Keçid linkləri

-

Ötən həftə hər evdən bir zərrəcik apardı – M. A. Birand vəfat etdi. Burada qəsdən onun titullarını yazmıram. Onsuz da hamı onu gözəl kommentator və şərhçi kimi tanıyırdı. Onun energetik çıxışlarını hər gün eşidirdik, çalışdığı telekanalı az qala bu ölkənin də doğma kanalına çevirmişdi. Bu günlər ərzində gözəl sözlər, hətta pafoslu çıxışlar çox oldu, onların sayını bir az da artırmağa elə bir lüzum yoxdur, elə xüsusi şərhsiz də çox şey aydındır. Sadəcə, bu ölüm həm də bir jurnalistika dərsi oldu. Növbəti dəfə böyük jurnalistikanın nə demək olduğunu gördük. Bir daha ölkələr arasındakı fərqi hiss etdik. Ömrümdə iki dəfə jurnalist olduğumdan qürur duymuşam. Birinci dəfə bu, E. Hüseynov qətlə yetirilərkən olmuşdu. O elə vaxt idi ki, məndə hətta jurnalistikaya qarşı bir ikrah hissi yaranmışdı. Elmar təzədən onu gözümdə yüksəltdi. İkinci dəfə qürur hissini isə M. A. Birand vəfat edərkən duydum. Üstəlik, bu sənətin yaşadığımız ölkədəki qüsurlarını bir daha başa düşüb dərk etdim və özümə ilk sualım da elə bu oldu ki, nədən bizdə M. A. Birandlar yetişmir? Bu sual sizə adi görünməsin. Təbii ki, hamının ona ilk cavabı bu olacaq ki, Türkiyə neçə illərin dövlətidir, amma Azərbaycan vur-tut 20 ildir ki, müstəqildir! Amma əsl səbəb budurmu? Güman etmirəm. Ölkələr müxtəlif olsa da televiziyaların və mətbuatın yaşı təxminən eynidir. Deməli, səbəb haradasa başqa bir mətləbdədir.

TƏLƏBƏLƏRİN PEŞƏSİ

Azərbaycanda jurnalistika tələbələrin peşəsinə çevrilib, lap ofisiant peşəsi kimi. Tələbələr restoranda cib xərcliyi qazanmaq üçün çalışdığı kimi, elə ölkə jurnalistikasını da «yola verirlər». Bu ruh xüsusən telejurnalistikada daha çox qabarıqdır. Jurnalistin efir ömrü bir ildən artıq çəkmir. İl ərzində onu tele-ulduza çevirirlər, sonra da qapıları göstərirlər, ya da arxa plana ötürürlər. Amma Birandın neçə yaşı vardı? Mən bir detala da diqqət yetirdim. Birand kimlərdən müsahibə götürməmişdi? Bu isimlər arasında elə adamlar var ki, hər bir jurnalist onlarla söz kəsməyi özünə böyük bir şərəf bilərdi. Özü də söhbət siyasi jurnalistikadan gedir. O jurnalistikadan ki, hər bir adam müxtəlif səbəblərdən onu kiçiltməyi, çəkisini azaltmağı özünə bir borc bilir. Amma dərindən düşünəndə siyasi jurnalistika bəlkə də bütün istiqamətlər arasında ən vacibi və maraqlısıdır. Elə ölkələr arasında olan fərqlər də az şey demir. İ. Əliyevin hakimiyyət dövrü artıq on ilə çatır. Bu müddət ərzində o, bircə dəfə belə olsun ölkə jurnalistlərinə müsahibə verməyib. Birandın dəfn mərasiminə isə Türkiyə prezidentinin özü qatılmışdı.

HAKİMİYYƏTİN JURNALİSTİKA ANLAMI

Azərbaycanda irili-xırdalı bütün məmurların bir sözü var: jurnalistlərin peşəkarlığı aşağı səviyyədədir. Adam hər dəfə belə «bəyanat»ları eşidəndə, az qala qışqırmaq istəyir ki, siz heç jurnalistikaya peşə kimi baxırsınızmı? Hakim partiyanın deputatlarından birinin jurnalistika ilə bağlı sevimli açıqlaması var: «bunlar uğursuz adamlardır, başqa sahələrdə özlərini reallaşdıra bilməyiblər, gəliblər jurnalistikaya». Amma mən çox jurnalist tanıyıram ki, Azərbaycan parlamentinin deputatı olmaqdansa, elə Birand kimi jurnalist olmaq istərdi! Bəli, bu bir neçə gündə biz çox böyük dərs keçdik. Amma inanmıram ki, hakimiyyət dairələrinin payına bu dərsdən nəsə düşmüş olsun. Ən ağrılı cəhət odur ki, ölkədə aşağılanan, gözdən və diqqətdən salınan təkcə jurnalistika deyil. Əgər bir ölkədə Oskar mükafatı da əhəmiyyətli bir şey sayılmırsa başqa nədənsə danışmağa dəyərmi? Hər hansı bir yazıçı, alim, ümumiyyətlə, ziyalı bir tənqidi fikir səsləndirirsə, dərhal məlum olur ki, o, «heç kim»dir, hətta ziyalı da deyil.

Elə özümüz də bu münasibəti sındırmaq, onu aşağılamaq üçün çox şey etmirik. Etiraf edək ki, hamımız olmasa da, böyük bir hissəmiz bəlli bir ümidlə yaşayırıq; arzu edirik ki, ölkədə vəziyyət yaxşılığa doğru dəyişsin, biz də jurnalistikanın daşını atıb gedib yaxşı bir vəzifədə çalışaq, məmurluq edək! İllər keçdikcə bu cür düşünən jurnalistlərin sayı artır və günah heç onlarda da deyil, mövcud siyasi sistemdədir. Əgər bir sistemdə ən böyük nüfuz və hörmət sahibi hansısa korrupsioner məmurdursa və necə, hansı yolla qazanılmasından asılı olmayaraq sərvət hər şey deməkdirsə, insanları öz kasıb və riskli peşələrindən soyuduqlarına görə qınamağa dəyərmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG