadisələrinə Qərb və Britaniya rəsmilərinin mövqeyini əks etdirən bir cümlə də yer almayıb.

Görünür, Douglas Hurd bu mənada mənimlə söhbətində tam “səmimi” imiş.

Yeri gəlmişkən, cənab Hurd sonralar bosniyalılara yardım göstərilməsi barədə Bill Clintonun təşəbbüsünə qarşı ən qızğın müqavimətçi olub.

Görünür, Gorbachov-a sonu bəlli olmayan islahatlarını həyata keçirmək üçün heç də təkcə Azərbaycanda şans verilməyib.

Bu mənada icmalın sonunda hər halda daha bir Britaniya qəzetinin – “The İndepent”in 1990-cı ildə Bakı hadisələri ilə əlaqədar dərc etdiyi məqaləyə toxunmaq istərdim.

Məqalədə deyilir ki, həmin vaxt (1990) 1939-cu illərə aid açıqlanmış diplomatik sənədlər toplusu çapdan çıxıbmış.

Lakin qəzet yazır ki, sənədlərə diqqətlə baxdıqda, orada 1970-ci ildə üzərindən məxfilik götürülmüş sənədlərdən birini tapa bilmirsən.

N 5736/G arxiv nömrəli 10 səhifəlik bu sənəddə SSRİ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrində Stalin rejiminə qarşı üsyanların mümkünlüyü təhlil edilirmiş.

“The İndependnt” yazır ki, həmin sənədin yerində topluda “N 5736/G ictimai tanışlıq üçün açıq deyildir” dərkanarı görünür. Əlavə edilir ki, sözü gedən sənəd 2015-ci ildə açıqlana bilər.

Britaniya qanunlarına görə 1990-cı ilə aid məxfi sənədlər ən tezi 2020-ci ildə açıqlanacaq.

Əlbəttə, daha bir dərkənar qoyulmasa…

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG