Keçid linkləri

Təcili xəbərlər

Bir sevgi nağılı


Arxiv foto: Stavropolda «Sevgililər günü» qeyd olunur
Arxiv foto: Stavropolda «Sevgililər günü» qeyd olunur
-

Hadisələr də su kimidir. Su daşların arasından keçib durulaşdığı kimi hadisələr də illərin, qərinələrin süzgəcindən keçib saflaşır, durulur. Bəlkə də son günlərin ağırlığından və yaxud da bekarçılıqdan (adam narahat olanda əli ciddi işə də yatmır) «Sevgililər günü» ərəfəsində onun tarixi ilə maraqlanmağa çalışdım. Amma bu, mənə çox dolaşıq və bir az da mürəkkəb göründü. Bir az o tərəf, bu tərəfdən oxuyandan sonra qərara gəldim ki, bunu buraxım, sadəcə bu gün haqqında, bəlkə də daha çox elə sevginin özü haqqında bir yazı yazım. Bəri başdan ünvanıma səslənəcək qınağı da başa düşürəm: deyəcəklər ki, buna bax, müsəlman xristian bayramı haqqında yazır. Amma bizim din İncili də müqəddəs elan etməyibmi? Burada yadıma bir hadisə düşdü. Həmin hadisəni ona görə xatırlayıram ki, ola bilsin, o, bizim bu gün yaşadığımız mübahisəli, narahat və bir az da qalmaqallı günlərə bir yüngüllük gətirdi. Qərəz, Ç. Aytmatovun «Cəllad kötüyü» romanının jurnal variantı çapdan çıxanda Moskvada tələbə idim. «Əsər birmənalı qarşılanmadı» demək, o vaxtkı mübahisələri və müzakirələri bir az yumşaltmaq olardı, hamı, xristianlar, da müsəlmanlar da Aytmatovu qınayırdı. Xristianlar deyirdi ki, sən bir müsəlmana bax, sənin xristianlıqdan nə başın çıxır ki, bu mövzuda yazırsan?! Müsəlmanlar isə böyük yazıçıdan daha çox incik idilər, çünki o, öz qəhrəmanını xaça doğru aparırdı… Beləcə, hamı əsəri oxuyur və hamı da az qala ədəbi tənqidçi funksiyasını öz üzərinə götürmək istəyirdi. Amma bir ortaq fikir vardı: Aytmatov dəyərli əsər yazmışdı, əgər əsər bu qədər mübahisə doğurmuşdusa, deməli yazıçı düşündürücü bir şey yazmışdı. «Qara fikirli» adamlar da az deyildi. Əsərdə bir səhnə vardı: İsa peyğəmbərin Pontiy Pilatla qarşılaşması. Həmin adamlar səhnənin M. Bulgakov-un «Master və Marqarita» əsərindən götürüldüyünü iddia edirdilər. Amma hətta mən bilirdim ki, İsa peyğəmbərin hakimlərlə qarşılaşdırılması bir neçə əsərdə olub. Məgər F. M. Dostoyevsky (F. M. Dostoyevski) «Karamazov qardaşları»nda bunu etməmişdimi? Etmişdi. Yadınıza gəlirmi «Böyük inkvizitor» səhnəsi? Qərəz, bu minvalla vaxt keçdi, Aytmatov sonra «Gün var əsrə bərabər»i yazdı və başqa əsərlər də yaratdı, sözüm bunda deyil. Məni bir sual düşündürür. Nədən İsa peyğəmbərə və bəzi xristian dəyərlərinə maraq bu qədər böyükdür? Mən bunu deməklə başqa dinləri kiçiltmək istəmirəm, əsla. Hər bir dində çox böyük hikmətlər var. Amma xristian dini öz pritçaları ilə bir çox hallarda ürəklərə daha asan yol tapır. Elə götürək « Sevgililər günü»nü. Bir əsatir formasında olan bayramdır, məlum deyil, heç müqəddəs Valentin adlı şəxs olub, ya yox? Amma hamıya maraqlı gəlir. Diqqətimi belə bir detal çəkdi ki, müqəddəs Valentin məktublarını ürək şəklindəki kağızlara yazırmış. Bəlkə elə məna və hikmət də buradadır – ürəkdədir? Axı həkimlər nə qədər desə ki, ürək hissiyyat orqanı deyil, biz insanlar hissi ürəklə bağlamağa adət etmişik…

YAXININI SEV, ONUN ÜÇÜN DUA ET

Demokratiya nəzəriyyəsi ilə ilk tanışlıq məndə bir qədər etiraz yaratmışdı, çünki bir çox müəlliflər bunun xristian dəyərləri əsasında formalaşdığını iddia edirdilər. Amma mən bilirdim ki, ilk demokratiya xristianlığa qədərki Afinada olub. Ona görə də bu tezisi qəbul etmək istəmirdim. Amma yaşadıqca, yaşa dolduqca qənaətimə inamım bir az sarsıldı və mən demokratiyada konfessial çalarlar axtaran müəlliflərə daha diqqətli olmağa başladım. Düzdür, indi də hesab edirəm ki, demokratiya universal bir dəyərdir, onu, bütün dinlərin və təriqətlərin adamları sevə və qəbul edə bilər. Buna bir an belə şübhə etsəm mənim üçün hətta həyatın mənası azalar. Amma təəssüf ki, öz həyatımızda əsl sevgini, dözümlülüyü görmürəm: hakimiyyət cəmiyyəti, cəmiyyət hakimiyyəti, fərd toplumu, toplum fərdi sevmir. Bəzən hətta «dözüm» sözü də xoşuma gəlmir, əndişələndirir. Nədir dözmək? Özünü birtəhər ələ alıb səbirli olmaq, nəyəsə səbirlə yanaşmaq, lap bizim dildə deyildiyi kimi: səbrini basmaq… Amma sevgi başqa şeydir. Sevgidə başa düşmək, anlamaq eşqi var, o, ürəyi saflaşdırır, durulaşdırır, adamı yüksək hiss və duyğulara kökləyir. Ona görə də adam «Dözümlü ol!» yox, «Öz yaxınını sev!» demək istəyir. Axı İncil də demir ki, yaxınına dözümlü ol, deyir ki, yaxınını sev və ən əsası, onun üçün dua et…

SEVİN Kİ, SEVİLƏSİNİZ…

Bəli, hikmət də bundadır. Sevilmək istəyirsənsə əzaba qatlaş, sev! Əgər sevə bilmirsənsə onda başaqlarından da umma, küsmə, çünki sevə bilməyənin ürəyi başqasının da sevgisini anlamaq, qəbul etmək, duymaq gücündə olmur, sevgisiz ürək nəhayətsiz boşluqdur, ora hər qara şey yol tapa bilir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG