Keçid linkləri

Təcili xəbərlər

Strasser-in şərəfli məğlubiyyəti


Anar Məmmədli
Anar Məmmədli
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son sessiyasında Almaniya parlamentinin üzvü Christoph Strasser-in Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatı ətrafında müzakirələri təəssüflə izlədik. Hesabat 125 deputatın bu sənədə qarşı səs verməsi ilə rədd edildi. Bununla da 60-dan artıq siyasi məhbus ailəsinin timsalında ölkə ictimaiyyətinin Avropa Şurasından gözləntisinə sarsıdıcı zərbə vuruldu.

Təəssüf ki, Azərbaycan hökuməti özünün kürü və neft diplomatiyasına söykənərək, son 3 ildə Strasser-in məruzəçi kimi mandatını icra etməsinə məhdudiyyətlər yaratmış, onun Azərbaycana səfərini əngəlləmiş və hesabata qarşı AŞPA-da çoxmillətli deputat bloku formalaşdırmışdı. Beləliklə, 2009-cu ildə Azərbaycan hakimiyyətinin başladığı çoxpərdəli antihumanizm tamaşası dünən (red: yanvarın 23-ü) insan hüquqlarının məğlubiyyəti ilə bitdi.

Biz indi əminliklə deyə bilərik ki, AŞPA-dakı 125 nəfərlik «Azərbaycanda Siyasi Diskriminasiyanın Dostları» qrupu bu sənədin əleyhinə səs verməklə korrupsiya, saxta seçkilər və minlərlə insanın iradəsinə zidd formalaşan Azərbaycan parlamenti ilə həmrəylik nümayiş etdirib. Bu oxşarlıq təkcə 125 rəqəmində, yəni Azərbaycan parlamentində deputat yerlərinin sayca 125 olmasında deyil, bu, eyni sayda AŞPA üzvünün Strasser-in hesabatına qarşı olan azərbaycanlı həmkarları ilə ortaq dəyərləri paylaşmasındadır.

Christoph Strasser
Christoph Strasser
Strasser-in hesabatına qarşı çıxan avropalı deputatlar insan hüquqları və demokratiyaya düşmən münasibət bəsləyən azərbaycanlı həmkarlarından düşüncə etibarilə fərqlənmədilər. Bu, Avropayla imitasiyadanuzaq və təməl dəyərlər əsasında bütünləşmək istəyən postsovet ölkəsinin – Azərbaycan vətəndaşlarını üzən bir fakt oldu. Doğrudanmı bizim inteqrasiya etmək istədiyimiz Avropa məkanında milli idarəçiliyimizdə hakim olan korrupsioner əxlaqın havadarları bu qədər güclüdür? Bu sual yəqin ki, uzun müddət Avropada gerçək demokratları düşündürəcək.

Mənim yerli və beynəlxalq həmkarlarım Strasser-in hesabatının AŞPA-da dəstək qazanması naminə son 2 il boyunca durmadan çalışdılar və çoxmillətli parlament üzvlərindən kömək umdular. Ancaq heç şübhəsiz ki, bu prosesdə daha çox fədakarlıq edən Strasser başda olmaqla, AŞPA-nın bir qrup deputatı oldu. Onların səylərini yüksək qiymətləndirməklə, etiraf etməliyik ki, çalışmalarımız siyasi məhbusların azad edilməsi naminə vacib sənəd olan hesabatın qəbuluna yetmədi; bizim humanist dəyərlərimiz, iqtidarın bəzi AŞPA üzvlərinə Azərbaycanda pulsuz istirahət etmək dəvətləri qarşısında aciz qaldı.

Nə etməli? Səylərimizi dayandırmalımı? Məncə davam etməliyik! Başqa alternativimiz yoxdur. Nə qədər ki, Azərbaycan həbsxanalarında 60-dan artıq şəxs siyasi motivlərlə əsassız və ədalətsiz qaydada cəza çəkməkdədir, mübarizəmiz başa çatmayıb – bunu ötücü məğlubiyyət saymalıyıq. Ancaq razılaşaq ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidovun qeyd etdiyi kimi, bu hadisə iqtidarın qələbəsidir. Cənab Səmədova da aydındır ki, Strasser və onun müdafiəçilərinin məğlubiyyəti iqtidarın qələbəsindən daha ləyaqətli və şərəfli şəkildə baş verdi.

Nəhayət, bu hadisə bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti beynəlxalq tənqidə həssas olduğu qədər, öz havadarlarının sayını durmadan artırmaqdadır. Şübhəsiz ki, bu il keçiriləcək prezident seçkisi belə havadarlara Avropa Şurası və ATƏT-in Parlament Assambleyalarında çoxsaylı tənqidlərin önlənməsinə, beynəlxalq seçki müşahidə missiyalarına kürü «həvəskarları»nın peyvənd edilməsinə əlavə motivasiya verəcək. Bu cür təhlükələrin qarşısını almaq və AŞPA-da dünən yaşananların yenidən təkrarlanmaması üçün vətəndaş cəmiyyəti təşkilatları, siyasi partiyalar və mütərəqqi ictimaiyyət aşağıdakı çalışmaları aparmalıdır:

Pedro Agramunt və Joseph Debono Grech
Pedro Agramunt və Joseph Debono Grech
1) Son sessiyada tərəfsizliyini iqtidarın maraqlarına qurban verən AŞPA məruzəçiləri Pedro AgramuntJoseph Debono Grekh-in mandatlarına xitam verilməsi yönündə ictimai etimadsızlıq kampaniyasına başlamaq;

2) 2010-cu il parlament seçkilərində AŞPA-nın beynəlxalq müşahidə missiyasına rəhbərlik edən şəxslərin bir daha Azərbaycanda keçiriləcək seçkilərə cəlb olunmaması yönündə ictimai müraciətlər hazırlamaq;

3) 2010-cu il parlament seçkilərində ATƏT-in Parlament Assambleyasının beynəlxalq müşahidə missiyasına rəhbərlik edərək, subyektiv bəyanatlar verməsi və Fövqəladə Hallar Nazirliyinin xidməti helikopterindən yararlanan avstriyalı deputat Volfgang Grossruk-la bağlı etimadsızlıq kampaniyasını davam etdirmək (Qeyd edim ki, bugünlərdə Grossruk ATƏT-in Parlament Assambleyasına prezident təyin edilib. Onun bir daha Azərbaycanda keçiriləcək seçkilərə cəlb olunmaması ehtimalı bu yöndə ictimai müraciətlərin hazırlanmasını aktuallaşdırır);

4) AŞPA-nın son sessiyasında Strasser-in hesabatının əleyhinə səs vermiş bəzi deputatların yaşadığı ölkələrin QHT-lərinə, siyasi partiya və mediasına müraciətlər göndərərək, onları ictimai qınaq kampaniyasına çağırmaq,
Strasser-in hesabatına dəstək naminə beynəlxalq əməkdaşlıq şəbəkəsinin yaranmasına təşəbbüs etmək və bu prosesdə həmin hesabatda adı çəkilən şəxslərin ailələri ilə beynəlxalq hüquq müdafiə təşkilatlarının əlaqələrinin qurulmasına dəstək vermək.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG