Keçid linkləri

Təcili xəbərlər

Uçur göylərə bizim peykimiz…


Arxiv foto: Şimali Koreya
Arxiv foto: Şimali Koreya
-

Bəli, sabah, bir gündən sonra Azərbaycanın ilk rabitə peyki orbitə çıxarılacaq. Prinsipcə, istisna deyil ki, hansısa texniki problem yaransın və peykin kosmosa qaldırılması bir neçə gün yubansın. Amma bu, sırf texniki məsələdir, birmənalı şəkildə demək olar ki, fevral ayı Azərbaycan üçün kosmik fəzanın açılması ayı olacaq. Sizi bilmirəm, burada yadıma böyük Sabirin «Əcnəbi seyrə balonlarla çıxır…» rədifli şeiri düşür. Artıq böyük Sabirin ruhu rahat ola bilər: bizimkilər nəinki avtomobil minir (özü də ən bahalısından!), hətta göylərin də seyrinə çıxır… Amma sən demə avtomobil minmək, göylərin seyrinə çıxmaq hələ heç nə demək deyilmiş, böyük Sabir bunu bilmədi. O haqlı olaraq düşünürdü ki, texniki tərəqqi təkcə adamların məişətini dəyişməyəcək, onların şüurunu da durulaşdıracaq, aydınlaşdıracaq. Amma budur, dünən xəbər aldıq ki, ölkənin iki gənc siyasət adamı həbs edilib. Cəmi bir-iki həftə bundan əvvəl böyük mübahisələr gedirdi ki, ölkədə siyasi məhbus var, ya yox? Budur, sizə daha iki siyasi məhbus… Bir neçə dəfə yazmışam ki, ölkədə gedən texniki quruculuğu inkar etmək fikrində deyilik. Amma bu ölkədə bir əsas «tikinti» yarımçıq qalıb: bu da azad vətəndaş cəmiyyəti quruculuğudur. İllər gəlib keçir, hər il nəsə yeni bir adla adlandırılır. Məsələn, bu il informasiya texnologiyaları ili adlandırıldı. Amma heç kimin ağına gəlmir ki, bir ili də demokratiya, azad cəmiyyət ili adlandırsın. Axı bu il həm də prezident seçkisi ilidir…

MODERNLƏŞƏN ÖLKƏ

Özünü bu hakimiyyətin ideoloqları hesab edənlər ölkə üçün uzun müddət «milli ideya» axtardılar, axırda da modernləşmənin üzərində dayandılar. Bu, çox maraqlı detaldır. Demokratiyaya alternativ axtarmaq bəzi ölkələrin şakərinə çevrilib. Yadıma gəlir, V. Putin politoloq G. Pavlovsky (Q. Pavlovski) ilə əməkdaşlıq edərkən tez-tez belə abstrakt ideyalarla çıxış edirdi, məsələn, demokratik dövlət əvəzinə effektiv dövlət deyirdi, demokratiya əvəzinə suveren demokratiya ifadəsini işlədirdi. Suveren demokratiya xüsusilə maraqlı idi. Bu, elə demokratiyanı nəzərdə tuturdu ki, ora başqa heç kim müdaxilə edə bilməsin, hesabatlarda hallanmasın, dövlətin, necə deyərlər, məxsusi daxili məsələsi olsun. Azərbaycanda da təbii ki, demokratiyanı və yaxud azad vətəndaş cəmiyyətini milli ideya elan edə bilməzdilər. Amma dünyanı başına götürən texniki tərəqqidən də vaz keçə bilməzdilər. Ona görə də modernləşmənin üzərində dayandılar. Mənası da bu idi ki, texniki tərəqqini götürək, amma özümüz bildiyimiz kimi idarə edək, öz bildiyimiz kimi bölək, paylaşdıraq… Ona görə də təəccüblənməyə dəyməz ki, bu ölkə öz məzmununda çoxdan parçalanmış Koreyanı birləşdirib: Şimali Koreyadan idarəçiliyi, cənubdan isə texniki innovasiyaları götürüb. Ola bilsin, burada da lap elə Şimali Koreyada olduğu kimi ilk milli peykin buraxılmasına ürəkdən sevinməyənləri cəzalandıracaqlar. Əbəs yerə demirlər ki, «radikal müxalifət» ölkədəki inkişafı qısqanır, onu görməməyə çalışır.

TƏRƏDDÜDLƏR, SUALLAR…

Deyirlər ki, peyk bizim telekommunikasiya imkanlarımızı artıracaq. Amma məni bir məsələ düşündürür. Ölkədə cəmi bir neçə telekanal var. Lap tutaq ki, onların sayı on dəfə artdı, oldu yüz dənə. Bununla nəsə dəyişəcəkmi? Bir anlığa təsəvvür edin ki, indiki kanalların hərəsindən on dənə oldu! Bu, bizim üzüntülü, darıxdırıcı həyatımıza bir təzəlik, bir nəfəs gətirəcəkmi? Başqa bir məqam da var. Sovetlər vaxtında mərkəzi kanalda bir veriliş vardı, adı da «Kənd saatı» idi. Bir satirik yazar o vaxt demişdi ki, biz niyə kapitalist dünyasını məhv etmək üçün müxtəlif silahlar yaradırıq, ondansa gəlin həmin verilişi onların ölkəsinə yayaq – hamısı darıxmaqdan qırılacaq…

İndi mən düşünürəm ki, bizim kanalları peyklə yaymağa dəyərmi? Onların bir qismi artıq, səhv etmirəmsə, peyklə yayılır və xaricdəki azərbaycanlıları da rahat yaşamağa qoymur… Nə isə. Tərəddüdlər, suallar çoxdur. Amma, necə deyərlər, artıq qərar qəbul olunub. Qalır onun icrasını gözləmək. «Gözləmək» dedim, yenə də yadıma həbsdəki insanlar düşdü. Onlar da ilk milli peykin buraxılmasını gözləyəcəklər, amma məhbəsdə…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG