Keçid linkləri

Təcili xəbərlər

Dünya elektron demokratiyadan danışarkən…


Arxiv foto
Arxiv foto
-

Texniki tərəqqi böyük göstəricidir, amma o, hələ hər şey demək deyil. Texniki baxımdan irəlidə olan ölkə olub insanları həbsə atmaq, kitablardan tonqal qalamaq, müxalifət partiyalarını toplaşmağa qoymamaq da olur. Dünyaya elə-belə, təsadüfən qəliz demirlər, onu qəliz edən ölkələr var. Belə ölkələrin birində də biz yaşayırıq. Ölkə artıq ikinci həftədir ki, bir romanla yaşayır. Bu roman haqda bu vaxta qədər yazdığım bir-iki cümlədən artıq bir şey yazmayacam. Amma kitab tonqallarına biganə qalmaq da olmur. Ölkə bir anın içində iki sınaq qarşısında dayandı. Birincisi, növbəti ittihamlara cavab vermək, ikincisi isə dözümlük göstərmək sınağı idi. Amma hər iki məsələdə başlanğıc uğurlu olmadı. Hakimiyyət hiss edirdi ki, cəmiyyətlə onun arasında bir çat yaranıb və bu çat Quba, İsmayıllı hadisələri, video qalmaqalı ilə, həbslərlə gündən-günə böyüyürdü. Ona görə də milli təəssübkeşlik hissindən yararlanaraq bu çatı kiçiltməyə cəhd etdilər. Amma nəticədə dünya ilə ölkə arasındakı çat böyüdü. Fransada soyqırımı tanımamağa görə cinayət məsuliyyəti nəzərdə tutan qanun Azərbaycanda hansı etirazı doğurmuşdusa kitabların yandırılması da həmin etirazı doğurmalıdır. Düzdür, bu ölkədə məlum romana görə kimisə məsuliyyətə cəlb etmədilər. Amma kitabların yandırılması baş ucalığı gətirən çıxış yolu deyil, etirazı ifadə etmək üçün bundan dinc və mütərəqqi yollar var. Kitab yandırmaq inkvizisiya dövrünü xatırladır. Bu hadisənin fonunda bəlkə də gələcək üçün çox vacib olan bir qaydanı qəbul etmək yerinə düşərdi: nə yazmasından asılı olmayaraq heç bir müəllifi fikirlərinə görə məsuliyyətə cəlb etmək olmaz. Azərbaycanın praktikasında iki belə hadisə xatırlayıram: bir dəfə dinlə bağlı yazısına görə yazıçı, bir dəfə də Qarabağla bağlı müsahibəsinə görə jurnalist məsuliyyət cəlb olunmuşdu. Bəlkə də bu qalmaqallı romanın müəllifini onun yaşı və yaxud da tituluna hörmət məsuliyyətdən qorudu. Amma yaxşı haldır ki, ölkə belə son tədbirə əl atmadı. İnsanlara qınaq etməyi, öz etirazını bildirməyi yasaq etmək olmaz, necə ki, həmin qalmaqallı romanın müəllifi öz dırnaqarası etirazını bu yolla ifadə etdi. İndi o sakitcə insanların münasibətini seyr etməlidir. Bu münasibətdə xoşa gəlməyən çalarlar ola bilər, amma bir şeydən qaçmaq lazımdır: zor və bir də kitabları yandırmaq olmaz. Siyasiləşmiş dünyada bir çox hallarda səbəbə yox, nəticəyə baxırlar. İndi də gözlər Azərbaycana dikilib. Bu gün müşahidə olunan etirazlar öz əksini beynəlxalq hesabatlarda tapacaq. Ona görə də bir az əvvəldə yazdıq ki, bu, həm də dözümlülük sınağıdır…

HƏR HALDA YER FIRLANIR…

Nə yazmasından asılı olmayaraq yazıçı nəyisə yazır və onu oxucularının mühakiməsinə verir. Bundan sonra o, sərbəstdir. Artıq onun haqqında deyil, onun yazdığı haqda danışmaq, fikir yürütmək lazımdır. Yazıçını fikrindən daşınmağa təhrik etmək yenə də mənə inkvizisiya dövrünü xatırladır. Burada yadıma G. Galilei-in (Q. Qaliley) məhkəməsi düşür. Onu fikirlərindən daşınmağa vadar etmək istəyirdilər. Alim bunu qəbul etsə də sonda ayağa qalxıb, «Hər halda Yer fırlanır» - demişdi. Mənim indi qalmaqallı romanın müəllifini böyük fiziklə müqayisə etmək fikrim yoxdur, çünki o, səhv etməyə bilərdi, çünki onun bəhs etdiyi hadisələr Yerə daha yaxındır. Amma presedent presedentdir. Kilsə üstündən yüz illər keçəndən sonra bir daha həmin məşhur məhkəməyə qayıtdı və Galilei-ə, səhv etmirəmsə, bəraət qazandırdı. Yazıçıya münasibətdə biz də ifrata varmayaq, unutmayaq ki, nə yazmasından asılı olmayaraq bu adam sadəcə yazı yazıb, başqa bir şey etməyib, bizi daşa basmayıb, ayağımızı tapdamayıb. Yazıya yazı ilə cavab vermək, dinc etiraz etmək normal haldır, hətta ictimai müzakirə də keçirmək bir o qədər də səhv addım deyil. Amma kitab tonqallarına bəraət qazandırmaq çox çətindir.

KİÇİK SÖZARDI

Bu yazını elektron demokratiya haqqında yazmaq istəyirdim. Bəli, peyk məsələsi mənim də xəyallarımı bir az göylərə qaldırmışdı. Amma baxıb gördüm ki, hələ tezdir. Demokratiyanın hələ sadəsindən başlamaq lazımdır. Nə olsun ki, günümüzün yarısı kompüter arxasında keçir?! Nə olsun ki, peyki olan 19 ölkədən biriyik?! Çox təəssüf ki, bu, bizə kitablardan tonqal qalamağa mane olmur…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG